Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:13

Rafiq Tağı. Şeirlər


Rafiq Tağı


Şeirlər

MUSİQİ: YEDDİ OXŞAR


Motsart çalınıb müstəmləkələrdə

Motsart çalınıb
müstəmləkələrdə...
Elə bəlkə
sosart da
Motsartdan
formalaşıb.
Heç bir
avtoritar
üsul-
idarə,
ya hər hansı despot
yox deməyib ona,
hətta Mussolini,
gestapo agentləri
və hitleryugendlər də.
Öldürüb-öldürməyib
Salyeri Motsartı,
bəşəriyyət hələ də
qanına yerikləyir
“qatil”in.
Qəddarların
ruhunu oxşar
hipnotik
Motsart...
Bu saatın özündə
Salyerinin törətdiyi
hipotetik
ölümə qarşıdı
insanların
ən əzazili də.
Motsart çalınıb
müstəmləkələrdə...
Elə bəlkə
sosart da
Motsartdan
formalaşıb.

1999-2000


Yuxuda sağ gördüm Al.Alyabyevi

Yuxuda sağ
gördüm Al.Alyabyevi.
Nədənsə,
doyunca ağ-
ladım.
XIX əsrdə
onunla yanaşı
gedirdi Delviq.
Əbədiyyətə “Bülbül”ü
əlbir
ötürmüşdülər –
janrların
romans adlı ən yüngülündə.
Nədənsə,
doyunca ağ-
ladım.
Yuxuda sağ
gördüm Al.Alyabyevi –
əbədiyyət protejeçisini.

13.VI.2001


Avropadan gələn Patrisiya Kaas

Avropadan gəlib
Asiyda konsert açan
Patrisiya Kaasa
qulaq asa-asa,
“məyusam”, deyirəm
hamıya.
Yavaş-yavaş
deyinirəm də ki,
Avropadan
Asiyaya
gəlməyəydi kaş.
Avropa üçün
məqbul bədəni
heç də
mədəni
görünmürdü Asiyada.
Avropadan gələn
Patrisya Kaas
ağıllandı
əlbət
Asiyadakı konsertində
və gördü nəhayət,
Avropadakı şöhrət
Asiyada dağılandı.

20.V.1998


Psixiatrik klinikada fortepiano otağı

Xəstə Məstəliyev
adına şalvar deyilən trusikdə
tələsik,
ancaq həm də klassik
stildə
əsərlər
bəstələr
psixiatrik kilinikanın
fortepiano otağında.
Bu otağın
pəncərələri pionalı,
direktrisası
Fəridə Ocaqova –
saçı şinyonlu,
“şampinyona”lı.
Prelüdləri
bir-bir
özünə ithaf
olunmuş sanır.
Əbədiyyət onun
iş saatlarından asılı...
Şənbə-bazarı,
qəmli notları
dodağından
efirə dağıdan
xəstə Məstəliyev
pota hərflərlə
üstü qatı qara
musiqi bloknotuna
köçürər bazar ertəsi:
do-re-mi-fa.
Bəlkə bir gün
bu trusikli dahinin
adını daşıyacaq
psixiatrik klinika.
Onda
yağlı boyada
işlənmiş rəsmi
baş divarı bəzəyər
yəqin ki.
Heyran qoyar hamını
trusikinin
rəsmdəki parlaq rəngi.

28.IX.1998


Müharibədə Şopen prelüdləri

Qarabağın
sarıtaxta evlərindən
köçəköçdədi
adamlar –
aypara
it səsləri altında.
Şopen prelüdləri
çalınır
divar radiolarında...
İnanmaram
ölümlü ola
Şopen prelüdləri altında
faciələr.
İnsanlar
evlərdən uzaqlaşdıqca,
tək qalırdı
Şopen prelüdləri.

6.I.1998


Keçdim klassiklər tərəfinə

Skripka aldım özümə -
onu çala,
bu cür ucala
bilməsəm də.
Keçdim klassiklər tərəfinə.
Keçdim –
hətta
qoca kimidilərsə də.
çeşməklərindən
sanki həkimdilərsə də.
Min cür adamdan
mən onları seçdim,
aldanmadan.
Oxşadım keçmişin
və həm gələcəyin
klassiksevərlərinə.
Skripka aldım özümə -
keçdim klassiklər tərəfinə.

15.III.1998


II Dünya müharibəsində faşist olası insanların
Kirxada konserti


Rasim Qaracaya

II Dünya müharibəsində
faşist olası
insanlar
konsert açdı Kirxada.
Üstündən uca –
buludlara çatan
Dəmir yolu vağzalı
elanları uçan,
altından akustikaya zidd
metro qatarları keçən
bir zalda.
Dopdolu ürəkləri,
hətta
zökəmli “soprano”nun
öskürəkləriylə,
ya hərdən karıxanda,
faşistdən çox
sənə-mənə bənzəyirdi onlar.
Üzdən –
biri şairdi.
Aradakı “ham-ham”
söhbətlərinə baxmasaq,
konsertləri tamam
dərdlərə
və həsrətlərə dairdi
II Dünya müharibəsində
faşist olası musiqiçilərin.
Sanki qaz kameraları dəmirlərində
yuva qurmuş göyərçinlər
keçmişdən uçub gəlib
fortepianolu Bakıya.
Elanlar qövs cızır
vağzalda.
Şıdırğı konsertdi amma
altından akustikaya zidd
metro qatarları keçən
bir zalda.
İt hürüşü danışıqlarından,
ya hər not
arasından
aqressiv ton
tutsam da,
sülhə dairdi hər şey.
Nə sevimli olur
faşizmi yadırğamış
almanlar...
Qaz kameraları
kəlləsindən
uçub gəlmiş göyərçinlər,
dimdik də durub
fortepianolu səhnədə -
bizə baxırdı
dimdiklərindəki
təbəssümlərlə.

20.IV.2005
XS
SM
MD
LG