Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 23:56

Rəqəmsal yayımın hansı üstünlükləri var?


Teleqüllə
Teleqüllə
«Rəqəmsal yayıma keçidlə bağlı tələskənliyi başa düşmürəm və bu tələskənliyi zəruri edən amilləri də anlamıram».

Bu sözləri AzadlıqRadiosunun «Can Bakı» proqramında «Multimedia» İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz söylədi.

AVROPA 2015-DƏ KEÇİR, BİZ 2012-DƏ...

Osman Gündüz sentyabrın 27-də Bakıda «Televiziya yayımının tənzimlənməsi» mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edib:

«Bu sınaq işlərinə Azərbaycan da xeyli vaxtdır başlayıb. Qonşu ölkələrdə də, Avropada da konkret bir tədbirlər planı var, vaxt var—məsələn, 2015-ə qədər. Amma bu konfransdan belə başa düşdüm ki, bizdə 2012-ci ilə qədər rəqəmsal yayıma keçmək istəyirlər. Konfransda da dedim ki, yəqin ilkin dövrlərdə dünya təcrübəsində olduğu kimi, həm analoq yayım, həm də rəqəmsal yayım paralel gedə bilər».

DEKODERLƏR NECƏ VERİLƏCƏK?

Osman Gündüzün fikrincə, bu məsələdə ciddi problem televizorların rəqəmsal yayımın standartlarına cavab verib-verməməsidir:

«Söhbət rəqəmsal yayımı gerçəkləşdirən dekoderlərdən gedir. Bu vətəndaşa necə veriləcək—pullu, ya pulsuz? Hansı qiymətə veriləcək? Hesab edirəm ki, əhalinin böyük bir hissəsi üçün—imkansız təbəqə üçün dekoderlər pulsuz verilməlidir. Dünya təcrübəsində də bu var. Belə olmazsa, analoq yayımdan bəhrələnmək üçün imkan yaradılmalıdır. Bir məqam da rəqəmsal yayımda kanallar üçün paketlər verilməsidir. Bunu Milli Teleradio Şurası həyata keçirəcək. Elə etmək lazımdır ki, ictimai-sosial əhəmiyyətli kanallar olan paket vətəndaşa pulsuz verilsin. Kommersiya yönlü kanallar ödənişli ola bilər».

KEÇİDLƏ BAĞLI İNFORMASİYA MÜHİTİ YOXDUR

Osman Gündüz hesab edir ki, Azərbaycanda rəqəmsal yayıma keçidlə bağlı informasiya mühiti
Osman Gündüz
yoxdur:

«Konfransda həm Milli Teleradio Şurasından, həm də Rabitə və İnformasiya Nazirliyindən xahiş etdim ki, bu məsələ ilə bağlı normal informasiya mühiti yaradılsın və diskussiyalar təşkil edilsin».

ÖTÜRÜCÜLƏR DÖVLƏTİN ƏLİNDƏDİR

Osman Gündüz ölkədə ötürücülər infrastrukturunun dövlətin əlində olduğunu da vurğuladı:

«Siqnalların ötürücüləri dövlətin əlindədir. Özəl şirkətlərlə bu ötürücülərə malik dövlət arasında münasibətlər hansı formada tənzimlənəcək? Bunlarla bağlı nə qədər ödəniş tələb olunacaq? O cümlədən regiondakı teleradio sistemləri hansı paketlərə daxil olacaq? Hesab edirəm ki, bu ciddi araşdırmalar tələb edən məsələlərdir və kifayət qədər bişməyib. Bəlkə də qapalı otaqlarda bişirilib, vətəndaş cəmiyyətinin bundan xəbəri yoxdur. Odur ki, TV-lərdə, radiolarda bu məsələ barədə diskussiyaların getməsi faydalı olardı».

RƏQƏMSAL YAYIMIN HANSI ÜSTÜNLÜKLƏRİ VAR?

Osman bəy rəqəmsal yayımın analoq yayımdan kəskin fərqli olduğunu dedi:

«Birincisi, rəqəmsal yayım çox keyfiyyətlidir. İkincisi, adi teleradio yayımını gerçəkləşdirmək üçün tezlik resursundan istifadə olunmalıdır. Bu tezlik resursu da dövlətə məxsusdur. Allahın bəxş etdiyi fiziki resurs da məhduddur. Yəni, məhdud sayda insanlar bundan istifadə edə bilərlər, qalanlar televiziya açmaq üçün gözləməlidir. Amma rəqəmsal yayımda bir tezlik zolağında 10-15-20 kanal verə bilərsən. Üçüncüsü, rəqəmsal yayımın getdiyi tezlik zolağında internet verə bilərsən, multimedia və digər xidmətlər verə bilərsən».

ÖLKƏDƏ NƏ QƏDƏR YAYIMÇI VAR?

Media Hüquqları İnstitutunun proqram koordinatoru Xalid Ağəliyev deyir ki,
Xalid Ağəliyev
Azərbaycanda 10 teleyayımçı var:

«Bölgələrdə isə 15-ə yaxındır. 20-yə yaxın da radio yayımçı var».

RƏQƏMSAL YAYIMIN BEYNƏLXALQ TƏRİFİ

Xalid bəy rəqəmsal yayımın beynəlxalq arenadakı tərifini də səsləndirdi:

«Daha keyfiyyətli görüntü. Daha keyfiyyətli səs. Daha çox kanal sayı».

Qonağımız fikrini izah etmək üçün bir misal da çəkdi:

«Tutalım, bir tezliyi «Lider» kanalına vermişik və o kanal həmin tezlikdən bir proqram yayır. Rəqəmsal yayıma keçid bu kanala imkan verəcək ki, 4-6 teleproqram və 5-8 radio proqram yayımlasın».

BİZİ HANSI PROBLEM GÖZLƏYƏ BİLƏR?

Xalid Ağəliyev bu suala belə cavab verdi:

«Ola bilsin ki, bizim hamımızın istifadə etdiyi televizor rəqəmsal yayıma keçdikdən sonra lazımsız qutuya çevrilsin. Araşdırmalara görə, ölkə ərazisində insanların sahib olduğu televizorların 70-80 faizi rəqəmsal yayımı dəstəkləmir. LCD televizorların bəzi markaları belə bu yayımı qəbul etmir. Rəqəmsal yayımı dəstəkləyən televizorların qiyməti 600-700 manatdan başlayır. Yəni insanlar bu problemlə də üzləşəcəklər».
XS
SM
MD
LG