Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 11:06

Müstəqilliyin yubiley günü


Arxiv şəkil. Ali Sovetin qarşısında etiraz aksiyası.
Arxiv şəkil. Ali Sovetin qarşısında etiraz aksiyası.
18 Oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi günü təqvimdə bayram kimi qalsa da, 2006-cı ildən bu gün qeyri-iş günü deyil. Yubiley tarixində Bakının küçələrində başqa bayram günlərindən fərqli olaraq bayraqlar da gözə dəymir.

Elə Bakı sakini Rövşən Qasımovu da ən çox narahat edən budur. Deyir ki, düz iki saatdır şəhərdə gəzir, ancaq küçələrdə bayraq görmür:

«Şəhərə çıxmışam, ancaq bu bayramı bayram kimi görmürəm. Dirəklərdə bayraq yoxdur. Bunu məmurlar etməlidir. Qonşu dövlətlərdə görürsünüz, dövlət başçısı çıxır, əlində bayraq, ancaq bizdə küçələrdə də bayraq yoxdur».

GÜL BAYRAMINDAN FƏRQLİ

1991-ci il oktyabrın 18-də Azərbaycan parlamenti ölkənin dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya aktını qəbul edib. Bu sənədlə Azərbaycan Respublikası bolşevik Rusiyasının işğalı nəticəsində süqut etmiş 1918-20-ci illər Azərbaycan Demokratik Respublikasının varisi elan edilib.

Müstəqilliyin 20 illiyi ilə əlaqədar Qurtuluş günü, Gül bayramından fərqli olaraq atəşfəşanlıq, dövlət səviyyəsində kütləvi tədbir keçirilməyib. Ancaq oktyabrın 17-də Buta Sarayında müstəqilliyin 20-ci ildönümünə həsr olunmuş rəsmi qəbul təşkil olunub.

Mehriban Əliyeva və İlham Əliyev
Mehriban Əliyeva və İlham Əliyev
Dövlət başçısı İlham Əliyev həmin tədbirdəki çıxışında deyib: «Bizim xoşbəxtliyimiz ondadır ki, Azərbaycan xalqı Heydər Əliyevə müraciət edib və onu hakimiyyətə dəvət edib. Bədbəxtçiliyimiz isə ondadır ki, müstəqilliyimizin ilk illərində ölkənin taleyi ilə oynayan qüvvələr öz tarixi məsuliyyətini dərk edə, ölkəni layiqincə idarə edə bilməyiblər. Bu, tarix qarşısında böyük məsuliyyətdir. Müstəqil Azərbaycana rəhbərlik etmək, ölkəni irəliyə aparmaq bütün əvvəlki nəsillər qarşısında böyük məsuliyyətdir».

Oktyabrın 18-də həmçinin parlamentdə də bayram iclası keçirilib.

BAYRAMI İKİNCİ DƏFƏ HƏBSDƏ KEÇİRƏN ARİF HACILI

Müstəqillik aktına səs vermiş keçmiş deputat Arif Hacılı bu günü ikinci dəfədir həbsdə qeyd edir. O, 2003-cü ilin 18 oktyabr günündə də həbsdə olub. Bu il isə o, müxalifətin İctimai Palatasının 2 aprel mitinqi ilə bağlı 2,5 il müddətinə azadlıqdan məhrum edilib. Qardaşı Mustafa Hacıbəyli deyir ki, bayram ərəfəsində Arif Hacılı ailəsi ilə görüşüb. O, əməlli-başlı bayram əhval-ruhiyyəsində olubmuş:

Arif Hacılı. Məhkəmə zalında (19 sentyabr 2011)
Arif Hacılı. Məhkəmə zalında (19 sentyabr 2011)
«Qardaşımla qürur duyuram. Ən azı ona görə ki, o Azərbaycanın müstəqilliyinə səs vermiş adamlardan biridir. Ölkədə böyük bir ədalətsizlik baş verir. Bu, tək Arif Hacılıya münasibətdə deyil. Başqa insanlara, təbəqələrə münasibətdə də bunu görmək olur. Hazırda vaxtilə Azərbaycanın müstəqilliyini əleyhinə çıxmış insanlar təltif olunurlar, yüksək vəzifələr tuturlar. Ancaq o da məlumdur ki, azad olmayan cəmiyyətlərdə siyasi mübarizə təqiblərsiz, repressiyalarsız ötüşmür. Arif bəyin məhkəmədəki son sözdəki çıxışı yadıma düşür. O, azadlığım ümdə dəyər olduğunu, bu ümdə dəyər uğrunda əziyyət çəkməyin xoş olduğunu bildirmişdi».

BAYRAM HAVASI YOXDUR

Bir neçə Bakı sakininin isə 20 illik müstəqilliyin qeyd olunması ilə bağlı fikirləri belədir:
Fərəc Fərəcov:
-Yaxşıdır, rayonlarda konsertlər verirlər, küçələrdə təmizlik aparırlar.
Afaq Əliyeva:
-Biz bu haqda ailədə tez-tez danışırıq. Düzdür, bayram qeyd olunmur. Ancaq biz iş yerində, ailədə bunu bilirik.
Əmrah Paşalı:
- Belə bayram olar? Gərək təntənəli qeyd olunaydı.
Aida Babayeva:
-Bayram havası yoxdur. Başqa ölkələrdə müxtəlif paradlar olur, ancaq bizdə bu yoxdur.
Saday Cəfərov:
- Mən bu gün pensiyamı gözləyirəm. Hələ yoxdur.
Səlməxanım Qurbanova:
- İnsanlara müstəqillik verilməlidir. Bayram hiss olunmur, şəxsən mən bayramı hiss eləmirəm.
Əsli Qarayeva:
- Bilirəm ki, bu gün bayramdır. Ancaq bayram-əhval ruhiyyəsi yoxdur. İnsanların üzündə təbəssüm çatışmır. Məncə o olsa, hər şey düzələr.
Mahmud Tarverdiyev:
-Müstəqillik deyəndə mən azadlıq başa düşürəm. İnsan rahat olur. İstədiyi kimi yaşayır.
Binalardan asılan bayraqlar
Binalardan asılan bayraqlar

«MÜSTƏQİLLİYİN 120 İLLİYİNİ QEYD EDƏK»

Bakı sakini Rövşən Qasımov bu gün küçələrdə bayraq görmədiyindən şikayətlənmişdi. Mən isə üstünə «Müstəqilliyin 20-ci ildönümü» yazılmış iki bayraq gördüm. Birini Kukla Teatrının yanındakı keçidin, o birini də Xalça Muzeyinin qarşısında. Bir binanın bir balkonundan isə düz dörd bayraq asılmışdı.

5-ci sinif şagirdi Leyla Məmmədzadə isə deyir ki, bayramla bağlı bu fikri mütləq səsləndirilməlidir:

«20 il əvvəl biz öz müstəqilliyimizi qazanmışıq. İstəyirəm ki, bu illər artsın, 30, 50, 120 illik olsun».
XS
SM
MD
LG