Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 05:56

Qara rəngli 'Tofaş'...


İsa Zeynalov
İsa Zeynalov
«ONU NAXÇIVANIN MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİNDƏ DÖYÜB ÖLDÜRÜBLƏR»

Bu dəfə Naxçıvana səfərimdə məqsəd Culfa rayon Ərəzin kənd sakini Turac Zeynalovun müəmmalı ölümünü araşdırmaq idi. Naxçıvan hava limanında fəhlə işləyən 32 yaşlı Turac Zeynalov avqustun 24-də Naxçıvan Milli Təhlükəsizlik Nazirliyinə çağırılmış, 4 gün sonra isə oradan ölüm xəbəri gəlmişdi. Turac Zeynalovun yaxınları elə həmin gün Turan İnformasiya Agentliyinə açıqlamalarında Muxtar Respublikanın Milli Təhlükəsizlik Nazirliyinə qarşı sərt ittihamlar dilə gətirmişdilər. Mərhumun qardaşı İsa Zeynalov bildirirdi ki, qardaşı MTN-in təcritxanasında öldürüldükdən sonra xəstəxanaya gətirilib:

«Səhər gəldim bura, gördüm ki, təcili tibbi yardım içəri girdi. Arada çıxdı, getdi, sonra bir də gəldi. Şübhələndim. Dörd gün əvvəl atamnan mərhumun həyat yoldaşı MTN-ə gəlmişdi. Döyülməyini, axsamağını görmüşdülər. Sonra nəfəsi kəsilə-kəsilə başına torba keçirib, yenidən içəri aparıblar. Onu Naxçıvanın Milli Təhlükəsizlik Nazirliyində döyüb öldürüblər».

«SƏNİN QARDAŞIN DÖVLƏTƏ XƏYANƏT EDİB» VİDEO

Turac Zeynalovun digər qardaşı:

«Müstəntiq mənə dedi ki, sənin qardaşın dövlətə xəyanət edib. Hətta mənə dedilər ki, kasetləri sizə göstərəcəyik. İndi gətirib göstərsinlər də. Bunların eksperti məni qane eləmir. Bakıdan ekspert gəlsin meyiti onlar yoxlasın».

TURAC ZEYNALOV HARADA ÖLÜB?

Ancaq bundan bir gün sonra isə yerli KİV-lərdə Naxçıvan Milli Təhlükəsizlik Nazirliyinə istinadən bir müraciət yayılmışdı. Həmin müraciətdə xərçəng xəstəsi olan mərhumun İran İslam Respublikasına casusluq etdiyi iddia edilirdi. İddiaya görə, Turac Zeynalova heç bir işgəncə verilməyib və o Milli Təhlükəsizlik Nazirliyinə gətirilərkən yoldaca vəfat edib.

Hələ Bakıda olarkən hər iki açıqlama ilə tanış idim. Naxçıvana çatan kimi də mərhumun doğulduğu Culfa rayonun Ərəzin kəndinə gedərək bu qarşılıqlı iddiaları araşdırmaq istəyirdim. Hava limanından Ərəzin kəndinə getmək üçün taksiyə oturarkən izləndiyimi hiss etdim və bunu asan olmayacağını başa düşdüm. Yol boyu taksi sürücüsünə mütəmadi zənglər gəlirdi. Sürücüdən harada olduğumuz, hansı istiqamətə getdiyimiz haqda soruşulurdu. Məcbur olub, taksini Ərəzin kəndinə yox, başqa istiqamətə sürdürdüm. Ərəzin kəndinə isə, növbəti gün gedə bildim.

Ərəzin kəndi
ƏRƏZİN KƏNDİ

Ərəzin kəndi dindarlığı ilə Naxçıvanın digər kəndlərindən fərqlənir. Elə, buna görədir ki, Muxtar Respublika ərazisində əzan səsi qadağan olunsa da Ərəzində bu qadağaya məhəl qoyulmur. Kənd camaatı bəzi digər məsələlərdə də yerli hakimiyyətlə razılaşmır. Sakinlərin dediyinə görə, təxminən il yarım öncə Bənəniyar kəndində baş verənlərə etiraz etdiklərinə görə, elə yerli hakimiyyətin də ərəzinlilərə qarşı xüsusi mənfi münasibəti yaranıb.

TURAC ZEYNALOVUN YAS MƏRASİMİ

Mərhumun yas mərasiminə üz tuturam. Mərasimin üçüncü günü olsa da iştirakçıların az olması diqqətimi cəlb etdi. Mərhumun qohumlarından və qıraqdan gəlmiş qonaqlardan başqa heç kim gözə dəymirdi. Bunun səbəbini soruşanda dedilər ki, yas mərasimi xüsusi adamlar vasitəsi ilə nəzarətə götürülüb. Həmin adamlar kənddə şayiə yayıblar ki, guya Turac Zeynalov həqiqətən vətən xaini olduğundan yas mərasimində iştirak edənləri sonradan cəzalandıracaqlar.

