Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:04

Misir Mərdanovdan müəllimlərə təkliflər...


Məlahət Mürşüdlü
«İşdən sonra» proqramında təhsil üzrə ekspertlər Məlahət Mürşüdlü, Elmina Kazımzadə və iqtisadçı Rövşən Ağayev Təhsil naziri Misir Mərdanovun təhsil işçilərinə qeyri-hökumət təşkilatları yaratmaq barədə təklifini müzakirə ediblər.

Nazir deyib: «Müxtəlif xarici ölkələrdə, hətta Orta Asiya dövlətlərində, xüsusən Qazaxıstanda belə ictimai təşkilatlar çoxdur və onları təsis edənlər əməlli-başlı dolanırlar. Çalışmaq lazımdır. Gələcəkdə dərsliklərin hazırlanması, müəllimlərin hazırlığı və s. ayrı-ayrı qurumlar tərəfindən həyata keçiriləcək. Buna indidən hazırlaşmaq lazımdır».

Məlahət Mürşüdlü:

«Bu, deyildiyi kimi deyil. Bizim müasir cəmiyyətdə qeyri-hökumət təşkilatlarını yaşatmaq onun fəallarının qəhrəmanlığıdır. Bu, yanlış fikirdir. Amma hörmətli nazirin bir fikri ilə mən tam razıyam ki, qeyri-hökumət təşkilatları Azərbaycanda təhsil quruculuğunda yaxından iştirak etməlidir. Hökumət qurumları, hökumət məmurları ilə bərabər iştirak etməlidir. Azərbaycanda kifayət qədər təhsil üzrə QHT var. Onlardan 33-ü qeydiyyatdan keçmiş təşkilatdır.
Elmina Kazımzadə
Onların içərisində isə 6-7 tanınmış təşkilat var. Onlar müəyyən layihələr vasitəsilə təhsil sisteminin demokratikləşməsi və humanistləşməsinə dəstək vermək istəyirlər. Bu da bir çox çətinliklərlə əldə edilən layihələrdir. Bununla dolanmaq əsla mümkün deyil. Bunların arxasında insanın şüuru, zəkası, fəaliyyəti durur…».

Elmina Kazımzadə:

«QHT-ni maliyyə mənbəyi kimi qəbul etmirəm. QHT-lərin dövlət tərəfindən maliyyələşməsi və birbaşa müəllimlərin ora cəlb edilməsi maraqlı bir məqamdır. Birincisi, bu, qeyri-mümkündür. Belə olsaydı, QHT-lərin sayı məktəblərin sayına bərabər olmalı idi...».

Rövşən Ağayev:

«Şərh verilməyəcək qədər ortaya atılmış mövzudur. Bizdə dövlət, hakimiyyət orqanları, bir çox məmurlar vətəndaş cəmiyyətlərinə kommersiya gözü ilə baxırlar. Vətəndaş cəmiyyətləri qeyri-kommersiya təşkilatlarıdır. Bir çox ölkələrdə vətəndaş cəmiyyətinin üzvləri könüllü işləyirlər.
Rövşən Ağayev
Vətəndaş cəmiyyətləri iş yeri deyil, pul qazanmaq yeri deyil. Məsələn, təhsil sahəsində çalışan QHT-lərin borcu təhsil sahəsinin problemlərini araşdırmaq, qabaqcıl təklifləri yaymaq, insanları maarifləndirməkdir. Ola bilsin, Misir Mərdanov tamam başqa məqamı nəzərdə tutub. Müəllimlərin təşkilatlanmasını nəzərdə tutubsa, bu, xoş bir işdir. Müstəqil müəllimlər birliklərinin yaranmasına çox böyük ehtiyac var. Bizim nazir bunu desəydi, mən çox sevinərdim. Məsələn, müstəqil kimya müəllimlərinin birliyi və s. Bu peşəkar birliklər peşə birlikləri adlanır. Bunlar bir sahənin müəllimlərinin peşəkarlığının artırılmasına xidmət edir. Yəni, onlar müntəzəm üzərilərində işləyirlər. Həm də onların hüquqlarının qorunmasına xidmət edir...».

Verilişi tam olaraq dinləyin:
XS
SM
MD
LG