Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 14:58

Laçın köçkünü: Hara gedək?


Foto: Arxiv
Foto: Arxiv
Laçın köçkünü Cəmilə Həsənova AzadlıqRadiosunun «Qaynar xətt»inə məskunlaşdıqları mənzildən çıxarılmaq təhlükəsi ilə üz-üzə qaldıqlarını bildirib. Deməsinə görə, 1992-ci ildə Laçından köçkün düşəndən sonra Bakıda, Badamdar qəsəbəsində ikiotaqlı mənzilə sığınıblar. İndi Cavid Kərimov adlı bir nəfər məhkəmə yolu ilə 7 nəfərdən ibarət ailəni mənzildən çıxartdırır. Cəmilə Həsənova deyir ki, hara gedəcəklərini bilmirlər:

«ÖZ XOŞUMUZA ÇIXMASAQ, ZORLA ÇIXARACAQLAR»

«İcra məmurları deyiblər ki, 10 günə öz xoşunuzla çıxın. Çıxmasanız, özümüz çıxardacağıq».

Cəmilə Həsənova deyir ki, Cavid Kərimov həmin mənzilə orderi 2008-ci ildə alıb.

Cavid Kərimov isə Səbail rayon Məhkəməsində köçkünlərə qarşı mənzildən çıxarılmaya dair iddiasını belə əsaslandırır ki, indi mübahisəyə çevrilmiş bu mənzil ona Qarabağ müharibəsi iştirakçısı olduğuna görə 1992-ci ildə dövlət tərəfindən verilib. Elə həmin vaxt Yasamal rayon İcra Hakimiyyəti mənzilə order də verib. Mənzilin yaşayış şəraitini yaxşılaşdırıb, cəbhə bölgəsinə qayıdıb. Cəbhədə olduğuna görə mənzilə köçə bilməyib, Bakıya qayıdanda, mənzili Laçın köçkünlərinin zəbt etdiyini görüb. Ailənin başçısı Sovet Həsənovdan mənzili boşaltmalarını tələb etsə də, Sovet Həsənov başqa yerə köçənə qədər mənzildə qalmalarına icazə verməsini xahiş edib, o da razılaşıb. Özü isə ailəsini anasının yaşadığı ikiotaqlı mənzilə köçürüb, işləmək üçün Rusiyaya gedib. Bu yaxınlarda Bakıya qayıdanda, köçkünlərin hələ də mənzildən çıxmadıqlarını görüb və məhkəməyə müraciət edib. Məhkəmə də köçkünlərin mənzili boşaltmalarına dair qətnamə çıxarıb.

«KÖÇKÜNÜN SONRAKI TALEYİ MƏHKƏMƏLƏR ÜÇÜN MARAQLI DEYİL»

Namizəd Səfərov
Namizəd Səfərov
Hüquqşünas Namizəd Səfərov deyir ki, dövlət bir vətəndaşın hesabına başqa vətəndaşın mənzil problemini həll edə bilməz. Qaçqın və köçkünün mənzillə təmin olunması dövlətin vəzifəsidir:

«Bu yaxınlara kimi bizdə belə bir təcrübə vardı ki, işğal olunmuş ərazilər geri qaytarılmayanadək məcburi köçkünlər zəbt etdikləri torpaqlardan, mənzillərdən çıxarıla bilməzdilər. Bir dəfə Heydər Əliyev demişdi ki, heç kim məcburi köçkünü öz yerindən çıxara bilməz, məhkəmələr də bunu bir təcrübə olaraq tətbiq edirdi. Ancaq son vaxtlar Avropa İnsan Haqları Məhkəməsi bir neçə belə şikayətə baxıb, məcburi köçkünlərin başqalarının mənzillərini zəbt etməsi faktlarını mənzili zəbt olunmuş vətəndaşın hüquqlarının pozuntusu kimi qiymətləndirib. Bundan da dərs götürən bizim yerli məhkəmələr məcburi köçkünlərin zəbt etdikləri mənzillərdən çıxarılmalarına dair qərarlar verirlər. Ancaq bütün hallarda məhkəmə köçkünü elə belə çölə atmamalıdır. Onun başqa yararlı mənzillə təmin olunması məsələsini həll etməlidir. Bunu yerli icra hakimiyyətinin, ya da «Qaçqınkom»un üzərinə öhdəlik kimi qoymalıdır. Ancaq məhkəmələr çox vaxt yalnız mənzildən çıxarılma barədə qərar çıxarırlar, mənzildən çıxarılanın sonrakı taleyi isə məhkəmələr üçün maraqlı deyil».

Vəkil deyir ki, mənzildən çıxarılmış köçkün məhkəmə qətnaməsindən yuxarı məhkəmələrə müraciət etməlidir. Yenə hüquqlarını bərpa edə bilməsə, bu dəfə «Qaçqınkom»dan və köçkün düşdüyü rayonun icra hakimiyyətindən mənzil tələb etməlidir.

Buna da bax:

XS
SM
MD
LG