Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 04:53

Xəzərdə zəngin qaz yatağı aşkarlanır


İlham Əliyev
İlham Əliyev
Fransanın Total neft şirkəti sentyabrın 9-da elan edib ki, Xəzərin Azərbaycana aid hissəsində yeni qaz yatağı tapıb: «Abşeron»

«Yataq ehtiyatla zəngin ola bilər».

Şirkətin vitse-prezidenti Marc Blaizot belə deyib.

Kəşfiyyatın ilk nəticələri quyunun bir neçə milyon kub fut qaz və kondensat potensialı olduğunu təsdiqləyir.

Prezident İlham Əliyev isə bu münasibətlə Aəzrbaycan xalqını təbrik edib:

«Bu gün Fransanın Total şirkətinin rəhbərliyi qəbulumda olarkən Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən «Abşeron» yatağında böyük qaz ehtiyatlarının kəşf edilməsi barədə mənə məlumat verdilər. Mən öz növbəmdə bu şad xəbəri Azərbaycan ictimaiyyətinə çatdırmaq istəyirəm. Bütün Azərbacan xalqını bu hadisə ilə əlaqədar təbrik etmək istəyirəm. Doğrudan da bu, böyük hadisədir. «Abşeron» yatağında böyük həcmdə qaz ehtiyatlarının aşkarlanması Azərbaycanın qaz potensialının inkişafına verilən böyük töhfədir».

SAYCA ÜÇÜNCÜ

Bu, Azərbaycan müstəqillik qazanandan bəri açılan sayca üçüncü qaz yataqdır: «Şahdəniz», «Ümid» və «Abşeron».

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban ilkin hesablamalara əsasən deyir ki, bu yataqda təxminən 200-300 milyard kubmetr qaz ola bilər. Yəni «Ümid» yatağında olduğu kimi:

«Birinci qatdaca təxminən bir trilyon kub fut qaz aşkarlanıbsa, bu 35 milyard kub metrə yaxın qaz deməkdir. Bu yaxşı məlumatdır».

İlham Şabana görə, Abşeronda yeni qaz yatağının açılması həm də böyük perspektivlər açır.

İlham Şaban
NABUCCONUN ŞANSI ARTIRMI?

Bu məlumat yayılan kimi dərhal belə bir fikir də gündəmə gəldi: Uzun illərdir dalana dirənmiş Nabucco qaz kəmərinin reallaşma şansı artır.
Hərçənd bu haqda pessimist düşünənlər də var.

Azad İqtisadiyyata Yardım İctimai Birliyinin sədri Zöhrab İsmayıl deyir ki, hakimiyyətin Avropa Birliyinin dəstək verdiyi kəməri qazla təmin etməyə siyasi iradəsi çatmayacaq:

«Rusiyadan ehtiyatlanır. Buna görə də qəti mövqe qoya bilmir»

İlham Şaban da təxminən eyni fikrdədir:

«Bəli, Azərbaycanda istənilən qaz ehtiyatının tapılması şansı artırır. Amma bu Nabucco üçün şadyanalıq etməyə əsas deyil. Nabucco 2017-ci ildə işə düşməlidir. Ancaq «Abşeron» yatağının işlənməsi on ildən sonra mümkün ola bilər. Gələn on illiyin ortalarına hesablanmış layihədir. Həm də geoloji baxımdan çətin yataqdır, dərin yataqdır. Bundan əlavə Azərbaycanın bütün infrastrukturu «Şahdəniz-2» layihəsinin üzərində cəmləşəcək».

POSTNEFT DÖVRÜNƏ QAZLA İRƏLİ!

Amma bununla belə, mütəxəssis hesab edir ki, 2012-ci ildə Azərbaycanda qazla bağlı maraqlı proseslər başlayacaq. Üstəlik yeni qaz kəmərinin çəkilişi də istisna deyil:

«Azərbaycan postneft dövrünə qaz ölkəsi kimi qədəm qoyacaq. Adətən post-neft dövrünə ölkələr iqtisadiyyatın başqa sahələrini inkişaf etdirməklə qədəm qoyurlar. Bizdəsə nefti qaz əvəz edəcək. Ən pessimist proqnozlarla Azərbaycan 35-40 il qaz ixracatçısı olacaq».

Zöhrab İsmayıl isə düşünür ki, Azərbaycanın əlindən neft kartı gedir, buna görə də qaz kartından yararlanmaq istəyir:

«Düzdür, ehtiyatlar var. Ancaq bunu şişirdirlər. Güman edirlər ki, Avropanın bununla diqqətini cəlb edəcəklər. Avropa Birliyi Azərbaycanda insan haqlarının pozulmasına, korrupsiayaya göz yumacaq. Yəni qazla manipulyasiya edəcəklər».

Zöhrab İsmayıl
İlham Şaban isə bu fikirlə razılaşmır. O deyir ki, bu ehtiyatlar haqda Azərbaycan hökuməti yox, xarici neft şirkəti məlumat verib.

QAZLI QAZSIZ AZƏRBAYCAN

Qaz ehtiyatları artır. Amma Azərbaycanda hələ də qaza həsrət kənd və qəsəbələr qalır. Bakının iki addımlığındakı Nübar qəsəbəsində olduğu kimi.

- Odun almaqdan yorulmuşuq. Uşaq da xəstə.
- Atamgil Yevlaxda yaşayır. Onların qazı var. Bizim yox. Onlar bura gələndə bizə gülürlər.

Zöhrab İsmayıla görə, bu utanc gətirən məsələdir.

Prezident İlham Əliyev sentyabrın 9-da bu məsələyə də toxunub. O deyib: «Qarşıya vəzifə qoyulub ki, növbəti iki il ərzində Azərbaycanda bütün qazlaşma məsələləri öz həllini tapsın və beləliklə, Azərbaycan tam şəkildə qazlaşdırılsın».
XS
SM
MD
LG