Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:03

İran Azərbaycanında ölüm-dirim mübarizəsi


Babək Muğanlı
AzadlıqRadiosunun «İşdən sonra» proqramında danışan Dünya Azərbaycanlıları Konqresinin nümayəndəsi Babək Muğanlı deyib ki, Təbrizdə və Urmiyada həbslər davam edir. İctimaiyyətə bu haqda heç bir məlumat verilmir:

«Şəhid olanların ailələri hələ də elə bilirlər ki, uşaqları məhbusdurlar. Heç nədən xəbərləri yoxdur. ÖLƏNLƏRİN CƏNAZƏLƏRİNİ QAYTARMIRLAR».

B.Muğanlı deyib ki, insanların həbs olunmasına, öldürülməsinə baxmayaraq, Urmiya gölünün qurudulmasına hər şənbə günü etirazlar davam etdiriləcək.

ASMEK-in sözçüsü Əlirza Quluncu isə bildirib ki, son aksiyalarda saxlananların sayı 1000 nəfərə çatıb. Dövlət binalarını qorumaq üçün Urmiyaya ordu yeridilib.

B.Muğanlı isə silahlıların maraqlı taktikadan istifadə etdiklərini açıqlayıb:

«Onlar plastmas güllələrdən istifadə edirlər. Plastmas güllələrlə və rənglə nümayişçilərə nişan qoyurmuşlar. Yəni, gülləni atırlar, o, paltara dəyən kimi rənglənir. Nümayişçi hara getsə, küçələrdə izləmək, tutmaq mümkün olsun deyə».

Əlirza Quluncu
B.Muğanlı bildirib ki, xarici faktorun son aksiyalarda heç bir rolu yoxdur, ola da bilməz:

«Xalq özü ayağa qalxıb, öz müqəddəratını özü təyin edir. Xaricdə olan təşkilatlar onlara dəstək verə bilərlər. Ancaq HANSISA BİR DÖVLƏTİN ORADA ÇAXNAŞMA YARATMASI DOĞRU DEYİL».

ASMEK-in sözçüsü Ə.Quluncu isə deyib ki, xarici dövlətlər bu məsələdə mütləq İran azərbaycanlılarına dəstək verməlidirlər:

«Deyirlər ki, başqa dövlətlərin bu məsələyə dəxli yoxdur, başqa qruplar İranın iç məsələsinə müdaxilə etmək istəməyiblər. Bu, söhbət mövzusu olmamalıdır. Əslində, dövlətlər bu məsələdə müdaxilə etməlidirlər. Dövlətlər buna qatılmalıdırlar. Ekspertlər deyir ki, Urmiya gölünün quruması Azərbaycan və Türkiyə təbiətinə də təsir edəcək. Bu dövlətlər unutmamalıdırlar ki, burda haqları tapdalanan insanlarla eyni millətdəndirlər».

Əhməd Obalı
Bu məsələlərin xarici mediada işıqlandırılmasından narazı olan B.Muğanlı deyib ki, Tehranda 5 nəfər küçəyə çıxanda, dünya mediası Tehranda insanların rejim əleyhinə etiraz etdiyini yazır. Halbuki xalq Urmiyada, Təbrizdə, başqa şəhərlərdə bu qədər axın edir, amma media buna susur.

«GünAz» televiziyasının rəhbəri Əhməd Obalı isə bildirib ki, bu dəfə dünya mediası aksiyaları nisbətən yaxşı işıqlandırsa da, QARDAŞ ÖLKƏLƏRİN MƏTBUATI BU XƏBƏRLƏRİ YAYMAQDA MARAQLI DEYİLLƏR:

«Dünyada Azərbaycandan qat-qat artıq bu haqda yazırlar. Halbuki bu, əksinə olmalı idi. Həm Türkiyədə, həm Azərbaycanda Güney Azərbaycan məsələsi hətta boykot olunmuş kimidir. Bu, çox təəccüblüdür. Bu, artıq ölüm-dirim məsələsidir. Güney Azərbaycan məhv olmaq üzrədir. Həm də biz axı Qarabağ məsələsində heç də sakit dayanmırıq. Bu, İranın daxili işi sayılmır. Bu, insani fəlakətdir. Buna etiraz etmək lazımdır. Ən azı bunun xəbərini yaymaq lazımdır…».

Verilişi tam olaraq buradan dinləyin:
XS
SM
MD
LG