Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:44

Qəzəli indiki gənclərə necə sevdirmək olar?


İsgəndər Pala
İsgəndər Pala
TANINMIŞ TÜRK YAZARI İSGƏNDƏR PALA İLƏ DİVAN ƏDƏBİYYATI VƏ EŞQ HAQQINDA SÖHBƏT

Söhbətləşdi: Birol BİÇER; Azərbaycan türkcəsinə uyğunlaşdırdı: Seyfəddin HÜSEYNLİ


"Bəzən tələbələrim gileylənirlər ki, müəllim, nə olardı Füzuli bizim başa düşəcəyimiz dildə yazsaydı?! XVI yüzillikdə yaşamış adam haqqında “bizim başa düşəcəyimiz dildə yazsaydı” demək qədər mənasız iş olarmı?.."


– Necə bilirsiniz, divan ədəbiyyatı və mədəniyyətimizin keçmişi bugünün insanlarını doğrudanmı maraqlandırır?

– Bu, bir rüzgardır. Bunun bir qolu divan ədəbiyyatı, başqa bir qolu tarix, digəri də klassik incəsənət və mədəni dəyərlər üzərindən əsir.

Tarix və onunla bağlı hər şey indiki dövrün insanlarının önündə bir problem kimi dayanmaqdadır. Bu problem insanların öz kökləri, keçmişləri, mədəni sərvətlərilə birgə gələcəyə gedərkən tarixə söykənmələri zərurətini ortaya qoyur.

Heç şübhəsiz, divan poeziyası Osmanlı dövrünün mədəni məntiqini, ictimai həyatını, din və dil mənzərəsini, duyğular aləmini əks etdirir. Atalarımız poeziyanı nəsrdən önəmli saydıqları üçün əksər mətləbləri şeirlə ifadə ediblər.

Buna görə də məhz divan ədəbiyyatı tarixlə bağlı xronoloji bilgiləri daha da dolğunlaşdırıb, onlara maraqlı rəng və biçim verib.

Bu baxımdan, divan ədəbiyyatı həm də bizim insanın özünü tanımasına yol açır. Bugünə qədər divan poeziyasının bəlli bir diktəylə arxa plana keçirildiyini nəzərə alsaq, indiki dövrün insanının yenidən divan ədəbiyyatına üz tutmasına çox təbii baxıram. İki səbəbi var bunun: birincisi, öz keçmişini öyrənmək məqsədilə bu sahəyə baş vuran insanlar divan ədəbiyyatında gülümsər bir sima ilə, poeziyanın ağlasığmaz gözəlliyi ilə qarşılaşırlar. İkincisi də, qarşısına bu məqsədi qoyanlar mütləq bunun bir yolunun da divan şeirindən keçdiyi qənaətinə gəlirlər.

Mən 30 ildir ki, “Divan poeziyası saatı” aparıram, insanlara divan şeirindən söz açıram. Bu 30 ildə gəlib çıxdığımız nöqtə qətiyyən əhəmiyyətsiz sayıla bilməz. 30 il əvvəl cəmi 5-6 nəfər qatılırdısa o “saatlar”a, 80-ci illərin ortalarında 15-20 nəfər oldu, 90-cı illərdə isə artıq yüzlərlə insan vardı. Divan poeziyası, mənim müşahidə edə bildiyim qədərilə, dövrümüzün insanlarını təsirləndirə bilir.

Fakültələrin sayı artdıqca bu sahə təhsildə daha çox yer tutmağa başlayıb. Bugün divan şeiri üstünü kül-torpaq örtmüş qiymətli incini xatırladır. Sanki manqalın içərisində köz var, amma sönük görünür: üzərindəki küllər sovrulub gedən kimi o közün qızılı rəngi və hərarəti yenidən üzə çıxır. Divan poeziyası da belədir.

– Ümumilikdə, insanların anlamadıqları, ağız büzdükləri bir sənət idi divan ədəbiyyatı. Onu necə sevdirə bildiniz?

– Bu, uzun bir proses oldu. Mən onu kiməsə sevdirmək üçün çıxmamışdım bu yola. Məqsədim bu deyildi. Ancaq ağlıma belə bir fikir gəlmişdi ki, mən başa
Füzuli
Füzuli
düşdüyüm üçün gözəl sayıram, sevirəm bunu, yəqin ki, başqaları da anlasalar, sevə bilərlər. Divan ədəbiyyatının gözəlliyini çatdırmaq üçün müxtəlif cəhdlər göstərdim, yeri gəldikcə söhbətlər apardım, məqalə, hekayə, roman yazdım. Müzikldən belə, bir çox vasitəyə əl atdım. Yəni mən əsən rüzgarın qabağına düşdüm, onun gücüylə yelkənləri daha geniş açmağı bacardım. Düşünürəm ki, bu sahədə az iş görməmişəm. Mən özüm üçün bir cəhəti aydınlaşdırdım ki, insanlar əylənməyi öyrənməkdən üstün tutduqlarına görə onları əyləndirərək maarifləndirmək lazımdır.

