Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 18:55

«Vidadi İsgəndərlinin həbsi seçki tarixinə utanc gətirən haldır»


Hafiz Həsənov
Hafiz Həsənov
«Bu həbs Azərbaycan seçki tarixinə utanc gətirən haldır. Əslində haqqı tapdanan məsuliyyətə cəlb olundu. Haqqı tapdayan isə kənarda qaldı».

Seçki məsələləri üzrə ekspert Hafiz Həsənov hüquq müdafiəçisi Vidadi İsgəndərlinin 3 il azadlıqdan məhrum edilməsini belə dəyərləndirir.

H.Həsənov hüquqları pozulan şəxsin özünün həbs edilməsini Azərbaycan üçün yeni bir presedent, təhlükəli bir tendensiya sayır:

«İnanmaq istəməzdim ki, gələcəkdə də belə bir hal tətbiq edilsin, haqqını tələb edənlərin özlərini məsuliyyətə cəlb eləsinlər».

«80-Ə YAXIN ŞİKAYƏTDƏN 65-İ TƏMİN EDİLSƏ...»

H.Həsənov əmindir ki, Avropa Məhkəməsi Azərbaycan məhkəmələrindən tam fərqli bir qərar çıxaracaq. Məlum olacaq ki, seçkiyə müdaxilədə ittiham olunaraq 3 il azadlıqdan məhrum edilən Vidadi İsgəndərli əslində özü seçkiyə müdaxiləyə qarşı çıxıb.

H.Həsənov deyir ki, Azərbaycandan Avropa Məhkəməsinə göndərilən 80-ə yaxın şikayətdən 65-i icraata götürülüb təmin edilsə, parlamentin legitimlik məsələsi ortalığa çıxa bilər.

«HAKİMİYYƏTİN BÜTÜN İSTƏKLƏRİNİ YERİNƏ YETİRDİLƏR»

Gülağa Aslanlı
Mərkəzi Seçki Komissiyasında (MSK) Müsavat Partiyasının sabiq təmsilçisi Gülağa Aslanlı ötən parlament seçkilərində saxtakarlığa görə kiminsə məsuliyyətə cəlb olunduğunu xatırlamadığını deyir:

«Mən MSK-da olduğum müddətdə bir kimsəyə «gözün üstə qaşın var» deyən olmadı. Çünki yüzdəyüz hakimiyyətin bütün istəklərini yerinə yetirdilər. Barəsində cinayət işi qaldırılan yeganə şəxs elə Vidadi İsgəndərli olub. İndi də əllərinə fürsət düşdü, onu cəzalandırdılar».

G.Aslanlı deyir ki, indiyə qədər olan seçkilərdə bəzi komissiya üzvləri cəzalandırılıb. Onların da ən böyük cəzası komissiyalardan uzaqlaşdırılmaları olub.

«NƏTİCƏLƏR LƏĞV OLUNURSA, DEMƏK QANUN POZUNTUSU VAR»

Seçki məsələləri üzrə ekspert H.Həsənov da deyir ki, sonuncu parlament seçkilərində 43 məntəqədə seçkinin nəticələri ləğv edilsə də, cəzalandırılan olmadı:

«Hər hansı məntəqədə seçkinin nəticələri ləğv olunursa, bu o deməkdir ki, həmin məntəqədə qanun pozuntusu olub. Amma rəsmən nəticələri etibarsız olan məntəqələrlə bağlı heç bir addım atılmadı, heç kim cəzalandırılmadı».

SEÇKİ İLƏ BAĞLI BÜTÜN SUALLARA BİR CAVAB

Fəzail Ağamalı
Parlament seçkilərində saxtakarlığın olması fikri ilə razılaşmayan hakimiyyətyönlü Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalının seçki ilə bağlı bütün suallara bir cavabı var:

«Bir də təkrar edirəm. Azərbaycanda seçkilər demokratik, azad, ədalətli və şəffaf keçirilib. Kim məğlubiyyətə uğrayıbsa, çox təəssüf ki, o, bu məğlubiyyətin səbəbini seçki prosesinin üzərinə yıxmağa çalışır. Bununla da qeyri-səmimi hərəkət edir».

Qaldı nəticələri ləğv edilən məntəqələrdə kimsənin cəzalandırılmamasına, F.Ağamalı deyir ki, buna görə MSK məsuliyyət daşıyır. Həmin məntəqələrdə cinayət əməli var idisə, MSK hüquq-mühafizə orqanlarına müraciət etməli idi.

MSK: «HEÇ KİM CƏZALANDIRILMAYIB»

Müsahiblərim onu da deyirlər ki, 43 məntəqədə seçkilərin nəticələri ləğv edilsə də, dairə seçki komissiyalarının ötən ilki tərkibi tam saxlanmaqla təsdiqlənib. Amma MSK-da Hüquq şöbəsinin müdiri İradə Hacıyeva deyir ki, böyük olmasa da, komissiyaların tərkibinə müəyyən dəyişikliklər edilib.

Vidadi İsgəndərli barəsində cinayət işi ötən ilki parlament seçkilərindən sonra açılmışdı. Hüquq müdafiəçisi müxalifətin 17 aprel aksiyasında saxlandıqdan sonra haqqında həmin ittihamlar üzrə həbs qətimkan tədbiri seçilib.

Avqustun 27-də isə ona seçki pozuntuları ittihamları ilə 3 il cəza kəsilib.
XS
SM
MD
LG