Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:02

Azərbaycanda halal zəmanəti necə və kimlərə verilir?..


Arxiv foto
Arxiv foto

Azərbaycanda nə "Halal" adlı standart var, nə də bu bazara nəzarət

Azərbaycan da daxil olmaqla bir çox ölkələrdə yalnız halal və koşer qida yemek istəyən insanlar var. Bu cür insanların hüquqları necə qorunur? Onların aldanma ehtimalı nə yerdədir? Bu sahəyə nəzarət hansı səviyyədədir? Halal əvəzinə haram alan istehlakçı məhkəməyə üz tutmaq mümkündürmü?

“İslam və demokratiya” verilişində bu dəfə dini inancına görə qida seçən insanların hüquqlarından danışmışıq.

HEYVANIN 4 DAMARINI KƏSMƏK LAZIMDIR

Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) şöbə müdiri, Qazi Hacı Mirəziz Seyidzadə deyir ki, halal qida hazırlamağın bir çox şərtləri var. Söhbət ət məhsullarından gedirsə, heyvanın kəsilmə qaydalarına xüsusi diqqət yetirilməlidir:

“Gərək heyvanı kəsən şəxs müsəlman olsun, onu üzü qibləyə çevirib kəssin. Heyvanın boğazında 4 damar, özü də dəmirlə kəsilməlidir. Bu qaydalarla kəsilən heyvanın ətinə təbii ki, donuz əti və piyi qatmaq olmaz”.

ANCAQ 2 ŞİRKƏTƏ HALAL ZƏMANƏTİ VERİLİB

QMİ bu sahədə yalnız 2 şirkətə - “Sab” firması və Gəncədəki “Halal qida” şirkətinə halallıq zəmanəti verib. İdarənin yaratdığı komissiya üzvləri 1-2 aydan bir həmin şirkətlərdə vəziyyəti yoxlayır, orda hazırlanan məhsulları mütəmadi olaraq laborator analizdən keçirirlər.

“Bu şirkətlər müsəlman ölkələrindən alınan ətlərdən məhsul hazırlayırlar. Yəni, ətin halal qaydada kəsildiyinə zəmanət var. Elə-elə iş görmək istəyirik ki, aldanmayaq və insanları da aldatmayaq. Yoxsa, Qiyamət günündə buna görə cavab verməli olacağıq”.

HALAL-HARAM MƏSƏLƏSİNƏ DİNİ İDARƏ BAXIR

Halallıq zəmanətini QMİ-nin verməsinə gəlincə, Hacı Mirəziz bunu daha məntiqli sayır. Onun fikrincə, dinin dövlətdən ayrı olduğu Azərbaycanda bu işi məhz dini qurum həyata keçirməlidir:

“Halal-haram işinə dini idarə baxır. Dövlət haram-halal işinə baxacaqdısa, gərək dövlət idarəsi ruhaniyyətdə olardı. Bu işə məsul olan dövlət idarələri yalnız tibbi tərəfinə nəzarət edə bilər”.

AZƏRBAYCAN BEYNƏLXALQ STANDARTI GÖZLƏYİR

“Nəinki Azərbaycanda, ümumiyyətlə, hələlik Halal adında beynəlxalq standart da yoxdur”. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat katibi Fazil Talıbov belə deyir. Onun sözlərinə görə, Azərbaycan halal standartı tətbiq etmək üçün İslam Konfransı Təşkilatının (İKT) qərarını gözləyir.

“İKT halal standart layihəsi hazırdır. Burda yalnız bir mübahisəli məsələ qalıb – heyvanları elektrik cərəyanı vasitəsilə, yoxsa əllə kəsmək? Bu məsələ İKT üzv ölkələr yekdil qərara gələ bilmirlər. Layihəyə heyvanın kəsilməzdən öncə ona verilən qidalarla əlaqəli tələblərdən tutmuş, kəsən şəxsin, alətin, müəssisənin təmizliyinə qədər, hətta hansı avtomobildə daşınması və vitrinə qoyulana qədər bütün proses əhatə olunub”.

