Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 08:06

Qurban kəsmək qaydaları


Xəstə və arıq yox, kök və sağlam heyvanlar kəsilməlidir

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilər Şurası Qurban bayramı ilə əlaqədar fətva verib. Şuranın açıqlamasında bildirilir ki, qurban kəsmək əsasən Məkkədə hacılar üçün vacibdir. Digər yerlərdə isə imkanlı adamların qurban kəsmələri Allah-Təala yanında bəyənilmiş - müstəcəb əməllərdən hesab olunur.

Qurban kəsilən heyvan sağlam və kök olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa layiq və məqbul sayılmır:

“Qurbanlıq kimi qoyun, keçi, öküz, inək və dəvədən istifadə etmək olar. Bu heyvanlar müəyyən yaş həddinə çatmalıdır. Keçi və qoyunun ili tamam olmalı, öküz və inək bir və ya iki ildən artıq, dəvənin isə beş ili tamam olmalıdır”.

BORC PULLA QURBAN KƏSMƏK LAZIM DEYİL

Qurban ətini fəqir və kasıb ailələrə paylamaq böyük savabdır. Lakin borc pulla qurban kəsməyə ehtiyac yoxdur.

Fətvada o da qeyd olunur ki, indi 5-6 adamın cəmləşib bir iribuynuzlu heyvanı qurban kəsmələri çox yerlərdə el adətinə çevrilib. Yaxşı olar ki, bu zaman bölgü aparanda həmin şəriklər biri-birinə halallıq versinlər.

Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissə qurban sahibinə çatır, digər hissə fəqir və kasıb ailələrə, üçüncü hissə isə hədiyyə kimi qohum-əqrəbalara paylanmalıdır. QMİ bildirir ki, şərikli kəsilən qurbanın hər şərikə çatan payı da üç hissəyə bölünməlidir.

UŞAQLARIN GÖZÜ QARŞISINDA HEYVAN KƏSMƏYİN

Fətvada həmçinin qurban kəsməyin qaydaları haqqında da məlumat verilir. Tövsiyə edərdik ki, bu müqəddəs bayram günlərində kəsilən qurbanlıqları baytarlıq və sanitariya qayda-qanunlarına ciddi əməl olunmaqla münasib yerlərdə icra edilsin. Həmçinin qurbanların ictimai yerlərdə və uşaqların gözü qarşısında kəsilməsi məsləhət deyil.

HƏR MƏZHƏB ÖZÜNƏ UYĞUN GÜNDƏ QURBAN KƏSƏ BİLƏR

“Azərbaycanda hər iki məzhəb daşıyıcılarının olması və onların hüquqlarının demokratik şəkildə təmin edilməsi məqsədilə dövlətimiz rəsmi olaraq iki gün - 6-7 noyabr tarixlərini Qurban Bayramı münasibətilə qeyri-iş günü elan edib. Bu günlərin hər birində öz əqidəsinə uyğun olaraq qurban kəsilməsi və bayram namazı qılınması məqbuldur” - deyə fətvada vurğulanır.

Fətvada daha sonra bildirilir ki, insanı öz yaradanına yaxın edən Qurban bayramının sevincini qaçqın, köçkün, kimsəsiz soydaşlarımıza, maddi sıxıntı çəkən insanlara da yaşatmaq, onu hamı ilə birgə könül xoşluğu ilə keçirmək Allaha xoş gələn savab əməllərdəndir:

“Qurban kəsməyə imkanı olmayanların Qurban günü ibadət və duaları da Allah-Təala yanında savab əməllərdəndir. Allah-Təala insanların mənən saflaşması və həmrəyliyə nail olması məqsədilə qərar verdiyi bu bayram günündə kəsdiyiniz qurbanları qəbul etsin. Amin!”
XS
SM
MD
LG