Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 17:26

Rafiq Tağı - Son 20 ilin ən çox diqqət mərkəzində olan yazıçısı


Yazıçının sirləri: Rafiq Tağı
Gözlə

No media source currently available

0:00 0:04:08 0:00

Rafiq Tağı kompüterlə ilk təmasının gətirdiyi bəladan, bir hekayənin yazılmasına nə qədər vaxt sərf eləməsindən, xalqın onu necə dolandırmasından danışır. Ülkər Akifqızının videoreportajı


ƏLİQƏLƏMLİ HƏKİM...

Noyabrın 19-da bıçaqlanan və 4 gün sonra xəstəxanada vəfat etmiş Rafiq Tağı çağdaş Azərbaycan nəsrinin ən görkəmli nümayəndələrindən biri sayılır.

Daha çox realist hekayələri ilə tanınan R.Tağı "ekstremal" adlandırdığı şeirlər də yazıb.

Onun hekayələri Azərbaycan cəmiyyətinin keçid dövründə yaşadığı problemlər, avtoritarizm meylləri, məmur özbaşınalığı, mənəvi deqradasiya və s. kimi mövzulardadır.

R.Tağı davamlı olaraq mətbuatda da məqalələr çap etdirib. Bədii əsərlərindən daha çox onun publisistik yazıları cəmiyyətdə mübahisələrə səbəb olub.

...DAİM DİQQƏT MƏRKƏZİNDƏ QALIRDI

Bu baxımdan, R.Tağı son 20 ildə Azərbaycanın ən çox diqqət mərkəzində olan yazarı sayıla bilər.

Ötən əsrin 90-cı illərində R.Tağı Azərbaycan ədəbiyyatının klassiki Cəlil Məmmədquluzadə haqda tənqidi yazı yazmış, onu əsərlərində Azərbaycan xalqını aşağılamaqda ittiham etmişdi. Həmin yazı birmənalı qarşılanmamış, bir çox qələm yoldaşları R.Tağını həmin tənqidlərə görə qınamışdı.

R.Tağı mətbuatda keçmiş prezident Əbülfəz Elçibəy haqqında da sərt yazı ilə çıxış etmiş, onu səriştəsizlikdə günahlandırmış və cəmiyyətin millətçi kəsiminin etirazı ilə üzləşmişdi.

2004-cü ildə Rafiq Tağı Azərbaycan Yazıçılar Birliyindən xaric edilib.


Sovet dövrünün məşhur şairi Səməd Vurğun haqda “Qafqazın qartalı Şaumyan belə...” essesi buna səbəb olub.

HƏBSLƏ ÜZLƏŞDİ

2006-cı ildə isə Rafiq Tağı dini ədavəti qızışdırmaq ittihamı ilə 3 illiyinə həbs edilib.

Səbəb – onun “Sənət qəzeti”ndə dərc olunan “Avropa və biz” adlı məqaləsidir.

Məqalədə İslam və onun peyğəmbəri haqda tənqidi fikirlər yer alıb.

8 ay sonra Prezident onu əfv edib.


YAZMAĞINDAN QALMADI

Bu il sentyabrın 13-də AzadlıqRadiosunun “Oxu zalı” ədəbiyyat portalında R.Tağının “Mirzə Ələkbər haqqında gecikmiş sözlər” məqaləsi çap edilmiş, cəmiyyətdə birmənalı qarşılanmayan həmin yazıda Azərbaycanın görkəmli satirik şairi öz xalqını aşağılamaqda günahlandırmışdı.

Bu yaxında isə R.Tağının AzadlıqRadiosunun “Oxu zalı” ədəbiyyat portalında və kulis.az saytında “İran və qloballaşma qaçılmazlığı” məqaləsi çap edilmişdi.

Yazıda İran İslam Respublikasının söykəndiyi dəyərlər kəskin tənqid edilmişdi.

Yazıçı bıçaqlanandan sonra AzadlıqRadiosuna verdiyi müsahibədə ona hücumun sözügedən yazı ilə bağlı ola biləcəyini demişdi.


R.TAĞI İNANIRDI Kİ...

onun mübahisələrə yol açan yazıları son nəticədə demokratik cəmiyyətin formalaşması üçün vacib olan plüralizmə, söz azadlığına, ictimai müzakirə mühitinin yaranmasına xidmət edir.

61 yaşında qətlə yetirilən R.Tağı Masallı rayonunda anadan olub. Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib.

R.Tağı daha sonra təhsilini İ.M.Seçenov adına I Moskva Tibb İnstitutunun “daxili xəstəliklər” üzrə klinik ordinaturasında davam etdirib.

Terapevt-kardioloq, kardioloq-reanimatoloq olan R.Tağı əvvəl Azərbaycanda, daha sonra isə Rusiyada həkim kimi çalışıb.

1990-cı illərdə Bakıya dönüb.

Qətlə yetirilənədək Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında həkim işləyib.

Dövlət qeydiyyatına alınmayan yazarlar qurumunun - Azad Yazarlar Ocağının üzvü idi.

İndiyəcən “Yanaşı ulduzlar”(1987), “Düşmənimin xatirinə”(1991), “Pozitiv. Neqativ”(1996), “Şahzadə Dipendranın məhəbbəti”(2005), “Ucaboy liliput”(2005), “Gənc qraf Kenterberiyski”(2006) adlanan kitabları çap edilib.

Allah rəhmət eləsin!
XS
SM
MD
LG