HALAL MƏHSUL “BLEF”DƏN BAŞQA BİR ŞEY DEYİL

Fazil Talıbov və Eyyub Hüseynov
Fazil Talıbov və Eyyub Hüseynov
Halal standartı ilə bağlı heç bir texniki şərt, reqlament bəlli olmadığına görə, Komitə bu sahəyə nəzarət etmir.

“Biz mövcud digər standartlar, ərzağın təhlükəsizliyi ilə bağlı yoxlama keçirir və Halal deyilən məhsul “blef”dən başqa bir şey deyil. Axı hansısa kolbasaya donuz əti vurulmaması o demək deyil ki, o kolbasa halaldır. Kim zəmanət verir ki, Braziliyadan, a da Hindistandan gətirilən dondurulmuş camış ətləri halallıqla kəsilib?”

Fazil Talıbov Azərbaycanda bəzən “Halal” adını daşıyan marketdə spirtli içki satılmasını da düzgün saymır.

“Yaxud “halal tərəzi” yazırlar. Hətta “halal kəsilmiş qurban əti” yazıb satırlar. Bəzi sahibkarlar belə ifratçılıqla halal sözünün mənasını azaldırlar”.

DİNİ ORQANIN STANDART VERMƏSİ QANUNİ DEYİL

Azad İstehlakçı Hüquqları Birliyinin sədri Eyyub Hüseynov isə indi yalnız Azərbaycanda deyil, bütün dünyada halal məhsullarla bağlı istehlakçıların aldanması prosesinin getdiyini deyir:

“Ən qatı xristian ölkələrində, Cənubi Afrikanın xristian hissəsində, hətta Ermənistanda da halal mal nişanı ilə məhsul satılır. Azərbaycanda “Halal” mal nişanı ilə 20-yə yaxın mallar var. Bu bazarın belə geniş spektrdə olması və izlənmə prosesinin olmaması dindar istehlakçıların aldadılması ilə nəticələnir”.

RAVVİNLƏR MƏHSULU TARLADAN SÜFRƏYƏ QƏDƏR İZLƏYİRLƏR

E.Hüseynov deyir ki, dövlət orqanının funksiyasını mənimsəyən dini qurumun belə standart verməsi qeyri-qanunidir.

“Düzdür, yəhudilərdə belə bir təcrübə var. Amma orada ravvinlər gecə-gündüz istehsal prosesini izləyirlər. Tarladan istehlakçının stolunun üstünə qədər izləyirlər. Bizdə belə bir izlənmə sistemi yoxdursa, bir kağız parçası verməklə istehlakçını aldatmaq düzgün deyil”.

E.Hüseynov hesab edir ki, halal standartını HASSP sisteminin üzərində qurmaq olar. Bu, malın ekoloji təmizliyini izləyən bir sistemdir.

Arxiv foto
Arxiv foto
“Əgər bura halal izləmə sistemi də əlavə olunsa, onda natural halal məhsul bazara çıxarmaq mümkün ola bilər”.

HACI PİVƏSİ? OLA BİLMƏZ...

Hacı Mirəziz Seyidzadə deyir ki, Məkkədə, İranda Arpa suyundan alkoqolsuz içki hazırlanır və müsəlmanlar bunu içir. Amma bunu “pivə” adlandırmırlar.

Eyyub Hüseynov deyir ki, içkinin adı pivədirsə, onda standarta görə, gərək onun tərkibində alkoqol olsun:

“İstənilən kataloqda baxsanız, görəcəksiniz ki, pivənin tərkibində alkoqol olmalıdır. İçkinin üzərinə “Hacı pivəsi” yazmaq dini inanca, etikaya sığmayan bir məsələdir”.

AİB sədri deyir ki, halal adı altında haram mal aldığını sübut etmək və məhkəməyə müraciət etmək istəyən şəxslər onların yardımından istifadə edə bilər. Amma hələlik sırf bu məsələ ilə bağlı məhkəməyə müraciət edən olmayıb.
XS
SM
MD
LG