Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:17

Daxili orqanında narkotik daşıyan «kamikadze»lər


Yadigar Sadıqov
Azərbaycanın cənub bölgəsində İrandan daxili orqanlarında narkotik daşıyan «kamikadze»lərin sayı artıb. Artıq narkotikləri daxili orqanlar vasitəsilə daşıyanlara şəxsi söhbətlərdə «kamikadze»lər deyilir (Kamikadzelər 2-ci Dünya müharibəsi zamanı torpaqlarının müdafiəsi zamanı bilərəkdən ölümə gedən yapon təyyarəçilərinə verilən addır - MM).

Lənkəranda fəaliyyət göstərən Sosial Araşdırmalar Mərkəzin rəhbəri Yadigar Sadıqov deyir ki, narkotiklərin daxili orqanları vasitəsilə daşımaq Azərbaycan vətəndaşının mentalitetinə uyğun gəlmir:

NARKOMAN «KAMİKADZE»LƏR KİMLƏRDİR?

«Sovet dövründə Nigeriya vətəndaşları bu ölkəyə gələrkən daxili orqanlar vasitəsilə narkotik gətirirdilər. Son zamanlar Azərbaycanda da belə hallara rast gəlinir. Ən təhlükəli yoldur. Buna risk edib gedənlər əhalinin sosial cəhətdən müdafiəsiz təbəqəsindən olurlar».

Mütəxəssislərin dediyinə görə, daxili orqanlar vasitəsilə narkotik daşıyanların çox az hissəsi gömrükdə ilişirlər. Sabiq gömrük xidməti kapitanı Elman Hüseynov hesab edir ki, narkoman «kamikadze»lər sifarişlə hərəkət edirlər. Yükü gətirib haqlarını alırlar:

«İTLƏR HİSS ETMİR...»

Rafiq Qasımov
«Gömrüyün zəif nəzarəti hesabına bunlar artıb. Orqanlar vasitəsilə gətirilən narkotikləri xüsusi öyrədilmiş itlər hiss etmir. İnsanların səhhəti üçün çox zərərli bir şeydir».

Lənkəran rayonlararası Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Zona Mərkəzinin rəisi Rafiq Qasımov daxili orqanlar vasitəsi ilə narkotiklərin daşınması faktını inkar etmir. Onun deməsinə görə, indi bu, adi hala çevrilib:

İNSAN MƏDƏSİNDƏ 2 KİLOQRAMDAN ÇOX NARKOTİK GƏTİRƏ BİLİR...

«Polietilenə büküb ağızdan maye qəbul edərək mədəyə, düz bağırsağa ötürülür. Bu sırada qadınların da sayı artıb. Qadınlarda cinsiyyət yoluna yeridilir. Bəzən polietilenə bükülmüş narkotik açılır və insan ölür. İnsan mədəsində 2 kiloqramdan çox narkotik gətirə bilir».

Astara gömrükxanasında ilişən «kamikadze»ləri yoxlamaq üçün adətən rayon xəstəxanasına gətirirlər. Xəstəxananın həkimi Etibar Cəlilov deyir ki, Astara gömrüyünün xahişi ilə əvvəllər ildə 2-3 nəfər yoxlanılır və daxili orqanlarda narkotik aşkarlanırdı. İndi isə ayda 2-3 dəfə onlara müraciət olunur:

«NARKOTİKİ AŞKARLAYIB TƏHVİL VERİRİK»

Astara gömrükxanası
«Belə hallar ayda 2-3 dəfə baş verir. Sellofana bükülmüş narkotiki aşkarlayıb təhvil veririk».

Astara polis şöbəsində isə bizə bildirdilər ki, daxili orqanlarda narkotik gətirənləri adətən gömrük orqanları araşdırır. Bununla belə, Astara polisi qeyd edir ki, bu ilin 6 ayında 55 kiloqram narkotik dövriyyədən çıxarıblar.

Astara gömrükxanasında isə suallarımızı cavabsız qoydular. Onlar bildirdilər ki, bu məsələyə aid məlumatlarla Gömrük Komitəsinin saytında tanış ola bilərik. Komitənin saytında təkcə 9 avqust tarixində 3 belə hadisə barəsində məlumat verilib. Həmin məlumatlarda bildirilir ki, İran İslam Respublikasından qayıdan Lənkəran sakini daxili orqanlar vasitəsilə 4 ədəd, ümumi çəkisi 8 qramdan çox olan heroin və tiryək çıxartmaq istəyib.

«KAMİKADZE»LƏRİN ÖLÜMÜ...

Başqa bir məlumatda isə İran İslam Respublikasının bir vətəndaşının daxili orqanlar vasitəsilə Azərbaycana 1 kiloqramdan çox narkotik maddə keçirməyə cəhd etməsindən bəhs olunur. Mədə və bağırsağında olan 126 bükülü narkotik maddədən biri açıldığından həmin şəxs vəfat edib.

«AZADLIQ BÖLGƏLƏRDƏ» RUBRİKASINDA NÖVBƏTİ GÜNLƏRDƏ OXUYA BİLƏRSİNİZ

Ağstafa: Məşğulluq Mərkəzinin elanları ilə iş tapmaq olurmu ?

Şəmkir: Arxeoloji qazıntılarda hansı qədim tapıntılar aşkarlandı ?

Naxçıvan: Muxtar respublikada futbol niyə yoxdur?
XS
SM
MD
LG