Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 02:46

«Şimal axını»- Nabucco-ya rəqib?


Rusiyadan Avropaya gedən qazötürücüləri
Rusiyadan Avropaya gedən qazötürücüləri
««Şimal axını» («Nord Stream») qaz kəmərinin işə düşməsi Rusiya ilə Avropa İttifaqı arasındakı münasibətin ifadəsidir və Avropada təhlükəsizliyin, eləcə də enerji təhlükəsizliyinin möhkəmlənməsinə xidmət edəcək».

Rusiyanın İTAR-TASS agentliyinin məlumatına görə, bunu Almaniya Prezidenti Kristian Vulfla (Christian Wulff) birlikdə keçirdiyi mətbuat konfransında Rusiya prezidenti Dmitri Medvedev deyib. Noyabrın 8-də Almaniyanın Lyubmin şəhərində, «Şimal Axını» qaz kəmərinin açılışı olub.

Baltik dənizinin dibi ilə çəkilən bu qaz kəməri Almaniya və Rusiya sahillərini birləşdirir. Oradan isə Rusiya qazının Fransa, Hollandiya və Avropanın digər ölkələrinə nəqli planlaşdırılır. Kəmərin artıq işə düşən birinci qolu ildə 27,5 milyard kubmetr qaz nəqlinə hesablanıb. Gələn ilin sonuna nəzərdə tutulan ikinci qolu işə düşdükdən sonra isə «Şimal axını» tam layihə gücü ilə -yəni ildə 55 milyard kubmetr qaz nəql etməyə başlayacaq.

BAHALI BORU XƏTLƏRİ

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyir ki, «Şimal axını» hazırda dünyada inşa edilən boru xətlərinin ən bahalısıdır. Və yəqin ki, ən sürətlə inşa edilən layihədir. O, Rusiyanın «Qazprom» şirkətinə tranzit ölkələrdən yan keçməklə birbaşa Avropa bazarına ildə 55 milyard kubmetr qaz nəql etmə imkanı yaradacaq:

«Rusiya bu layihəyə faktiki olaraq böyük investisiyalar yatırıb. Bu iki kəmərə təqribən 20 milyard avroya yaxın vəsait xərclənəcək. Buna getməklə Rusiya özünü uzun müddətə-yəni 40-50 il müddətinə birbaşa Mərkəzi Avropaya və Avropanın ən çox qaz istehlak edən ölkələrinə bağlamış olur. Söhbət burada Rusiyanın Almaniya, Hollandiya, Böyük Britaniya və Fransa bazarına çıxmasından gedir”.

İlham Şabanın fikrincə, «Şimal axını»nın Azərbaycanın da iştirakı istisna olmayan «Cənub axını»na –yəni Nabucco layihəsinə mənfi təsiri artıq olub. Belə ki, Rusiya bu kəməri inşa etməklə, əlavə qaza ehtiyacı olan Avropanın iri qaz istehlakçılarının almağa hazırlaşdıqları həcmləri digər layihələrin əlindən alıb. Ekspert hesab edir ki, bununla belə «Nabucco»nun gündəmə gəlməsinin Avropa üçün əhəmiyyəti az olmayıb:

«Nord Stream» qaz kəmərinin işə düşməsi
«Nord Stream» qaz kəmərinin işə düşməsi
«Nabucco 2002-ci ildə gündəmə gəlib. Artıq 2005-ci ildən bu layihə Avropanın bütün sənədlərində özünə yer alıb. Və əhəmiyyəti də o oldu ki, Avropa vəsait xərcləmədi, Nord Stream - «Şimal axını»nın bütün xərcini Rusiya öz üzərinə götürməklə inşa etdi. Bax, Avropanın qazancı bu oldu».

İlham Şabanın sözlərinə görə, indiyədək hətta bir kubmetr qaz resursunun mənbəyi bəlli olmayan Nabucconun bundan sonra inşa ediləcəyini demək də çətindir.

