Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 06:54

Sultan Mərzili. Yeni şeirlər



BU DÜNYA

Bu dünya, bu dünya, bu dünya,
Necə də gülməlidi.
Amma gülüşləri
Gözyaşları qarışıq,
Təmizlərin paklığı
Murdarlığa bulaşıq.
Hər şey
Qarğa yuvasıtək
Alaşıq-dolaşıq.

Bu dünya, bu dünya, bu dünya,
Necə də gülməlidi.
Şahlığı atdığın ata yurduna
Nökər kimi dönmək üçün,
Cavan oğlun
Can verib ölməlidi.

Bu dünya, bu dünya...
Gülənə ağlamalı,
Ağlayana gülməlidi,
Öləni yaşamalı,
Yaşayanı ölməlidi.


İLHAMLI ŞEİR

Bügün səndən
Aldığım ilhamla
ən gözəl şeirimi yazdım,
saçlarının
qaranlığında itdim,
Gözlərinin
Alasında azdım.
Qələmlə vərəq üstə
Dərin bir quyu qazdım,
Qızılı külçə-külçə,
Xəzəli əlçə-əlçə
Neft-qaz dolu
Xəzinə çıxdı.
Sağ əlim başına,
Sol əlim döşünə,
Dayan, tərpənmə,
Dolanım başına,
Dövlətim, məmləkətim,
Sevgilim,
Qurban olum şahlıq
quşuna.


BALIQLAR və QAĞAYILAR

Balıqlar susur,
Qağayılar gülüşür,
Protokollar üstünə
Qol çəkilir, zıl düşür.
Neftçilər əlləşir,
Borular dombalır,
Fəhlə qollarının damarlarıtək,
Dolam-dolam yol gedir,
Zaman sivişir,
Kəmərlər açılır,
Şalvarlar düşür,
Ermənilər irişir...


LAZIM KİŞİ

Gözlərimiz yolda nə vaxtan bəri,
Hardasan, tez ol gəl, a Lazım kişi!
Gətir o qeyrətli Qisas dəmini,
Sənə dastan qoşum, və yazım: Kişi!


QIRMIZI

Yanaqların al qırmızı,
Dodaqların ləl qırmızı.
Göy çəməndə lalə kimi,
Geyinərsən gül qızrmızı.

Bayrağımı tərs tutursan,
Sinən açıq, unudursan,
Ermənidən nə umursan,
Baxır gülür el qırmızı.

Başın batar, ucalar da,
Gülər uşaq, qocalar da,
Unutduğun Xocalıda,
Qanlar axıb – sel qırmızı!


ŞEYTANIN İŞLƏRİ

Bəzən görürsən ki, qadın
10-15 sm-lik
ağlı çatmayan kişidi.

Kişi –
Yaylığını itirmiş,
Bığı çıxmış dişidi.

Bunlar hamısı
Allahdan xəbərsiz olur,
Şeytanın işidi.


AĞRI

Qtarlar dayanıb, gəmilər batıb,
Uçaqlar qırılıb, pilotlar yatıb,
Kainat sıxılıb nöqtəyə çatıb,
Yarıb bu yolları gələ bilmirəm.

Ötməyir bir an da, zaman dayanıb,
Qalıb ürəyimdə güman dayanıb.
Ağrı dağındayam, tufan dayanıb,
Yoxsa dayanmayıb,
hələ bilmirəm?!
XS
SM
MD
LG