Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:39

İqtidarla müxalifət debatda nə danışacaqlar?


İsa Qəmbər və Əli Kərimli
İsa Qəmbər və Əli Kərimli
İqtidarla müxalifətin dialoq masasına gəlməsilə bağlı müzakirələr az qala Azərbaycanın müstəqilliyi ilə yaşıddır. Həm beynəlxalq təşkilatların bu barədə təşəbbüsləri yarımçıq qalıb, həm də tərəflərin təklifləri.

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Səyavuş Novruzovun müxalifət liderləri Əli Kərimli və İsa Qəmbəri debata çağırması ilə bağlı mediada işaran xəbərlər mövzunu bir daha gündəmə gətirib. Bunun ardınca isə AXCP sədri Əli Kərimli yerli mediaya müsahibəsində YAP sədri İlham Əliyevi növbəti dəfə debata çağırdığını bəyan edib.

«GÖZDƏN PƏRDƏ ASMAQ»

Əli Kərimli AzadlıqRadiosuna deyir ki, iqtidar təmsilçilərinin bu mövzuda aktivləşməsi «baş qatmaq, gözdən pərdə asmaq üçündür». Qarşı tərəflə debat reallaşarsa, onun müzakirəyə qoyacağı mövzular belədir:

«Nəyə görə ailə, sülalə hakimiyyətləri arasında Azərbaycan da olmalıdır? Nə ilə bunu izah edərlər? Niyə Azərbaycan dünyada korrupsiya üzrə lider ölkələrdəndir və nəyə görə dövlət başçısının özündən başlayaraq onun nazir oliqarxlarının hamısı çox böyük cah-calal sahibidirlər və onların gəlir bəyannamələrində bu var-dövlətin mənbələri, qanuni vasitələri göstərilməyib? 18 ildə ata-oğul Azərbaycanda niyə sabitlik yarada bilməyiblər ki, insanlar sərbəst şəkildə gedib mitinqlərini keçirsinlər və sabitlik də pozulmasın? Bir mitinqlik canı var bizim sabitliyin...»

Bunlar Əli Kərimlinin dialoq masasına qoyacağı mövzuların bir qismi idi.

Yeni Azərbaycan Partiyasının debat tərəfi kimi nələri ortaya atacağını öyrənmək mümkün olmadı. Partiyanın bir neçə yetkilisi bu barədə açıqlama vermək istəmədiyini dedi.

BİR-BİRİNİ SUSDURMAQ İSTƏYİ

Hakimiyyətyönlü Ana Vətən Partiyasının təmsilçisi Zahid Oruc deyir ki, iqtidar-müxalifət dialoqu meydanda şəxslərarası dava deyil, ideya mükaliməsi və mühakiməsi formasında olmalıdır:

Zahid Oruc
Zahid Oruc
«Danışmaq yox, bir-birini susdurmaq istəyi kimi bir tendensiya özünü göstərir. Müxalifət ultimatum qaydasında bəzən kimlərisə belə debatlara dəvət edirdi və sanki bununla özlərinin triumfal güclərini nümayiş etdirmək istəyirdilər. Halbuki bu cür gurultulu bəyanatlar güc müəyyənləşdirmir».

Zahid Oruc debat görüşlərində müzakirə ediləsi məsələlərdən də danışdı:

«Azərbaycanda iqtisadi proseslərin gedişi, beynəlxalq əlaqələr, regiondakı situasiya, Qarabağ məsələsinə münasibət, islahatlar, dövlət idarəetmə sistemi, onun şəffaflığı və ya qüsurları, siyasi konsensus və onun şərtləri, siyasi sistemin mükəmməl işləməsi üçün birgə modellərin hazırlanması və s. Onlarla mövzu seçmək mümkündür, yetər ki, məram xoş olsun».

KİM KİMLƏ DEBATA GETSİN?

Müzakirə olunası məsələlərdən əvvəl açıq qalan bir sual var: «Kim kimlə debata getsin?».

Zahid Oruc deyir ki, üzvlərinin sayı YAP-ın təkcə rayon təşkilatının üzvlərinin sayına bərabər olan partiya təmsilçilərinin iddiaları düzgün deyil:

«İndi biri 5-15 nəfərdən ibarət partiyanın rəhbəri adıyla özünü dövlətin ən mühüm təsisatlarının başçılarına bərabərmi tutacaq? Ölkənin real iqtisadi, sosial, siyasi həyatında əsas qərarverici şəxslərin statusunu hansısa partiya rəhbəri adıyla eyniləşdirmək də çox yanlışdır. Demək ki, bunlar formal, avtomatik eyniləşdirməyə daha çox önəm verirlər».

Əli Kərimli isə deyir ki, heç nəyi həll etmək imkanı olmayan şəxslərlə müzakirəyə çıxmağın mənası yoxdur:

Ərəstun Oruclu
Ərəstun Oruclu
«İlham Əliyevi debata mən çağırmışam. Azərbaycan müxalifətinin liderlərindən biri kimi məni bütün dünya qəbul edir. Amma Azərbaycandakı şərtləri nəzərə almışam, İlham Əliyevin özünün belə debatlara meylli olmadığını və onun üçün belə debatların çətin olacağını nəzərə alıb kompromisli variant da təklif etmişəm ki, özü gəlməsə də heç olmasa müəyyən səlahiyyət sahibi olan adamları bu debatlarda təmsilçisi kimi müəyyənləşdirə bilər».

«TƏZYİQLƏR VAR»

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu deyir ki, hakimiyyətin də debat çağırışlarını mediaya çıxarması təsadüfi deyil:

«Mən hesab edirəm ki, bu, sözgəlişi deyil. Burda təzyiqlər də var, amma bu da həlledici deyil. Həlledici məqam ondan ibarətdir ki, Azərbaycan hakimiyyətində artıq xeyli insan başa düşür ki, ölkə ciddi problemlə üz-üzədir. Ona görə də hakimiyyətin müxtəlif pillələrində oturan şəxslər bunu gözəl başa düşürlər. Onlar həm də başa düşürlər ki, müxalifətlə dialoq da lazımdır».
XS
SM
MD
LG