ABŞ-da korporasiyaların “ifrat mənfəətlərinə, tamahına və acgözlüyünə” qarşı hərəkat genişlənir.
Bostondan Los Ancelesə kimi onlarla iri şəhərdə küçələrə çıxan nümayişçilər indiki maliyyə sisteminə, varlıların adi vətəndaşlar hesabına varlanmasına etiraz edirlər.
NYU YORK ETİRAZINDAN BAŞLANDI
Hər şey üç həftə bundan qabaq Nyu Yorkda xırda bir nümayişdən başlandı.
Sentyabrın 17-də özünü “ Wall Streeti tutaq” adlandıran təşkilat Manhattan Maliyyə Dairəsindəki parkda çadır düşərgə saldı.
Düzdür, onların bu düşərgəyə icazələri yox idi, ancaq bununla belə, onlar hər gün həmin parkda və yaxınlıqdakı küçələrdə “İş yaradın, müharibə yox” kimi şüarlarla etiraz nümayişləri keçirirdilər.
Vaxt keçdikcə onlara pensiyaçılar, işsizlər, tələbələr də qoşulmağa başladı.
Onların hamısı indiki maliyyə sistemindən qəzəblidirlər. Hesab edirlər ki, bu sistem yalnız varlılara və nüfuzlu vəzifə tutanlara işləyir.
AzadlıqRadiosunun Vaşinqtondakı müxbirləri nümayişə gələnlərdən biri ilə - Nyu Yorkda sosial xidmət sahəsində çalışan Kathy Jonesla söhbət ediblər.
Jones nümayişə 2 yaşlı qızı ilə gəlir.
Jones özü də işləyir, əri də. Əri proqramçıdır.
Jonesu etiraza vadar edən nədir? - O deyir ki, tibbi sığorta ala bilmir.
Jones: “Mən ümid edirəm ki, bu etirazlar yayılacaq. Mən düşünürəm ki, qeyri-bərabərlik bu ölkədə dözülməz həddə çatıb. Korporasiyaların vergilərinin azaldılması buna nümunədir. Adi işçilərə vergi güzəştlərindən çox, iri şirkətlərə vergi güzəştləri olunur. Məncə, bu sistem ləğv olunmalıdır. Korporasiyalar adi adamlardan az vergi verirlər”.
HƏRƏKAT ÖZÜ HAQDA
“Wall Streeti tutun” hərəkatı özünü “lidersiz müqavimət hərəkatı” adlandırır. Deyilir ki, bu hərəkat müxtəlif rəngli, yaşlı, siyasi baxışlı adamlardan ibarətdir. Onları birləşdirən bir cəhət var- onlar hesab edirlər ki, “1 faizin tamahına, korrupsiyasına dözməyən 99 faizdirlər”.
Onlar hesab edirlər ki, korrupsiyadan varlanan əhalinin 1 faizidir. Onlar isə qalan 99 faizə daxildirlər.
Etiraz nümayişlərinin təşkilatçıları deyirlər ki, onları ruhlandıran Ərəb dünyasındakı inqilablar və Avropa ölkələrində hökumətlərin qənaət planlarına etirazlar oldu.
İKİ HƏFTƏ MEDİA MARAQ GÖSTƏRMƏDİ
Nyu Yorkda etirazlar başlayan ilk iki həftədə bu nümayişlərə media elə bir maraq göstərmirdi.
Nyu Yorlkdan qıraqda onları heç kim tanımırdı.
Ancaq oktyabrın 1-də vəziyyət dəyişdi. Həmin gün minlərlə nümayişçi Nyu Yorkdakı Brooklyn körpüsünə yürüş edib, polisin xəbərdarlığına baxmayaraq yolu tutdular.
Polis zabiti nümayişçilərə xəbərdarlıq edirdi ki, əgər dağılsalar, onlara qarşı heç bir ittiham irəli sürülməyəcək. Yox, əgər dağılmasalar, onda asayişi pozmaq ittihamı ilə həbs olunacaqlar.
Ancaq nümayişçilər “Körpünü tutun, körpünü tutun” qışqırırdılar.
Nəticədə 700 adam həbs olundu.
Bir neçə saat sonra bir neçə adam saxlanmaqla, yerdə qalanlar xırda cərimələrlə azad olundular.
Ancaq kütləvi həbs və görüntülərin internetdə yerləşdirilməsi etirazçılara medianın xüsusi diqqətini cəlb etdi.
İki gün sonra “ “ Wall Streeti tutaq” hərəkatının üzvləri öz dedikləri kimi, “korporativ zombi” geyimlərində yürüş etdilər. Üzlərini ağ və qırmızı boyalarla rəngləmiş, əllərində saxta pul işarələri olan etirazçılar Nyu York Birjasının yanından keçdilər.
Körpüdəki həbslər və zombi yürüşü mediada geniş yer aldı və bunlar Amerikanın müxtəlif şəhərlərində eyni fikirdə olan amerikalılarda geniş əks-səda yaratdı.
Amerikanın Federal Rezerv Sisteminin, Yəni Mərkəzi Bankın müxtəlif şəhərlərdə binaları qabağında etiraz nümayişləri keçirildi.
Çikaqoda nümayişin şüarı belə idi: “İnsanın ehtiyacları! Korporasiyaların acgözlüyü yox!”.
Kanzasda, Los Ancelesdə adamlar etiraz şüarlarını öz maşınlarına vurub, şəhərdə hərəkət edirdilər.
“Wall Streeti tutaq” şüarına yerindən asılı olaraq “Bostonu tutaq”, “Filıadelfiyanı tutaq” şüarları da əlavə olunur.
ABŞ-DA BƏRABƏRSİZLİK
Sonda Amerikadakı iqtisadi və sosial vəziyyət haqda.
Varlılarla kasıblar arasında fərqə görə ABŞ hazırda Qərbin bütün inkişaf etmiş ölkələrindən qabaqdadaır.
Bu fərq son onillərdə ABŞ-da rekord həddə çatıb.
ABŞ əhalisinin 1 faizi ABŞ-ın bütün var-dövlətinin 25 faizinə sahibdir.
ABŞ əhalisinin ən kasıb 40 faizinin payına ABŞ-ın var-dövlətinin 0,3 faizi düşür.
2010-cu ildə ölkədəki bütün gəlirlərin 50 faizini əhalinin 20 faizi götürüb.
Əhalinin azmaaşlı 20 faizinə isə bütün gəlirlərin 3 faizi düşüb.
Bu təmayül son 30 ildə tədricən güclənməkdədir.
Nobel Mükafatı laureatı Paul Krugman deyir ki, 1979-cu ildən 2005-ci ilə kimi ev sahibi olan orta amerikalının gəliri 13 faiz artıbsa, amerikalıların ən varlı 0,1 faizinin gəlirləri 296 faiz artıb.
“BİZ PULDAN GÜCLÜYÜK”
İraqda hərbi xidmət keçmiş, hazırda tibb tələbəsi olan 26 yaşlı Michael Doe nümayişdə iştirak etmək üçün təyyarəyə bilet alaraq Şimali Dakotadan Nyu Yorka gəlib.
O deyir: “Pul doğrudan güclü şeydir. Ancaq insanların səsi ondan da güclüdür”.