Keçid linkləri

2025, 03 Yanvar, Cümə, Bakı vaxtı 02:14

Alim olmağın asan və əzablı yolları...


Foto: Arxiv
Foto: Arxiv
Tarixçi Tahir Cəfiyev 2003-cü ildə Ali Attestasiya Komissiyasına elmi dərəcə almaq üçün sənədlərini təqdim edib. 2007-ci ilin martın 28-də «Azərbaycanın Feodal Dövlətləri XV-XVI Əsrin Birinci Rübündə (Xoca Sədəddin Əfədinin Tacüt-Təvarix Əsəri əsasında)» götürdüyü elmi işi müdafiə edib. Deyir ki, həmin vaxtdan bəri müdafiə ilə bağlı ona rəsmi cavab verilmir:

«ALİ ATTESTASİYA KOMİSSİYASININ ÖZBAŞINALIĞI ADİ HALDIR»

«Mənə nə «hə», nə «yox» deyirlər. Yalnız şifahi şəkildə bildirirlər ki, xaricdə elmi məqalə dərc olunmalıdır. Mən də deyirəm ki, bu tələb mənə şamil olunmur. Çünki mən sənədlərimi 2003-cü ildə vermişəm, müdafiəmi isə 2007-ci ildə etmişəm. Xaricdə məqalə ilə bağlı şərt isə 2009-cu ildən qoyulub. Xaricdə məqalə dərc etməkdə heç bir problem yoxdur. Amma niyə mənə bu tələb irəli sürməlidirlər? Dissertasiyası Şurası işi yubadıbsa, bu, mənim günahım deyil. Prezident Administrasiyasından heç bir cavab ala bilmirəmsə, Ali Attestasiya Komissiyasının özbaşınalığını adi hal hesab edirəm».

ƏSASNAMƏYƏ EDİLƏN DƏYİŞİKLİKLƏRDƏN SONRA...

Prezident yanında Ali Attestasiya Komissiyası alimlik dərəcələrinin (elmlər namizədi, elmlər doktoru), elmi adların (dosent, professor) verilməsi üçün attestasiya işlərinin ekspertizasını həyata keçirir.

Azərbaycanda 2003-cü ildə «Ali Attestasiya Komissiyası haqda» və «Alimlik dərəcələrinin və elmi adların verilməsi qaydaları haqda» əsasnamələr təsdiq olunub. Bu əsasnamələrə 2008-ci ildə əlavə və dəyişikliklər edilib.

Şəhla Məmmədli hesab edir ki, yeni əsasnamə Ali Attestasiya Komissiyasının tələblərini daha da ağırlaşdırıb. O, elmlər namizədi adını ala bilib. Bu adı alan kimi üzləşdiyi çətinliklərdən danışanda isə adamın yadına lap bir el deyimi düşür – «Anadan əmdiyi süd, burnundan gəlib». Dediyinə görə, bir dəfə müdafiəyə 5 dəqiqə qalmış limitin bitdiyi bildirilib və Komissiya müdafiənin təxirə salınması haqda qərar qəbul edib. Növbəti dəfə isə ona protokolların 15 səhifədən az olması irad tutulub. Sonuncu müdafiə zamanı isə məqalələri dərc olunan jurnalın artıq tövsiyə siyahısından çıxarıldığı əsas gətirilərək, yazıları qəbul edilməyib:

«AZƏRBAYCAN ÜÇÜN DƏRC OLUNAN BEYNƏLXALQ JURNAL»

«Komissiya bildirdi ki, bu jurnal tövsiyə edilən elmi jurnalların siyahısından çıxarılıb. Yeni siyahıda olan jurnallarda məqalələri dərc edin. Halbuki yeni siyahıdakı, məsələn Gürcüstanın Liberia Universitetin jurnalı var.
Foto: Arxiv
Foto: Arxiv
Bu jurnalda cəmi 28 elmi məqalə dərc olunub, onlardan 27-nin müəllifi azərbaycanlıdır. Bu necə beynəlxalq jurnal oldu?».

