Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 03:47

Hacıkənddə köçkünlər qəzalı evlərə sığınıblar...


Saleh Nəbiyev
Saleh Nəbiyev
Hacıkəndin «Dostluq» qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı şəraitsiz, darısqal evləri indi həm də uçub dağılmış məkan kimi təsvir etmək olar. Bu qəsəbədə qəzalı vəziyyətdə olan evlər az deyil.

Ağdamdan köçkün düşmüş 78 yaşlı Saleh Nəbiyev əvvəllər memar işləyib. Tarixi abidələri bərpa edən bu şəxs hazırda qəsəbədəki uçqun binanın 2 otağına sığınıb:

«ADIM «QIRMIZI KİTAB»A DÜŞÜB»

«Bura 1994-cü ildən gəlmişəm. Mən tarixi abidələri bərpa edənəm, bərpaçıyam. İbrahim xanın, Pənah xanın, Sarıcalı xanın, Mehdiqulu xanın, Natəvanın türbəsi Ağdamdadır. Onları mən bərpa etmişəm. Adım «Qırmızı kitab»a düşüb. Yaşadığım ev uçub dağılır. Yağanda sel evi götürür, az qalıram ağlayam».

«Dostluq» qəsəbəsinin sakinləri deyirlər ki, son illər yağan yağışların gətirdiyi sel suları da evlərə ciddi ziyan vurub. Demələrinə görə, təbii fəlakətdən sonra onlara heç bir yardım göstərilməyib:

«UNUMUZU SEL APARDI, NEÇƏ GÜN AC QALDIQ»

«Bura tikiş fabrikinin uşaq bağçası olub. Elə Xocalıdan çıxandan burada məskunlaşmışıq. Yoldaşım müharibə veteranıdır. Özüm Qarabağ əliliyəm. Başımdan yaralanmışam, qəlpələr var başımda. 11 uşağım, 25 nəvəm var.
Ovuqlara dolmuş sular qaz, ördək üçün kiçik gölməçəyə çevrilib
Ancaq heç bir yerdən kömək yoxdur bizə. Qaz yoxdur. Çır-çırpı yandırırıq. Sel evimizi yuyub aparandan sonra gəlib yazdılar. Həyətdə buzovlarım öldü. Toyuq-cücə qırıldı. Unumuzu sel apardı, ac qaldıq neçə gün».

Qəsəbəyə girəndə dağılmış asfaltın əmələ gətirdiyi ovuqlara dolmuş sular qaz, ördək üçün kiçik gölməçəyə çevrilib.

Əksər adam dolanışıq xatirinə toyuq cücə saxlayır. Yaşamaq uğrunda mübarizə aparsalar da, yaranmış acınacaqlı vəziyyətə artıq dözmədiklərin deyirlər:

«BURDA CANLI İNSAN YAŞAYIR AXI»

«Nə dəyişiklik gedir, nə də təmir olur. Binanın arxası zibillikdir. Aynanı aça bilmirik. Kiməsə deməliyik dərdimizi. Burda canlı insan yaşayır axı. Nə qəsəbə icra nümayəndəsi, nə də bələdiyyə qeydimizə qalır. Bir az özümüz şifer tapıb üstünü düzəltdirdik. Fövqəladə Hallar Komissiyası ərzaq, bir də adyal verdi. Amma şifer vermədilər».

Hacıkənd qəsəbə icra nümayəndəsi Hümbət Hüseynov isə deyir ki, sakinlərə yardım edilib, evlərin dam örtüyü dəyişdirilib.
«Dostluq» qəsəbəsi
Bununla belə, qəsəbə icra nümayəndəsi etiraf edir ki, qəzalı vəziyyətdə olan evlər var və sakinlər yeni evlərə köçürüləcək:

«2012-Cİ İLİN ORTALARINA QƏDƏR KÖÇÜRMƏ BAŞA ÇATMALIDIR»

«Ötən il may ayında baş verən seldən bir gün sonra yataq və ərzaq yardımı edildi. O vaxtdan dağılan evlərə əlbəttə yardım edilib. 2-mərtəbəli evlərdə qalanlarda cari təmir işləri aparıldı. Şiferləri dəyişildi. O evlərin köçürülməsi ilə bağlı prezidentin sərəncamı olub. Köçkün qəsəbələrindəkilər Goranboy və Göygöl rayonu ərazilərinə köçürüləcəklər. Goranboy ərazisində tikinti gedir. 336 ailə üçün. 2012-ci ilin ortalarına qədər köçürmə başa çatmalıdır».

Hacıkəndin «Dostluq» qəsəbəsində 300-dən çox ailə yaşayır. Bu qəsəbədə nə mavi yanacaq var, nə də su xətləri. Buradakı evlərin pilləkənlərinə ayaq qoyanda əsir. Bu pilləkənlərlə hər gün uşaqlar düşüb qalxır...

«AZADLIQ BÖLGƏLƏRDƏ» RUBRİKASINDA NÖVBƏTİ GÜNLƏRDƏ OXUYA BİLƏRSİNİZ:

İnsanlar vəhşi heyvanların yeminə şərik çıxanda...

Zaqatala: Bala haram qatmayanların çətinlikləri?

Lənkəran: Kəndlərdə xüsusi nəqliyyat tarifləri...
XS
SM
MD
LG