Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:13

Kəramət Böyükçöl. Mən demişkən…


Kəramət Böyükçöl

Mən demişkən…

(esse)

Bax, bunu mən deyirəm: Dünya dərdinin, insan qəminin adı Vaqif Bayatlı Odərdir. Vaqifdən danışanda yadıma şeir düşür. Şeir demişkən...
Şeir için ağrısıdır.

Bu gözəlim həyatda nə varsa mütləq onun o biri üzü də var. Bəlkə elə şeir nəyisə bu üzündən o üzünə çevirməkdi.

Ağacı quş üzünə çevirmək, adamı it üzünə çevirmək, yağışı qadın üzünə çevirmək, küləyi kişi üzünə çevirməkdi şeir, poeziya, ədəbiyyat...

Mənə elə gəlir ki, şeir adamı adama köçürməkdi. Adamı adama, quşu adama, adamı quşa, adamı küləyə, qadını yağışa, adamı divara toxundurmaqdı şeir. Nəyinsə mənasını dəyişməkdi, məsələn, uzaqlığın, tozun, kəndin, şəhərin ağacın, yağışın, küləyin, adamın mənasını dəyişməkdi şeir...

Nəyəsə ad qoymaqdı: əşyalara, səslərə, rənglərə... və ya nəyinsə adın dəyişməkdi: suyun, işığın, yarpağın... Şeir yazmaq həmişə ilhamla bağlı olmur. Şair gərək ilhamı çağıra bilə... Şeirlə məşğul ola bilə gərək şair!

Bax, bunu da mən deyirəm: Şeir küləyin o biri üzüdür. Külək demişkən... Külək nə üçün əsir görəsən? Bəlkə adamların əynindən paltarını çıxarmaq istəyir külək, üstünü açmaq istəyir insanların?

Təkcə adamların yox, həyatın gizli, üstüörtülü, qapalı nöqtlərinin, sirlərin üstünü açmaq istəyir bəlkə külək. Götürüb atmaq istəyir bəlkə evlərin örtüklərini? Məncə, külək insanın üstünün, şeir içinin qənimidir.

Adam şairliyindən dəli də ola bilir. Ədəbiyyatımızda şairliyindən dəli olmuş şairlərimiz, şübhəsiz ki, var.

Bu dəlilik o dəlilikdən deyil, şairlikdi bu. Elə burdaca başqa bir məqama toxunmaq yerinə düşər, məncə. Şairin içindəki yazmaq ehtirası ilə yaza bildikləri üst-üstə düşməyəndə əsəbiləşir. Əsəb demişkən...

Bax, bunu da mən deyirəm: Şeir yazmaq əsəbdi. (əsəbiləşmək yox).

Hərdən adam dayanmaq istəyir, ikiəlli yapışıb böyük bir ağacdan, elə gənc qalmaq istəyir.

Baxırsan ki, səni içindən çəkib aparan ipi saxlamağa heç 500 yaşlı ağacın da gücü çatmır. Ağlayırsan, ağlayırsan, ağlaya-ağlaya doğulub, elə ağlaya-ağlaya da ölürsən. Ağlamaq demişkən...

Bax, bunu da mən deyirəm: Ağlamaq istedaddı. Bu həm də o deməkdir ki, hamı istedadlı doğulur. Hamı demişkən...

Yadıma Qədir düşdü, Rüstəmov Qədir. Bir dəfə televizora baxırdım. Qədir haqqında veriliş gedirdi. Qədir oxuyurdu, aman oxuyurdu, özü də yaman oxuyurdu. Birdən aparıcı sual verdi ona:

- Qədir müəllim, müğənnilərdən kim yaxşı oxuyur?

Yəni muxbir demək istəyirdi ki, kimdən xoşunuz gəlir. Qədir dedi, vallah hamı yaxşı oxuyur. Bu söz Qədirin istedadı idi, sevgisi idi. Sevgi demişkən...
Sevmək də istedaddı.

Yadıma Leyli düşdü, Füzulinin Leylisi... Leyli Məcnundan ötürü ağlamaq istəyir, bilmir nə bəhanə eləsin, ağlasa atası səbəbini soruşacaq axı. Əlacsız qalıb paltar tikəndə barmağına iynə batırır.

Hamı onu kiritməyə çalışır, elə bilirlər, barmağı ağrıyır. O ki var ağlayır o gecə Məcnundan ötrü Leyli. Gör nə gözəl istedadı var Leylinin. Sevgi hissini bu qədər dərindən duymaq istedaddı.

Görürəm ki, uzatsam, çox ağrım yada düşəcək, üzə çıxacaq... Yaxşısı budur ki, içimdən kəsim bu yazının ipini. İp demişkən...

Yadıma dar ağacı düşdü - Vaqif Bayatlı Odərin dar ağacı...
XS
SM
MD
LG