Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:11

“Həsən və Hüseyn” filmi ərəb dünyasında qalmaqal yaratdı


Suriyalı rejissor Əbdül Bari Əbu əl-Xeyrin çəkdiyi “Həsən və Hüseyn” serialı ərəb dünyasında qalmaqal yaradıb.

Filmdə Məhəmməd peyğəmbərin nəvələri Həsən və Hüseynin də obrazı var.

Bir sıra nüfuzlu İslam ruhaniləri bunun yolverilməz olduğunu, dinin Əhli-Beyt üzvlərinin, yəni Məhəmməd peyğəmbər və onun ailə üzvlərinin obrazının yaradılmasını qadağan etdiyini bildirirlər.

Serial müsəlmanların müqəddəs saydığı Ramazan ayında eyni zamanda bir neçə ərəb ölkəsində nümayiş etdirilməyə başlanıb: Misir, İraq, Livan, Tunis, Mərakeş və Sudanda. Rolları tanınmış ərəb aktyorları oynayırlar.

Serial Məhəmməd peyğəmbərin ölümündən sonra İslam aləmində nifaq yarandığı, İslamın sünni və şiə təriqətlərinə bölündüyü, hakimiyyət uğrunda mübarizənin qızışdığı dövrdən bəhs edir.

İş o yerə çatıb ki, İslam aləminin ən nüfuzlu sünni elm ocaqlarından olan Əl-Əzhər Universitetinin üləmaları da işə qarışıblar.

Onlar indi Misirdə hakimiyyətə nəzarət edən Ali Hərbi Şuraya müarciət edərək filmin nümayişinə imkan verməməyə çağırıblar.

Şuranın göstərişi ilə filmin bir TV-də - Misirin dövlət televiziyasında nümayişi Ramazana bir gün qalmış dayandırılıb.

İraqda da parlament elektron KİV-lərin fəaliyyətini nizamlayan komissiyanı serialın “Bağdad” Televiziyası ilə nümayişini dayandırmağa çağırıb.

Təzyiqlərdən sonra televiziya serialın nümayişini qeyri-müəyyən müddətə dayandırıb.

İraqlı millət vəkilləri isə daha çox filmin sünni və şiələr arasında ziddiyyətləri dərinləşdirəcəyindən ehtiyat edirlər.

Onsuz da Səddam Hüseynin devrilməsindən sonra iki təriqətin tərəfdarları arasında münasibətlər gərgindir.

Terrorçu qruplar bu ədavəti qızışdırmaq üçün gah bu, gah da digər təriqətin tərəfdarlarının yaşadığı bölgələrdə partlayışlar törədirlər.

Təkcə sünni təriqətindən olanlar yox, bir çox şiələr də filmdən narazıdırlar.

Nüfuzlu ayətullah Əli əl-Sistani bildirib ki, filmdə “xeyli saxta məlumat və yalan” yer alıb.

Rejissoru suriyalı olsa da, filmi Küveyt şirkəti istehsal edib.

Sistani şirkəti filmi çəkərkən mötəbər mənbələrdən istifadə etməməkdə qınayıb.

Həsən və Hüseynə sünnilər də ehtiramla yanaşsalar da, şiələr onları imam sayılar.

Filmdə Həsən və Hüseynin Yezidin atası Müaviyə ilə isti münasibətləri olduğu göstərilir.

Amma Səudiyyə Ərəbistanı, Küveyt, Suriya və başqa ərəb ölkələrindən filmə xeyir-dua vermiş bir sıra nüfuzlu üləmalar da var.

Onlardan biri də Müsəlman Ailmələrinin Beynəlxalq İttifaqının rəhbəri Şeyx Yusuf əl-Qaradavidir.
XS
SM
MD
LG