Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri İranın daxili işlər naziri ilə görüşündə Azərbaycandan avtobusla həcc ziyarətinə gedəcək zəvvarların təhlükəsizliyi ilə bağlı müzakirələr aparıb.
QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova Trend-ə bildirib ki, İdarənin sədri şeyxülislam hacı Allahşükür Paşazadə İrana səfəri zamanı bu ölkənin daxili işlər naziri Məhəmməd Nəccarla görüşüb.
Görüşdə qarşılıqlı maraq kəsb edən məsələlərlə yanaşı, bu il həccə gedəcək zəvvarların təhlükəsizliyi, sərhəd-keçid məntəqələrindən problemsiz keçməsi ilə bağlı danışıqlar aparılıb.
Qeyd edək ki, Azərbaycanda Qurban bayramı noyabrın 6-da qeyd olunacaq, həcc karvanları oktyabrın 25-26-dan yola düşəcəklər.
Azərbaycandan bu il 2 min zəvvarın həccə getməsi gözlənilir. Onlardan 1300 nəfərə yaxını 40-41 ədəd avtobusla yola düşəcək. Zəvvarlarımız Azərbaycan-İran-İraq-Səudiyyə Ərəbistanı marşrutu üzrə hərəkət edəcəklər.