Şəhla Məmmədli illərlə Ali Attestasiya Komissiyasına ayaq döyənlər bir tərəfə, 2-3 aya ərzində elmi ad alanlara təəccüblənir:

«YUBANMANIN GÜNAHKARI ATTESTASİYA KOMİSSİYASI DEYİL»

Ali Attestasiya Komissiyasının sədr müavini Vəli Hüseynov deyir ki, elmi məqalələrin dərci üçün tövsiyə edilən yerli və beynəlxalq jurnalları komissiya müəyyənləşdirir. Müəyyən müddət ərzində tövsiyə siyahısı yenilənir. Tövsiyə edilən jurnallar Tomson Reyter Universitetinin müəyyənləşdirdiyi baza üzrə dünyanın nüfuzlu elmi jurnalları hesab olunur:

«Bu cür beynəlxalq elmi jurnallar adətən məqalələri pulsuz dərc edir. Amma bir çox iddiaçılar məqalələrini kimlərinsə vasitəsilə kommersiya jurnallarında dərc edirlər. Və ya elə olur ki, bir məqalənin yalnız bir hissəsini dəyişməklə müxtəlif jurnallarda təkrar-təkrar dərc edirlər. Elə hallar da olur ki, dissertasiyanın mövzusu qalır bir tərəfdə, iddiaçı tamam başqa bir mövzuda məqalə yazır. Məsələn, 6 ay ərzində fəlsəfə elmləri namizədi işinə baxılmalıdır. Baxırsan ki, xaricdə elmi məqaləsi yoxdur. Bu halda işi ya imtina olunmalıdır, ya da məqalə çıxarmaq üçün müdafiə təxirə salınır. Yəni, bu cür yubanmalar attestasiya komissiyasının günahı deyil».

14 ELMİ ŞURA, ANONİM QİYMƏTLƏNDİRMƏ VƏ TANINMIŞ ELM ADAMLARI...

Ali Attestasiya Komissiyasına daxil olan işlər əvvəl texniki ekspedisiyadan keçir. Bütün sənədlər qaydasında olduqda, prosedura qaydaları pozulmadıqda iş Ekspertlər Şurasına təqdim olunur. Vəli Hüseynov deyir ki, müstəqil ictimai-elmi orqan olan Ekspertlər Şurasında işlər anonim şəkildə dəyərləndirilir. Ekspertlər Şurasının rəyi əsasında kollegiya və ya rəyasət heyəti qərar çıxarır. Ekspertlər Şurasında müxtəlif elmlər üzrə ümumilikdə 14 tanınmış elmlər doktoru və professor təmsil olunur.
Foto: Arxiv
Foto: Arxiv
Vəli Hüseynov elmi işlərin dəyərləndirilməsində subyektivliyə yol verilməsini mümkünsüz sayır.

«MƏMUR GETSİN ÖZ İŞİ İLƏ MƏŞĞUL OLSUN»

Təhsil üzrə ekspert Nadir İsrafilov hesab edir ki, Ali Attestasiya Komissiyasında prosedura qaydalarında aşkarlıq prinsipi pozulur. Belə ki, kimin üçün işin təmin olunması su içmək kimi asan, kiminsə üçün mümkünsüz olur:

«Məsələn, mənim tələbə yoldaşlarım var ki, neçə illərdir həyatlarını elmə qurban veriblər. Amma hələ də elmlər namizədi adı ala biliblər. Amma elə adamlar da var ki, elmlər namizədi bir tərəfə, artıq elmlər doktoru adını alıblar. Maraqlıdır ki, son vaxtlar məmurlar arasında elmi ad alanların sayı elmlə məşğul olanların sayından daha çoxdur. Elmlə elm adamı məşğul olmalıdır. Məmur da getsin öz işi ilə məşğul olsun. Hər adam bir sahədə məşğul ola bilər».

Nadir İsrafilov xüsusilə deputatlar və icra başçılarının elm adı almasına təəccüblənir.
Deputat və vəzifəli şəxslərdən Siyavuş Novruzov, Hadi Rəcəbli, Fərəc Quluzadə, Əli Həsənov, Fəzail Ağamalı, Asəf Hacıyev, Rəbiyyət Aslanova, Hacıbala Abutalıbov, Misir Mərdanov, Abel Məhərrəmov, Şəmsəddin Hacıyev, Qulu Novruzov elmlər doktorudur. Mehriban Əliyeva, Əli Məsimli, Elton Məmmədov, Gülər Əhmədova, Əli Əhmədov, Mübariz Qurbanlı, Vasif Talıbov isə elmlər namizədidirlər.
XS
SM
MD
LG