Beləliklə, işə kino, müzikl, teatr elementləri də əlavə edildi və bu yolla insanların diqqətini çəkmək mümkün oldu. Yəni, ilk növbədə, “bu dövrün insanına nəyi hansı yolla daha asan öyrətmək mümkündür” sualına cavab tapdım. Bir ara hekayələr dəbdəydi, sonra tarixi romanlar mərhələsi gəldi. İndi isə divan ədəbiyyatından qaynaqlanan ssenarilər zamanıdır. Məncə, bu mövzuda serial mətnləri yazılmasının əsl vaxtıdır indi. Bu mövzunu insanlara seriallarla, iri afişalarla çatdırmaq gərəkdir. Füzulidən, Qalibdən, Nədimdən bəzi şeirləri bu şəkildə gündəmə yeritmək lazımdır.

– Günün tələbinə uyğun təqdimat seçilməlidir demək istəyirsiniz, eləmi?

– Televiziyalardan mənə bu mövzuda proqram təklifləri gələndə baxırdım ki, hamı çəkilişlərin Süleymaniyyə Kitabxanasında, Divan Ədəbiyyatı Muzeyində aparlımasını məsləhət görür. Mən razı olmadım. Burdan belə məna çıxacaqdı ki, guya divan poeziyası ancaq tarixə aiddir, muzeylikdir. Halbuki divan ədəbiyyatı bugünə, bugünün insanına da çox söz deyə bilər. Ona görə də, yeri gəlsə, belə verilişləri Laylada çəkmək lazımdır.

Qoy insanlar görsünlər ki, Ak Mərkəzin dəbdəbəsi fonunda da divan poeziyasından danışmaq mümkündür. Mən divan ədəbiyyatını insanlara çatdırarkən bu cür üsullardan istifadə elədim. Gördüm ki, divan şeirinə bələd olmağa başlayan hər kəs onu sevir. Yəni bizdə əsas əngəl – tanıtma, təqdimat problemidir. Bir inciyə toxunmağı, onu əlinə götürüb baxmağı hər kəs istəyər, təki siz onun üstündəki külü, tozu üfürüb təmizləyin.

– Divan poeziyası şəxsən Sizə nə verir? Daha çox hansı şairlər yaxındır Sizə?

– Çox şair var ki, onları artıq özümə dost bilirəm. Yəni çox yaxınam onlara. Hansınınsa bir şeirini oxumağa başlayan kimi ardının necə gələcəyini yəqin edə bilirəm. Elə bil, yazarkən başlarının üstündəymişəm. Yazanın nə ilə nəfəs aldığını, necə yaşadığını, hansı dünyanın insanı, hansı düşüncənin sahibi olduğunu öyrəndikcə şeirin qapıları adamın üzünə açılır. Divan şeiri uzun bir yol keçib gəlib. Bu göy qübbəsinin altında deyilməmiş söz qalmayıb. Əslində hər kəs o birinin dediyini deyir. Amma biri təpədən, o birisi dəniz sahilindən baxaraq seyr edir dünyanı, biri Günəş doğarkən, digəri aylı bir gecədə qoşur öz şeirini. Belə baxanda, hər kəsin nə deyəcəyi bəllidir. Məsələn, qəzəl yazacaqsa, qadından, eşqdən, şərabdan, gözəllikdən bəhs edəcək. Ancaq Nədimdə qəzəl şuxanə, Bakidə rindanə, Nabidə həkimanədirsə, Füzulidə daha duyğulu, daha lirikdir, Nəfinin qəzəlinə isə qəhrəmanlıq ruhu hakimdir. Bunlar həmin şairlərin şəxsi xarakterinin əsasında dayanan cəhətlərdir. Bu şairlərdən ən çox Füzuli təsirləndirir məni. Təbii ki, onun ardınca Şeyx Qalib, Naili, Nişati gəlir, sonra da Nədim.

– Ənənəvi qaydada – “hamısı eyni mövzuları qələmə alıblar, ictimai motivlərə yaxın getməyib, mücərrədliyə qaçıblar” şəklində tənqid olunur divan şairləri...

