Keçid linkləri

2024, 18 Oktyabr, Cümə, Bakı vaxtı 07:48

Arif Hacılının məhbəsdə yazdığı şeir



Müsavat Partiyasının icra aparatının rəhbəri Arif Hacılının həbsdə yazdığı və "Yeni Müsavat" qəzetinə göndərdiyi şeir...


Arif HACILI



Darıxıram

Kürdəxanı qalasının
Divarları arasında
Qoşa, dəmir qapıların arxasında
Kilidləndim o gün gecə
Darıxıram bilsən, necə?!
Batıb səsim,
Yaşamağa yox həvəsim
Dünya ilə aramızın sərhədidir
dəmir torlu həbsxana pəncərəsi
... Azmış quşlar... ağ buludlar... göy... baxıram...
Binə hava limanından
Uçub gedən uçaqların
Arxasınca hey baxıram...
Uçur, gedir xəyallarım
Uçaqların arxasınca
İndi məndən uzaq düşən
Uşaqların arxasınca...
Uçur, gedir yaxın, uzaq şəhərlərə
Uçaqların enəcəyi
Şəhərlərin həsrətiylə darıxıram.
Şirin-şirin yuxulardan oyananda
Bağlı dəmir qapıları
Görüb hər gün
Azadlıqda açılacaq
Səhərlərin həsrətiylə
Darıxıram.
Uzaq oldu xəyallarım
Arzularım olarmı çin?!
Bir qurtum su
Sinə dolu nəfəs kimi
Darıxıram bu qəfəsdə.
Bircə addım azadlıqçün
Darıxıram hər gün, gecə
Darıxıram bilsən necə!

Kürdəxanı həbsxanası, 2011
XS
SM
MD
LG