Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 04:27

Medvedevin rəqsini yamsılayan video ORT-dən yığışdırıldı




Rusiyanın təyyarə sürən, pələng ovlayan, güləşən baş naziri Putindən fərqli olaraq prezident Medvedevin “supermen” imici yoxdur.

“Uşaq simalı” Medvedevi dünya liderlərinin əhatəsində sərxoş halda, yaxud Moskvaya gələn məşhur rok ulduzlarının konsertində cins şalvarda görmək olar. Bir sözlə, onun imici “yeyib-içən oğlandır”.

Bu ilin aprelində Medvedev öz keçmiş tələbə yoldaşları ilə birgə keçirdiyi məclisdə post-sovet dövrünün məşhur hiti olan “American boy”a rəqs etmişdi.

Mobil telefonla çəkilən həmin rəqs İnternetdə yüz minlərlə “klik” gətirmişdi.

Amma çox keçmədi ki, prezidentin kostyumda - çiyinlərini ata-ata, qollarını yelləyə-yelləyə ifa elədiyi həmin rəqsin parodiyası yarandı.

Parodiyaya “Youtube”da 1 milyon dəfədən artıq baxıldı.

Rusiyanın “KVN” komandalarından birinin canlandırdığı həmin parodiyalı səhnəcik dövlətin nəzarətində olan ORT kanalının efirində göstərilsə də, bu günlərdə “qayçılandı”.



ORT məsələ ilə bağlı hər hansı şərh verməyib.

Prezident administrasiyasından isə BBC-yə deyiblər ki, Medvedevin “onun obrazını yaradılması ilə bağlı problemi yoxdur”.

2012-ci il martında Rusiyada prezident seçkiləri keçiriləcək.

Baş nazir Putinlə prezident Medvedevin seçkidə rəqib olacağı gözlənilir.

Bu arada “Youtube” başqa bir çarx peyda olub - Medvedevin məlum rəqsinin üzərinə “oturdulmuş” və Rusiyanın Putin kimi "içməyən" prezidentinin olmasının arzu edildiyi klip.

12 il əvvəl Putinin prezident seçilməsində onun imici az rol oynamamışdı.

Ondan əvvəlki prezident Yeltsinin “alkaş” imici bir çox rusiyalılarda “ciddi prezident”ə ehtiyac hissi yaratmışdı.

“KQB məktəbi keçmiş, idmanı çox sevən, çeçen yaraqlılarını “tualetdə də məhv edən” supermen” Putin rəqiblərini asanlıqla məğlub edə bilmişdi.

2 dəfə prezident seçiləndən sonra baş nazirliyə “çəkilən” Putin indi yenidən “1 nömrəli kürsüyə” göz dikib...

XS
SM
MD
LG