– Divan poeziyası bütövlükdə mücərrədliyi ifadə edir. Amma onları bizə çatdırmaq üçün konkret, real nümunələr verir. Divan şeirini könül
İsgəndər Palanın Türkiyədə bestseller olan romanı
İsgəndər Palanın Türkiyədə bestseller olan romanı
maraqlandırır. Bununla belə, könüldəki halları izah etmək üçün “görün quşlar necə cəh-cəh vurur, gəmilər dənizdə nə cür yellənir...” tipli, zahiri aləmə xas olan bənzətmələrə əl atır. Bununla da təbiətdəki, çiçəkdən böcəyə qədər, hər şeyi bir araya gətirir ki, könüldə yaşananları, oradakı duyğuları bizə çatdıra bilsin. Əslində şeirin mövzusu mücərrəd olmalıdır. İnsan –mücərrədliyi konkretliyindən daha əhəmiyyətli olan bir varlıqdır. İnsan qarnını doyuraraq adi bir ləzzət alır, ancaq onun qəlbi, ruhu, beyni qidalananda bundan qat-qat üstün hisslər yaşayır. Yemək ancaq bədənimizi inkişaf etdirə bilər.

Halbuki əsas məqsəd ruhumuzu, könlümüzü, qəlbimizi inkişaf etdirməkdir. Divan şeiri buna çalışır. Hətta bu mövzunun dərinliyi üzündən bəziləri “Divan poeziyasında sosial motivlərə yer verilməyib” kimi yanlış gümanlara düşüblər. Divan şairləri – zahiri dünyada gördüklərini mənəvi aləmdə əks etdirmək üçün davamlı cəhdlər göstərən yaradıcı adamlardır.

– Eşq mövzusuna keçmək istəyirəm, amma necə, haradan başlayım, bilmirəm...

– Onda elə birbaşa mətləbə keçək. Eşq, bugünkü ümumi düşüncə tərzinə xas olduğu kimi, cinsi amillə əlaqələndiriləsi bir şey deyil. İndinin eşq anlayışı iki insan arasındakı münasibəti ehtiva edir. Halbuki eşq bundan çox-çox ali bir məfhumdur. Əflatunun təbirincə, yalnız bir eşq var, amma onun təzahürü minlərlədir. İnsanların sayı qədər müxtəlif eşqdən və onun də fərqli dərəcələrindən söz açmaq olar. İrfani, sufiyanə, məcazi, bəşəri, əşyavi və başqa bu kimi neçə növ eşqdən, onların da ayrı-ayrı dərəcələrindən bəhs etmək mümkündür. Bunların heç birində bilavasitə iki adamın münasibətindən söhbət getmir. Hamısı təktərəfli münasibətə əsaslanır.

Buna görə də eşq – fərdi, təktərəfli anlayışdır və “özgə, o biri” anlayışını rədd edir. Eşq, əslində ikinin bir olmasıdır. Bu, müsbət bir enerji hesabına həmin “o biri”ni də təsirləndirərək əhatə dairəsinə çəkə bilməkdir. Mən divan şeirinin nəzərdə tutduğu eşqin mahiyyətcə daha dərin olduğu və bugünlə əlaqələndirilərsə, insanlara daha çox təsir edə biləcəyi qənaətindəyəm. Bugünün insanı üçün eşq – qadın-kişi münasibətləridir. Bizdən 15 nəsil əvvəl yaşamış əcdadımız isə eşqə kainatın əsası və sirr kimi baxırdı. Onlar üçün eşq – hər şeydən əvvəl mövcud olandı, ilk kəlmənin – Kün (Ol) əmrinin kökündə də eşq dayanırdı.

Allah tanınmaq və sevilmək üçün kainatın yaradılmasını istəyib və buna zəmin hazırlayıb. Allah o gündən sonra yaratdığı hər bir varlığa öz gözəlliyindən bir azca bəxş edib. Sadəcə, bir göz qırpımı qədərincə onun gözəlliyini görə bilmişik. Biz həmin gözəlliyi gördüyümüz anda o bizdən soruşub: “Ələstü birəbbikim – Mən sizin Rəbbiniz deyiləmmi?” Hamımız birağızdan: “Qalu bəla – Bəli, Rəbbimizsən” – söyləmişik. Burda “bəla” kəlməsi var. Eşqlə bəlanın bağlılığı o andan başlayıb. Çünki eşq ayrılıqla, sıxıntıyla artır, hicranla, həsrətlə qidalanır, bunların sayəsində eşqə çevrilir. Eşq həsrətsiz olmaz... Məcnunun, Fərhadın, Kərəmin eşqi belədir.

