Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:10

Liviya müharibəsinin neft mükafatı


Liviya varlı neft ölkəsidir. Ancaq nə qədər varlıdır?
Neftin indiki qiyməti ilə Liviyada 4 trilyon dollarlıq neft var.
Liviyanın neftdən illik gəliri əhali arasında bərabər bölünsə, hər adama ildə 8 min dollar pul düşər.

Kim ki, üsyançıları dəstəkləyirdi, o ölkələrin şirkətləri bu neft xəzinəsindən mükafatlandırıla bilər.
Kim ki, dəstəkləməyib, onlar əksinə, qıraqda qala bilər.

ÜSYANÇILARDAN MESAJ

Liviya üsyançılarının əlində olan Liviyanın AGOCO neft şirkətinin meneceri Abdelcəlil Mayouf Reutersə deyib ki, “İtaliya, Fransa, Britaniya şirkətləri ilə heç bir problem olmayacaq. Ancaq bizim Rusiya, Çin, Braziliya ilə bir sıra siyasi problemlərimiz var”.

Reuters yazır ki, Mayoufun dedikləri Liviya neftinin necə bölünəcəyində ilk siqnaldır. Liviya üsyançılarını müdafiə etməyən və ya Qaddafiyə qarşı sərt sanksiyalara səs verməyən Rusiya, Çin, Braziliya kimi ölkələrin neft şirkətləri yeni bölgüdə paysız qala bilərlər.

Qaddafi rejimi yıxılmamış Liviya neftinin bölgüsü başlanıb. Bu işdə İtaliyanın ENİ şirkəti öndə gedir.
Bir misal. Avqustun 22-də üsyançılar Tripolini, Qaddafinin oğullarını tutduqlarını elan edəndə, ENİ şirkətinin səhmləri birjalarda 7 faiz artdı.

Qaddafi devrilsə, Afrikanın ən böyük neft yataqlarının qapısı yeni oyunçulara açıla bilər. Belə yeni oyunçulardan biri Qətərin Milli Neft Şirkətidir.

Liviya indiki müharibədən qabaq dünyanın neft istehsalının 2 faizini verirdi. Bu isə gündə 1 milyon 600 min barrel neft deməkdir.

Liviyanın neft ehtiyatları bu gündəlik istehsalı 80 il saxlamağa imkan verir.

Ancaq Liviyanın neft rəsmisi Mayouf bir siqnal da verib. O deyib ki, neft istehsalını bərpa etməkdə Liviya xarici neft şirkətləri olmadan da keçinə bilər.

UDANLAR VƏ UDUZANLAR

“Biz Liviyanı tamamilə itirmişik” – bunu Rusiya-Liviya Biznes Şurasının Baş Direktoru Aram Şaqunts deyir.
Rusiyanın Qazprom Neft və Tatneft şirkətlərinin Liviyada qiyməti bir neçə milyard dollar olan layihələri vardı.

Çinin də itkisi milyardlarla ola bilər. Müharibədən qabaq Liviyada 75 Çin şirkəti işləyirdi. Onların 36 min işçisi vardı. Bu şirkətlər 50 layihəyə cəlb olunmuşdu.

Braziliyanın Petrobras kimi neft şirkətləri də Liviyada iş görürdü.

Rusiya, Çin, Braziliya şirkətləri Liviyadakı hadisələrin indiki gedişindəın uduzurlarsa, ən böyük qaliblər hələlik İtaliyanın ENİ, Fransanın Total neft şirkətləridir.

Qətərin Qaddafiyə qarşı sərt sanksiyaları qəti şəkildə dəstəkləməsi onun Milli Neft Şirkətinin Liviya neftindən mükafatlanacağına təminat verir.

Reuters yazır ki, danışıqlara yaxın olan Qərbin risk məsləhətçisi deyir ki, “Qətər Liviya neftində böyük oyunçu olacaq”.

Həmin məsləhətçinin sözlərinə görə, qaliblərdən biri də Britaniya-Hollandiya şirkəti Shelldir.

BP şirkəti də müharibədən qabaq Liviyada yox idi, indi isə deyir ki, Liviya neftinin istehsalına cəlb olunmağı planlaşdırır.

ABŞ ŞİRKƏTLƏRİ QARIŞMIRLAR

ABŞ şirkətləri Avropa şirkətlərindən fərqli olaraq Liviya işlərinə qətiyyən qarışmırlar.
ABŞ-ın Marathon və ConocoPhillips, Hess, Occidental şirkətlərin hamısı ilin əvvəlində Liviyanı tərk ediblər.

ConocoPhillipsdən Reutersə deyiblər ki, “bizim indiki anda Liviyaya qayıtmaq istəyimiz yoxdur. Çünki bilmirik, nə olacaq?”
“Bizim Qaddafi hökuməti və ya üsyançılarla heç bir kontaktımız yoxdur”.
ABŞ şirkətləri bildirirlər ki, əgər BMT sanksiyaları götürülsə, onda Liviyaya qayıdıb-qayıtmamağı düşünə bilərlər”.
XS
SM
MD
LG