Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 09:11

Sumqayıta uzunboğaz çəkmə ilə səyahət


Sumqayıtın qəsəbəsi su altında
Gözlə

No media source currently available

0:00 0:03:41 0:00
Direct-ə keçid

Sumqayıt şəhərində Acıdərə kanalı daşıb və İnşaatçılar qəsəbəsindəki evləri su basıb.

İndi Sumqayıtın İnşaatçılar qəsəbəsinə yolunuz düşsə, özünüzlə uzunboğaz çəkmə götürməyi unutmayın. Çünki qəsəbə artıq 3 gündür ki, su altında qalıb. Sakinlər evlərinə getmək üçün süni körpülər düzəldir, ya da ki xüsusi ayaqqabılardan istifadə edirlər. Gəlin, qəsəbədə süni gölün yaranma səbəbini, əvvəlcə sakinlərin dilindən eşidək. Zeynal Zeynalov:

-Yağış yağdı, borular köhnədir, qabağı tutuldu, kanalizasiya sistemi köhnədir. Düzəldən yoxdur.

XƏSTƏLİK MƏNBƏYİ

Evləri ziyan çəkmişlərdən bəziləri həyətlərindən suyu motorla çəkib, bəziləri isə şalvarını çırmayıb işə başlayıb. İslam Tağıyev:

–Bir tikə çörək qazanıb, elə burda yeyib, yaşayırıq. Bir elə imkanımız yoxdur ki, nəsə edək. Belə olsa, məcburuq kirayə çıxaq, maşında qalaq.
- Gəlib burda yerləşmişdik, su basıb qalmışıq burda, bir yerdən köməyimiz-filanımız da yoxdur.

- İki uşaqla suyun içindəyik, xəstəlik mənbəyidir, bu gündəyik.

Qəsəbə sakinləri deyir ki, yerli icra orqanlarına dəfələrlə müraciət ediblər, icra nümayəndələri isə sadəcə gəlib, görüb və gedib.

SƏLAHİYYƏTSİZ İCRA HAKİMİYYƏTİ

-Gündə icra hakimiyyətindən bir adam gəlir, deyir «bizim səlahiyyətimiz yoxdur burda bir şey etməyə, yolu qaza bilmərik». Turbaları gətirib töküblər yolun qırağına o da qalıb elə.

-Dövlət orqanları deyir ki, təzədən kanal birləşdirilməlidir, çəkilməlidir, biz ona qədər məhv olub gedirik axı…

Mən də qəsəbəyə hazırlıqsız gəldiyim üçün yerli sakinlərdən uzunboğaz çəkmə götürməli oluram… Qəsəbə sakini Fazil Cahangirov:

- Özünüz keçirsiz, müşahidə edin. Azərbaycana Allah hər cür sərvət verib verib. Bax, nə üçün biz bu cür yaşamalıyıq? Uşaqlar məktəbə gedib çıxa bilmirlər, qalıblar evdə. Sən «sapok»la onun yanına keçə bilmirsən, burda yaşamaq olar?

ACIDƏRƏ PROBLEMİNİ NECƏ HƏLL ETMƏLİ

Sakinləri acı dərdə salan kanalın adı Acıdərədir. Hansı ki, sakinlərin versiyasına görə, ağzı tutulduğundan daşıb.

Rəsmilər də təsdiq edir ki, Acıdərə kanalının tez- tez daşması Sumqayıtın böyük problemidir. Sumqayıt Şəhər İcra Hakimiyyətinin mənzil-kommunal-Təsərrüfatı İstehsalat Birliynin rəisi Abid Əliyev deyir ki, kanalın təmizlənməsi mümkün deyil:

– Texnikanın ora yaxınlaşması qeyri –mümkündür. Çünki müxtəlif vaxtlarda uzun müddət bu kanalın üzərində həm müxtəlif obyektlərin tikintisinə icazə verilib, həm də məcburi köçkünlər orda evlər tikib.

ÇİRKAB SU TƏMİZLƏYİCİ QURĞU QURAŞDIRILACAQ

İcra nümayəndəsinin sözlərinə görə, 1-2 günə su bütünlüklə həyətlərdən çəkiləcək. Problemin köklü həlli üçün isə rəsmilər iki yol təklif edir:

– Birinci variant – kanal üzərindəki bütün tikililəri sökərək kanalın ətrafını texnikanın işləyəcəyi səviyyədə açmaq və kanalı mütəmadi olaraq təmizləmək. İkinci alternativ- kanal çəkərək sel sularını birbaşa dənizə axıtmaqdır.

Abid Əliyev bildirdi ki, Sumqayıtın Acıdərə problemini həll etmək üçün hesablamalara görə azı 12 mln. manat lazımdır. Bunun üçün Sumqayıt Şəhər icra başçısı Nazirlər Kabinetinə və «Azərsu» səhmdar cəmiyyətinə müraciət edib.

«Azərsu» cəmiyyətindən Anar Cəbrayıllı bildirdi ki, Acıdərə kanal sisteminin yenidən qurulması planda var. Onun sözlərinə görə, çirkab su təmizləyici qurğu quraşdırılacaq və təmizlənən su dənizə axıdılacaq.

«EHTİYAT FONDLAR VAR»

İqtisadçı ekspert Zöhrab İsmayıl isə bildirir ki, bu, fövqəladə haldır və məsələnin həllini uzatmaq olmaz:

– Layihələndirmək, böyük planlar cızmaq, böyük pul qazanmaq barədə fikirləşmək – bunları indi arxa plana keçirmək lazımdır. Fövqəladə vəziyyət olduğu üçün ehtiyat fondlardan ora vəsait ayırmaq lazımdır. Ehtiyat fondların vəsaitləri məhz belə hallar üçün nəzərdə tutulub. Həm Nazirlər Kabinetinin, həm də prezidentin ehtiyat fondu var.

Ekspertin sözlərinə görə, əgər problemin həlli yolları indi planlaşdırılırsa, layihənin həyata keçirilməsi 2013-cü ilədək çəkəcək.
XS
SM
MD
LG