Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 09:14

«Necə aclıq etməyim ki...»


Aclıq aksiyası
Aclıq aksiyası
«ÖLÜM ACLIĞI AKSİYASINA BAŞLAMIŞAM»

«Cavan övladlarımız niyə həbsdə yatmalıdırlar? Onlar bizim genefondumuzdur. Niyə onları mənəvi zorakılığa məruz qoyurlar?»

Bunu deyən İctimai Palatanın 2 aprel aksiyasından sonra həbs olunmuş müsavatçı gənc Rüfət Hacıbəylinin atası İbrahim Hacıbəylidir. İndi Müsavat Partiyasının otaqlarından biri İbrahim Hacıbəyli ilə yanaşı daha 5 nəfər üçün mübarizə məkanıdır. Divarları siyasi məhbusların fotoşəkilləri, «Siyasi məhbuslara azadlıq», «Övladlarımızın həbsinə etiraz edirik», «Siyasi məhbuslarsız «Eurovision»» kimi şüarlarla yazılı olan bu otaqda məhbusların ailə üzvləri ilə yanaşı partiyadaşları da aclıq aksiyası edirlər:

«Şəxsən mən 3 gündür aclıq aksiyası keçirirəm. Ölüm aclığı aksiyasına başlamışam. Bunu acizlikdən etmirəm, sadəcə göstərmək istəyirəm ki, azadlıq, demokratiya uğrunda mübarizə apardığımız kimi azadlıq, demokratiya, millətimizin xoşbəxtliyi uğrunda ölə də bilərik. Biz istəyirik ki, bu ölkədə azadlıq, demokratiya olsun, insanlar yaxşı yaşasınlar».

QADINLAR DA ACLIQ EDİRLƏR

Oktyabrın 14-dən aksiyaya ilk olaraq İbrahim Hacıbəyli digər gənc məhbus Elnur Məcidlinin atası Arzuman Məcidli ilə birlikdə başlayıb. Daha sonra aksiyaya dörd nəfər qoşulub. Onlardan 2-si qadındır. Aksiya iştirakçılarından Gözəl Bayramlı və İradə Əliyeva deyir ki, qadınların aclıq etməsi üçün qərargahda o qədər də münasib şərait yoxdur. Ancaq mübarizədən çəkinən deyillər. Gözəl Bayramlı:

İbrahim Hacıbəyli
İbrahim Hacıbəyli
«Sabah müstəqilliyin 20-ci ilidir. Necə bu aksiyaya qoşulmayım ki, Azərbaycanın istiqlalçı deputatı sayılan, müstəqilliyin qazanılmasında müstəsna rolu olan Arif Hacılı hazırda siyasi əqidəsinə görə həbsdədir. Necə aksiyaya qoşulmayım ki, tələbələri institutdan azad edib, özlərini həbsdə saxlayırlar. Bu insanlar siyasi əqidələrinə görə ittiham olunurlar. Bu, Azərbaycanın imicinə ciddi xələl gətirir. Azərbaycan hakimiyyəti nəhayət düşünməlidir ki, siyasi əqidələrinə görə, insanlara qarşı repressiyalar dayandırılmalıdır. Heç olmasa 18 oktyabr ərəfəsində müstəqilliyin qazanılmasında, demokratikləşməsində xidmətləri olanlar azadlığa buraxılmalıdır».

KOMEDİYADAN FACİƏ

İradə Əliyevanın fikrincə də, hazırda həbsdə olanlar siyasi fəaliyyətlərinə görə ittiham olunublar və onların azadlığı uğrunda mübarizənin sonuncu əlacı etirazın məhz bu formasına – aclıq aksiyasına əl atmaqdadır:

«Fevralın 5-dən - Cabbar Savalanlının həbsindən başlayaraq bu məhkəmələrədək hər dəfə şahid olduq ki, bu səhnələşdirilmiş məhkəmələrdir. O dərəcədə pis səhnələşdirilib ki, gənclərin, hüquq müdafiəçilərinin, müxalifətçilərin azadlığına bais olan məhkəmələr olmasaydı, insan ona xeyli gülərdi. Amma təəssüf ki, onların komediyasından insan faciəsi törəyir».

Aclıq aksiyası edənlərin bəzi şüarları
Aclıq aksiyası edənlərin bəzi şüarları
Aclıq edənlər bu aksiyanın davamlı olacağını deyirlər. Bircə Arzuman Məcidlinin səhhəti imkan vermədiyindən o bu gün-oktyabrın 17-si axşamdan aksiyanı dayandıracağını deyir. Amma onu da deyir ki, növbəti günlərdə aksiyaya qoşulanların sayı xeyli artacaq, bu istəklə müraciət edənlər var. Baxmayaraq ki, artıq həbsdə olanlar onlardan aclığa son qoymalarını istəyirlər. Arzuman Məcidli deyir ki, hakimiyyət siyasi məhbusların azadlığa buraxılması istiqamətində addım atmayınca onlar da mübarizəni dayandırmayacaqlar.

YADDAN ÇIXMAYANLAR...

İctimai Palatanın 2 aprel aksiyasından sonra 14 müxalifət fəalı həbs olunub. Onlardan Fuad Qəhrəmanlıya 2 il şərti cəza, digərlərinə isə 1 il 6 aydan 3 ilədək həbs cəzası verilib. Aclıq aksiyası keçirənlər bu məhbuslarla yanaşı, Ruslan Bəşirli, Cabbar Savalan, Bəxtiyar Hacıyev və hüquq müdafiəçisi Vidadi İsgəndərlinin də azad olunmasını tələb edirlər.

Bundan əvvəl də müxalifətçilərin və jurnalistlərin oxşar aksiyaları olub. Lakin bir qayda olaraq rəsmi dairələr bu cür aksiyalara əhəmiyyət verməyiblər.
XS
SM
MD
LG