Turac Zeynalovun yas mərasimi
Turac Zeynalovun yaxınları AzadlıqRadiosundan olduğumu bilən kimi mərasimi tərk etməyimi xahiş etdilər. Onlar dedi ki, buranı tez tərk etməsəm, sonradan onlar üçün çox pis olacaq. Kənd sakinləri isə bildirdilər ki, Turac Zeynalov vəfat edən gün onun ailə üzvlərinin mətbuata açıqlama verməsi yerli hakimiyyəti qəzəbləndirib. Buna görə də onlara qəti tapşırıq verilib ki, baş vermiş ölüm hadisəsi ilə bağlı heç kimə açıqlama verməsinlər.

ƏRƏZİNDƏ XOF...

Kənd sakinləri daha sonra bildirdilər ki, bu məsələ ilə bağlı Turac Zeynalovdan başqa da həbs olunanlar var. Onlar həbsdən əvvəl bir neçə dəfə Mili Təhlükəsizlik Nazirliyində dindiriliblər. Sakinlərin deməsinə görə, nazirlikdə onlardan kəndin nüfuzlu şəxslərinin İrana işləmələri ilə bağlı izahat yazmaq tələb ediblər. Kənd sakinləri düşünür ki, bunda məqsəd Ərəzin kəndini də əzmək, onlara xəyanət damğası vurmaqdı.

Artıq, kəndin dindarları məscidə getməkdən də çəkinirlər.

«İFTARI EVDƏ AÇACAĞAM»

Mərhum özü də deyilənlərə görə inanclı şəxs olub. Həyat yoldaşı Turan İnformasiya Agentliyinə müsahibəsində demişdi ki, əri həbs edilən gün oruc olub:

Ərəzin kəndi
«Evdən çıxanda dedi ki, mənim ürəyim sakitdi, arxayın olun, gedirəm axşama gəlib iftarı evdə açacağam. Mənim ürəyim sakitdi, arxayın olun, günühsızam. Evdə axtarış aparsalar da heç bir çöp tapa bilmədilər».

NAXÇIVANDAN NECƏ DEPORTASİYA OLUNDUM...

Naxçıvan şəhərinə qayıdıb, məsələyə aydınlıq gətirmək üçün Muxtar Respublika Milli Təhlükəsizlik Nazirliyinə getmək qərarına gəldim. Şəhərə çatıb, taksiyə əyləşmək istəyərkən, qarşımda qara rəngli «Tofaş» markalı avtomobil dayandı. Avtomobildə sürücüdən başqa daha iki nəfər mülkü geyimli şəxslər var idi. Qapını açıb, maşına oturmağımı xahiş etdilər. Kimliklərini soruşsam da bir cavab ala bilmədim. Maşına əyləşən kimi pasportumu istədilər. Daha sonra telefonumu söndürməyimi tələb etdilər. Maşınla şəhərdən aralandıq. Təhlükə hiss edib, haraya getdiyimizi soruşdum. Onlar dedi ki, bir azdan hər şeyi biləcəksən. Maşın Culfa istiqamətinə gedirdi. Tanımadığım şəxslər özlərini mədəni aparmağa çalışırdılar. Onlar həm də məni inandırmaq istəyirdilər ki, Turac Zeynalov həqiqətən də vətən xainidir.
Turac Zeynalovun həyat yoldaşı

Onlar deyirdi ki, Turac Zeynalovu müdafiə edən yazı dərc etsək, həqiqəti öyrəndikdən sonra peşman olacağıq. Onlar məni İranla həmsərhəd Culfa gömrük məntəqəsinə gətirdilər. Bildirdilər ki, belə məsləhət olunub ki, ən azı bir ay müddətinə Naxçıvandan çıxam və İran ərazisindən keçib, Bakıya gedəm. Həmin şəxslər məni gömrükdən keçirəndən sonra dedilər ki, İrana keçəndən sonra geri qayıtmaq fikrinə düşsəm bu mənə baha başa gələcək. Elə bu məcburiyyət altında da İran ərazisindən Biləsuvar gömrük məntəqəsinə gələrək, növbəti gün Bakıya qayıtdım.

Naxçıvan-Bakı.

Sentaybrın 2-də AzadlıqRadiosu korporasiyasının prezidenti Steven Korn Yafəz Həsənovun Naxçıvandan deportasiya olunmasını pisləyərək hadisəni “təhlükəli cinayət” adlandırıb, Azərbaycan hökümətindən məsələyə aydınlıq gətirilməsini istəyib.

(Mövzu sentyabırn 2-də İşdən Sonra proqramında da müzakirə olunub. Proqramda YouTube-da yayımlanan videonun müəllifi hüquq müdafiəçisi Məlahət Nəsibova iştirak edir. Telefonla canlı yayıma qoşulub proqramı tənqid edənlər də var. Bu verilişin yazısı sayta hazırlanır. Onun səs yazısına qulaq asa bilərsiz)
XS
SM
MD
LG