NAZİM MƏMMƏDOV: «NABUCCO DA İNŞA EDİLƏCƏK...»

İqtisadçı ekspert Nazim Məmmədov isə düşünmür ki, «Şimal axını» Avropanın Rusiyadan enerji asılılığını azaltmaq üçün nəzərdə tutduğu Nabucco layihəsini tamamilə sıradan çıxarda bilsin. Deyir Nabucco da inşa ediləcək. Ancaq nə vaxt, o bəlli deyil. O ki qaldı «Nord Stream»in belə tez inşa edilməsinə, Nazim Məmmədov hesab edir ki, Rusiya bu istəyini Avropa ölkələri arasında olan fikir ayrılığından yararlanaraq gerçəkləşdirə bilib:

Nazim Məmmədov
Nazim Məmmədov
«Əslində Rusiyanın «Qazprom» şirkətinin Avropanın iqtisadi baxımdan ən böyük dövləti olan Almaniya ilə bir növ iş birliyi var. Almaniyanın keçmiş baş naziri Gerhard Schröder bu layihənin əsas lobbiçisi idi. Və bu məsələ ilə bağlı Avropa İttifaqında kifayət qədər fikir ayrılığı var. Ona görə də Rusiya bu və ya digər layihələri həyata keçirən zaman Avropanın belə fikir ayrılıqlarından yararlanır. Nəticədə göründüyü kimi dünyada ayrı-ayrı layihələr ortaya çıxır. Ancaq Nabucco ildə 31 milyard kub metr qazın nəqlini nəzərdə tutan bir layihə olmaqla əslində Avropa ölkələrinin qaza olan tələbatının 5-7 faizini ödəyə biləcək bir kəmərdir. Ancaq o da inhisarçılığın azalması üçün Avropa İttifaqının dəstəklədiyi layihədir».

«Şimal axını» kəmərinin inşasına dair razılıq 2005-ci ildə, o dövr Almaniyanın baş naziri Gerhard Schröderlə həmin vaxt Rusiya prezidenti olan Vladimir Putin arasında əldə edilmişdi. Bu anlaşma Rusiyadan enerji asılılığından ehtiyatlanan Avropa ölkələri tərəfindən birmənalı qarşılanmamışdı.

İqtisadçı ekspert Zöhrab İsmayıl isə deyir ki, Rusiya bu sahədə Avropada öz monopoliyasını qoruyub saxlamağa çalışır. Amma Avropanın da qaza olan ehtiyacı kifayət qədərdir. Ona görə bir layihənin digərinə mane olacağı inandırıcı deyil. Orada Rusiya kimi, Azərbaycanın, Qazaxıstanın və digərlərinin də qazının satılması üçün imkanlar var.

«Nord Stream» boru kəmərinin uzunluğu 1220 kilometrdir. Kəmərin tikintisinə 2010-cu ildə başlanıb. O vaxt «Qazprom» şirkətinin prezidenti Aleksey Miller «Şimal axını»nın inşasının 2012-ci ilə qədər başa çatacağını demişdi. Rusiya baş nazirinin köməkçisi İgor Seçin mediaya açıqlamasında boru kəmərinin ümumi dəyərinin 8,8 milyard avroya çatdığını söyləyib.

Bu ilin sentyabrında Almaniyanın Vıborq şəhərində kəmərin texniki açılışı zamanı Rusiyanın baş naziri Vladimir Putin bildirmişdi ki, «Nord Stream» Avropanın Rusiyanın Ukrayna ərazisindəki boru kəmərindən asılılığını azalacaq.

Xatırladaq ki, son illər Ukraynadakı təbii qaz boru xətti, Moskva ilə Kiyev arasında müxtəlif anlaşılmazlıqlar zamanı bağlanılmış və bunun nəticəsində Avropa ölkələrində enerji problemi yaşanmışdı.​
XS
SM
MD
LG