“Mənimlə eyni yaşda doğulanlar Heydər Əliyevin hakimiyyətə gəldiyi vaxtdan məktəbdə oxuyur, o, propaqandanın hamısını damcı-damcı qanına oturdub artıq. Bu ölkə mənim təmsilçisi olduğum nəsli itirib. Bizim nəslin 80 faizi ancaq qara camaat olacaq. Gözləyirəm ki, nə vaxtsa ayılacaqlar. Biz də bunun üçün çalışırıq”.
Bunu “HOST” rep qrupunun keçmiş üzvlərindən biri, hazırda fərdi çalışan Camal Əli “14-24”-də deyib. Camal Əlinin yazdığı mahnılar daha çox sosial, siyasi məzmunludur. Elə HOST-da da yalnız ictimai mövzulu ifalarda iştirak edirdi.
Camal Əlinin indiyədək ən çox qarşılaşdığı sual “HOST-dan niyə çıxmısan” sualıdır. Cavab belədir:
“Belə oldu ki, HOST məcburi format dəyişikliklərinə getdi. Onları məcbur etdilər. Mən də hesab etdim ki, əgər nəyisə dəyişmək lazımdırsa və mənim o dəyişiklikdən xoşum gəlmirsə, fəaliyyəti dayandırmaq olar. Və mən HOST-dakı fəaliyyətimi dayandırdım. Amma HOST əvvəlcədən söz verməmişdi ki, ölkəni xilas edəcək, hakimiyyəti dəyişdirəcək, maaşları artıracaq və s. Qrup idi də, oxuyurdu. Etirazı olduğu şeylərə etiraz edirdi, sevgidən mahnıları var idi. Sonra mən profili bəyənmədim - gedəcəyimiz, məqsəd qoyduğumuz tərəfi. Hesab etdim ki, bu qrupun fəaliyyətini bundan sonra dayandırmaq da olar. Kim hesab edirdi ki, dayandırmaq olar, onlar çıxdı qrupdan”.
“Mən əsasən siyasi mövzulara yaxın mahnılar oxuyurdum. Sonra qulaq asdığım qədəriylə HOST-da ümumiyyətlə o mövzular azaldı. İndi bilmirəm, təkcə mənimlə əlaqəli deyil bu. Həm də baş vermiş məlum dəyişikliklərlə bağlıdır. Dəyişikliklər dedikdə, gizli bir şey yoxdur: çağırdılar dedilər bir də belə mahnılar oxumayın, vəssalam”.
Camal Əlinin fərdi ifalarından “Rədd ol”, “Qırmızı”, “Səddam Hüseyn” “youtube”-da çox dinlənən mahnılardandır. O deyir ki, hakimiyyətə qarşı yazdığı mahnılara görə hələ ki incidilməyib:
“İndiyə qədər nə qədər “track”im eşidilib, kimləsə zarafat eləmişəm youtube-da, facebookda. Mənə bir dəfə də zəng olmayıb, çağırılmamışam heç yerə. Amma bunların hamısına hazır idim. Bilmirəm niyə belə olub, bəlkə siyahılarda itmişəm hardasa”.
“Bir nöqtədən sonra hakimiyyətə qarşı mübarizə aparmaq mənə mənasız gəlir. Bir də baxırsan ki, bir sənsən, bir də sənin kimi 5-10 nəfər var. Bunun da səbəbləri var. Təhsil yoxdur, televiziya yoxdur, media yoxdur”, deyə Camal Əli söhbətinə davam edir. Davamından xəbərdar olmaq üçün verilişi aşağıdakı keçiddən bütünlüklə dinləyin...