Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:38

Fasadı təmir olunmuş binanın sakinlərinə köçmək təklifi


Dövlət Statistika Komitəsinin yanında yerləşən 241 saylı bina
Dövlət Statistika Komitəsinin yanında yerləşən 241 saylı bina
«Mən evimi satmıramsa, onların nə ixtiyarı var ki, evimi alsınlar?» Bu sualı paytaxt Bakıda, Dövlət Statistika Komitəsinin yanında yerləşən 241 saylı binanın ahıl sakini Elmira xaladan eşidirəm. Deyir, bir neçə gündür ki, sakinlərin yuxusu ərşə çəkilib. Səbəb də odur ki, evlərinə müştəri çıxıb və həmin müştəri bütün binanın mənzillərini almaq istəyir:

- Mənə nə qədər verirlər? 80 min manata ev var? Zülmlə ev tikdirmişəm. Bu yaraşıqlı evi niyə verim çıxım? Gözümü açıb buranı görmüşük, ev təmir eləmişik. Vəzifəli adamlardı deyə evimizdən çıxmalı deyilik ki... Hər yeri alırlar, bircə özümüz qalmışıq.

Bakının Yasamal rayonunda yerləşən 241 saylı bina 1965-ci ildə tikilib. Bina o vaxt tibb işçiləri olan mənzil sahiblərinin maliyyəsi əsasında tikilib. Bakıda son günlər şəhərin mərkəzindəki bəzi küçələrdə evlərin sökülməsi ilə bağlı narahatçılıqlar bu binanın sakinlərinin də necə deyərlər, şirin loğmasını acı edib.

«SAKİNLƏRƏ HƏDƏ-QORXU?»

Bina sakinlərindən biri deyir ki, mənzillərinə müştəri çıxanlar hər kvadrat metrə 1500 manat təklif ediblər, bildiriblər ki, «əgər razılaşmasanız, hər blokda bir-iki mənzil alıb orda tikinti-təmir işləri aparacağıq, elə şərait yaradacağıq ki, özünüz burdan qaçaq düşəsiniz».

Binanın digər sakini, təqaüdçü Şəfiqə Tağıyeva deyir ki, onun ümumiyyətlə heç bir yerə getmək niyyəti yoxdur:

- Heç kim evindən çıxmaq istəmir, lap işığımızı kəssinlər, qazımızı kəssinlər. Çıxmırıq, satmırıq.

Amma bir neçə gün əvvəl binanın sakinləri bu məsələ ilə bağlı iclas keçirib «Tibb işçiləri» Mənzil Kooperativ Binanın köçürülməsi komissiyasının tərkibini müəyyənləşdiriblər. Sakinlərin rəsmi təmsilçisi Kəmalə Muradxanova komissiya ilə bağlı tərtib olunmuş aktı bizə göstərib dedi ki, iclasda mənzilləri almaq istəyənlərin nümayəndələri də iştirak edib:

- Bəzi sakinlər dedilər ki, onlar pul istəmirlər, bu ərazidə şəraitli və otaqlarının sayına uyğun ev istəyirlər. Həmin adamlar da dedilər ki, bu şərti öz rəhbərlərinə çatdırarlar.

«İL YARIMDI TOZ-TORPAĞINI UDURUQ Kİ, SONRA SATAQ?»

Sakin Təranə Quliyeva da deyir ki, il yarımdan çoxdur ki, onlar fasadların təmiri ucbatından toz-torpaq içində yaşayırlar, indi də köçürülmə söhbəti ortaya atılıb. Onun sözlərinə görə, hələ də davam edən təmir zamanı binanın damı zədələnib, yağış yağanda su əlindən evin içində yaşamaq olmur, hətta 5-ci mərtəbədə yaşayan qonşu mənzildən qaçaq düşməyə məcbur olub. «Biz il yarımdı bu toz-torpağı uduruq, başımıza yağış yağır, indi də binanı əlimizdən almaq istəyirlər» deyən Təranə xanım qonşunun təmirə dayanmış mənzilindəki yağış üçün qoyulmuş vedrələri, tasları bizə göstərir.

İş icraçısı Ehtiram Ağayev binanın hansı şirkət tərəfindən təmir olunduğunu bizə söyləmədi, sadəcə dedi ki, damda hələ təmir gedir.

«SATMAQ İSTƏMƏYƏN SATMASIN»

Biz mənzilləri almaq istəyənlərlə də əlaqə saxladıq. Soyadını söyləmək istəməyən Eldar adlı şəxs telefonla müsahibədə təsdiqlədi ki, binadakı mənzillərin hamısını almaq imkanındadırlar:

- Siz bu binadan necə istifadə edəcəksiz?

- Hələ müəyyənləşdirməmişik. Sakinlərlə danışmışıq ki, bütün mənzilləri ala bilərik, özü də real qiymətdən daha artıq təklif edirik. Kim satmaq istəməsə, satmasın.

- Mənzillər dövlət üçün alınır?

- Xeyr, biz fiziki şəxslərik.

Müsahibimiz binaya kimin sahib çıxmaq istədiyini açıqlamadı, daha doğrusu, alıcının elə özü olduğunu söylədi. O, sakinlərə hədə-qorxu gəlinməsi ilə bağlı iddiaları da təkzib eləyib bunu «böhtan» adlandırdı.

HÜQUQİ YOL

Hüquqşünas İntiqam Əliyev isə deyir ki, son vaxtlar Azərbaycanda mülkiyyətlə bağlı baş verən məsələlər hüquqi müstəvini aşıb-keçdiyi üçün artıq nəyisə proqnozlaşdırmaq çətin olub. Amma o yenə də sakinlərə məhkəmə yolunu göstərir ki, əgər gələcəkdə onların binanı tərk etmələri üçün qəsdən dözülməz şərait yaradılarsa, bu zaman qanun onların hüquqlarını müdafiə edir.
XS
SM
MD
LG