Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 08:15

Kişmiş, xurma monopoliyası...


Astara gömrük məntəqəsi
Orucluqda Astara gömrük məntəqəsindən narazılıq daha da artıb. Ramazan bayramı günlərində bu narazılıq açıq şəkildə özünü göstərib. Bayramın birinci günü-yəni avqustun 29-da isə İrana getmək istəyənlərin Astara gömrük məntəqəsinin 4 qapısından birini sındırdıqları bildirilir. Buna səbəb vətəndaşların saatlarla növbədə qalmaları göstərilir. Astara gömrük məntəqəsində polis və sərhədçilər isə bununla bağlı heç bir açıqlama vermədilər. Gömrük rəsmilərindən də baş verənlərə münasibət öyrənmək mümkün olmadı.

SINDIRILMIŞ DƏMİR QAPI...

Sındırılmış dəmir qapı isə artıq qaynaq edilib.

Sahibkar Hacı Fayıq Cəfərov Astara gömrüyündə baş verən son olayları İrandan qayıdan azərbaycanlıların özləri ilə gətirdiyi xurma və kişmişə qadağa qoyulması ilə izah edir:

«RÜŞVƏT BAŞ ALIB GEDİR»

«Gedirlər İrana, iki gilə xurma gətirirlər, onu da əllərindən alırlar. Tökürlər yerə ki, sən bunu satmaq üçün aparırsan. İran özü bir şey deyil. Vətəndaş İran İslam Respublikasına gedirsə, deməli, ehtiyacı var ki, gedir. Ehtiyacı olmasa, məcbur olmasa, iş yeri olsa, ordan bir şey gətirib burda satmayacaq. Gömrük onların başına elə oyun gətirir ki, burda dövlətlə xalq arasında böyük uçurum yaranır. Korrupsiyaya qarşı mübarizə gedirsə, bu korrupsionerlər burda nə edir? Xalqı incitməklə nə əldə etmək istəyirlər? Monopoliya var, kişmişin, xurmanın ayrıca monopolisti var. Rüşvət baş alıb gedir. Axı buna bir əncam çəkilməlidir».

Hacı Fayıq Cəfərov deyir ki, əvvəllər İrana gündə 1000-1500 adam gedirdisə, indi bu rəqəm 250-300 nəfərə enib. Ancaq onun bildirməsinə görə, sərhəddə həmişə qalmaqal olur.

Hacı Fayıq Cəfərov
Fayıq Cəfərov qeyd edir ki, Azərbaycan xurma istehsal etmir. Buna görə də xurmanın Azərbaycana gətirilməsinin qarşısı alınmamalıdır:

«YA NARKOTİK, YA DA XIRDA ALVER»

«Azərbaycanda xurma istehsal olunmursa, nə üçün qarşısı alınır? Bu adam İranda pulunu verib xurma alıb gətirir. Orda 450 qramlıq xurma qutusuna 70-80 qəpik verir, burda onu 1 manat 40 qəpiyə satır. Halbuki, Azərbaycan ərazisinə tonlarla xurma buraxırlar. 90 min əhalisi olan bir rayonda işləmək üçün yer yoxdur. Ya narkotiklə məşğul olmalıdır, ya da xırda alver etməlidir. Xırda alverin də qarşısını alırlar. Bəs bu adamlar nə etməlidir, oğurluq etməlidir?».

Astara gömrükxanasında baş verənlərlə əlaqədar müxalifət partiyalarının rayon təşkilatları müvafiq qurumlara müraciət hazırlayıblar. Müsavat Partiyası Astara rayon təşkilatının sədri Asən Həşimli deyir ki, Astara gömrükxanası Azərbaycanın Şərqə açılan qapısı olduğundan orada bütün xidmətlər nümunəvi olmalıdır:

«HEÇ BİR TƏDBİR GÖRÜLMÜR»

Asən Həşimli
«Astara gömrükxanasında baş verən özbaşınalıqlar, qanunsuzluqlar bu gün də mövcuddur. Astara sakinləri hər gün İrana ərzaq malları üçün gedirlər. Astarada gömrük məmurları, monopolistlər vətəndaşların gətirdikləri cüzi miqdarda ərzağı əllərindən alırlar. Dəfələrlə müxtəlif instansiyalara müraciət etmişik ki, qanunsuzluqları aradan qaldırsınlar. Lakin heç bir tədbir görülmür».

Astara rayon İcra Hakimiyyətinin birinci müavini Məzahim Hüseynov isə gömrükdə baş verən son hadisələrlə bağlı məlumatları olmadığını söylədi. Məzahim Hüseynov deyir ki, rayon icra aparatı ona aid olan işlə məşğuldur

XURMA VƏ KİŞMİŞ BAHALAŞIB...

Sabiq gömrük işçisi Elman Hüseynov isə deyir ki, indi gömrük məntəqələrində baş verənlər Azərbaycana utanc gətirən hallardır:

Elman Hüseynov
«Hər bir fiziki şəxs 50 kiloqrama kimi mal gətirə bilər. Bunlara görə rüsum ödənmir. Alver, satış məqsədi ilə eyni növdən mal gətirirsə, ona rüsum yazılmalıdır və o buraxılmalıdır. Astara gömrükxanasında müəyyən malları götürürlər, məsələn, qutuda olan xurmaları, kişmişi, yuyucu tozları. Hər bir halda gömrük orqanı vətəndaşlardan mal götürürsə, ona qəbz yazmalıdır və onun saxlanılma müddəti orda göstərilməlidir. Səbəbi də göstərilməlidir ki, nə üçün bu mal götürülür».

Elman Hüseynov deyir ki, Astara gömrüyündə bu qaydalara əməl olunmur. İrana dəflərlə gedib və bunun şahidi olub:

«Astara gömrüyündə heç bir səbəb göstərmədən malları vətəndaşlardan alırlar, vətəndaşın şəxsiyyətini gömrük işçiləri təhqir edirlər. Baxmayaraq ki, Azərbaycan vətəndaşıdır».

Astara rayonun mərkəzi bazarında 450 qramlıq xurma qutusu 1 manat 40 qəpiyə satılır. Ötən il Ramazan ayında bu qiymət 1 manatdan yuxarı olmayıb. Kişmişin 1 kiloqramı da ötən ilə nisbətən 1 manat bahalaşıb.

«AZADLIQ BÖLGƏLƏRDƏ» RUBRİKASINDA NÖVBƏTİ GÜNLƏRDƏ OXUYA BİLƏRSİNİZ:

Hacıqabul gölünün qurumasının qarşısını necə almaq olar?

Gəncə hərbi hospitalının işçiləri yeni yerlərindən nədən narazıdırlar?
XS
SM
MD
LG