Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 01:44

Hamamı, tualeti, mətbəxi bir yerdə olan qəzalı bina...


Qəzalı yataqxanda yaşayan sumqayıtlılar...
Gözlə

No media source currently available

0:00 0:03:14 0:00
Direct-ə keçid

Binanın bir-birindən aralanmış korpusunu dəmir parçaları ilə birləşdirib, boltla bağlayıblar

Sumqayıt şəhərində «15-ci məhəllə»dəki 7 saylı yataqxana hər an uça bilər. Yataqxanada 124 ailə yaşayır, onlar, demələrinə görə, ömürlərini siçan, siçovul, ilbiz və s. canlılarla birlikdə sürürlər.

Sumqayıtlıları bura «ölü zona» deyilən bir ərazidən 1989-cu ildə müvəqqəti olaraq köçürüblər. Köç elə həmin köçdür…

«ŞEYTAN EVİ ALIB AĞZINA»

8 ildir burda məskunlaşan Qızılgül Eyvazova 1 otağı 3 oğlu və 1 qızı ilə paylaşır:

«Şeytan, ilbiz bütün evi alıb ağzına. Bu otaqda 3 oğul, 1 qız böyüdürəm, mənim balalarım bütün xəstəlikdir. Mənim neçə dənə yorğan-döşəyim çürüyüb. Mümkün deyil burda yaşamaq».

Təəssüf ki, burda meydan oynadan qoxunu çatdırmaqda texnika vasitələri acizdir: üfunət iyi yataqxananı başına götürüb. Bu iy tualetin qonşuluğunda bişən xörəyin belə ətrini duymağa imkan vermirdi…

HAMAMDA XÖRƏK BİŞİRMƏK...

Mətbəxlə hamamı eyni məkana sığışdırmaq bu yataqxanada yaşayan sumqayıtlıların əvvəlcə ağlına gəlməsə də, başına gəlib. Bir tərəfdə sobaların üstündə yemək qazanları qaynayır, digər tərəfdə pal-paltar yuyulur, insanlar yuyunurlar.

Buranın 16 illik sakini Tənzilə Nuriyeva:

«Burda çimirik, hamamımızdır, həm də ki, yemək bişiririk burda. Vəziyyətimiz budur. Kanalizasiya doludur su ilə, neçə dəfə demişik çəkilməyib. Divarlar uçub üstümüzə gəlir. Tualetdə oturmaq olmur».

BİNANIN ALTI SUDUR

Yataqxana sakinləri binalarını suyun üstündə ləngər vuran gəmiyə bənzədirlər. Binanın zirzəmisi kanalizasiya suyu ilə doludur, hətta su burada tab gətirməyib küçəyə axmağa başlayıb.

Binanın bu vəziyyəti Sumqayıt rəhbərliyinin gözündən yayınmayıb. Yataqxana uçmasın deyə, qalın, ensiz dəmir parçaları divarlara vurulub, boltlarla bərkidilib:

BLOK BİR-BİRİNDƏN ARALANIB

«Blok aralanıb bir-birindən. Armaturla sıxıblar ki, getməsin o tərəfə».

Binanın divarları arası ilə çəkilmiş su boruları da çürüyüb, su isə daşlar arasından süzülərək sakinlərin başına axır. İnsanların başlarına axan sudan qorunmaq üçün tavanın altından polietilen sellofan vurublar.

Boruların partlaması ilə binanın canına hopan nəmişliyə təbiət də öz töhfəsini verib: yataqxananın bayır tərəfində çinar, əncir ağacları, müxtəlif sarmaşıq otlar bitib.

Bir müddətdir ki, binaya verilən qazı da yerli-dibli kəsiblər.

FHN: «BİNA QƏZALI DEYİL»

Sumqayıt şəhər İcra Hakimiyyətindən suallarımızı cavablandırmaq üçün kimsə tapılmadı.

7 saylı yataqxananın komendantı Məhərrəm Qasımov deyir ki, Fövqəladə Hallar Nazirliyinin komissiyası binada yoxlama aparıb və onun qəzalı olmadığı rəyini verib. Elə buna görə də bina sökülməyəcək, təmir ediləcək.
XS
SM
MD
LG