Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 10:45

Jalə. Deyə bilməyəcəm...


Deyə bilməyəcəm…

…bəlkə hava isindi qəfil,
bəlkə həmişə oturduğumuz kafe
yerində yox idi,
bəlkə köhnə dostlardan heç kim qalmamışdı,
bəlkə ağlamaq istəmişdim, alınmamışdı?
haradansa gəldi bu darıxmaq..

yəqin yenə yadıma düşüb, xəbərim yox,
ilk diş ağrım,
yəqin həmin o tonqalın qarğışı tutub,
üstündən atılıb demişdim:
“səndə qalsın ağrım-uğrum..”
yəqin təzyiqim düşüb yenə -
ürəyim gileylənir,
yəqin, o, yenə acdı -
tikəm boğazda darıxır..
bilmirəm, haradansa gəldi bu darıxmaq..

…indicə düzələcək əhvalım,
indicə üzüm güləcək,
indicə barışacam dünyayla,
gülə-gülə
ən nadir etirafımı eşidəcək:
“yaxşı, yaxşı, sən məndən güclüsən…”

..axı haradan gəldi bu darıxmaq..?

…düzünü deməyəcəm,
deyə bilməyəcəm…
çılpaq budaqlar
tək-tük xınalı barmaqlarını
dodaqları üstə qoyub
“sus” deyir mənə..
sarı
qırmızı
qızılı
kədərlə…
XS
SM
MD
LG