Keçmişdə bunu şam və pərvanə arasındakı bağlılıqla ifadə ediblər: pərvanə şamın işığını görən kimi onun ətrafında fırlanmağa başlayır. Füzuli bunu belə izah edir ki, eşq odu məşuqdan aşiqə keçər, şam özü yanmadan pərvanəni yandırmaz. Yəni sevilənin özündə bir işıq olmalıdır ki, sevən də o işığa gəlsin. Pərvanənin şamın başına dolanaraq get-gedə ona yaxınlaşması, nəhayət, alovu qucaqlamaq cəhdi eşqin ilk təması kimidir. Alova toxunanda qanadının ucu yanır, əzab çəkir. Bu əzabın, ağrının təsirilə bir anlıq geri çəkilsə də, yanmağını çox tez unudur. Təkrar həmin şövqlə qanadlarını açıb şamı qucaqlayır və alova bürünür. Bu, aşiqin eşq yolunda özünü fəda etdiyi andır. Belə bir fədakarlıq iztirab və ələm gətirdiyi qədər ləzzət də yaşadır. Pərvanənin o anda duyduğu əzab həm də onun üçün bir ləzzət mənbəyidir. “Dərdlərdən zövq alıram, Mən nəşəni neynirəm” deyilən şərqi də bu duyğuların ifadəsidir.

Eşq ağrıyla, gözyaşı və qəlb yanğısıyla artır, böyüyür. Bu isə həsrətlə düz mütənasibdir. Həsrət nə qədər uzun çəksə, vüsal o qədər şirin olar. Mən bəzən tələbələrimə deyirəm ki, bir ara telefonlarınızı bağlayın, sizi axtaran adam elə dərhal tapmasın, bir az narahat olsun, darıxsın. Gerçək eşqi bu yolla üzə çıxarmaq olar. Əgər bezikib axtarmayacaqsa, qoy getsin, ondan həqiqi aşiq çıxmaz. Eşq hər nə qədər fərdi, təktərəfli olsa da, onun odu təkcə aşiqi yox, məşuqu da yandırır.

Pərvanə alışanda şam yanıb ərimir məgər? Şamın bağrına od düşür, yandıqca da əriyərək gözyaşı axıtmağa və daha çox yanmağa başlayır. Su ilə od adi vaxtda bir-birinin əleyhinədirsə, belə məqamda eşqin təsirindən biri o birinin artmasına, güclənməsinə səbəb olur. Yanğın artdıqca gözyaşı çoxalır, gözyaşı axdıqca da yanğın güclənir. Bu məqamda pərvanə özünü şamın alovunda yox edir. Eynən, bəndənin Allahda yox ola bilmək üçün vəhdət halına yüksəlməsi kimi. Müqəddəs hədislərin birində “Bəndəm mənə doğru yeriyərək gəlsə, mən ona doğru qaçaraq gedərəm” – deyilir Allahın adından.
Kainatın özü eşqdən ibarətdir. Eşq gerçəkdir, qalan hər şey boş sözdür. Aşiq – gözəl bir addır. Bu dünyada insanın aşiq kimi xatırlanmasından gözəl nə ola bilər?!

– Eşq haqqında həm keçmişdə, həm də yeni dövrdə çox söz deyilib və deyilməkdədir. Onlardan hansı doğrudur, hansılar səmimi deyilib, bunu necə ayırd eləyə bilərik? Əsl aşiq kimdir və gerçək eşqi kim yaşayır?

– Ədəbiyyatda əksini tapan eşqlərdən hansının saxta olduğunu asanlıqla anlaya bilərsiniz. Eşqdən bəhs edən romandakı, şeirdəki, hekayədəki eşqlə bağlı ifadələrin və bu əsərlərin müəlliflərinin dürüst, səmimi olub-olmadığının meyarı gözyaşıdır. Oxuduğunuz sizi ağlada bilirsə, deməli, onu gözyaşları içərisində yazıblar. Heç şübhəsiz, dediklərini dərindən anlaya bilsəniz, Füzulinin əksər şeirlərində öz başınıza gələnləri gördüyünüz üçün ağlayarsınız. Sizi Füzulinin beytlərimi ağladır? Xeyr! Sizi ağladan o beytlərin zehninizdə açdığı pəncərələrdən gördüklərinizdir.

Bu meyarı bütün əsərlərə tətbiq edə bilərsiniz. Qızılın əyarını müəyyən etmək üçün məhək daşı olduğu kimi, eşqin ifadəsi üçün də meyar gözyaşıdır. Oxuduqca ciyərimizə od salan, içimizi sızıldadan sətirlər onları yazan adamın da içinin yanmasından xəbər verir. Könlünü açmayana könül açmazlar. Hər kəsdə heyrət doğuran möhtəşəm bir əsər yaratmaq olar. Amma həmin əsər onu oxuyanları ağladarmı? Yox. Fərq də elə bundadır.

– Bugünkü şairlərin yazdıqlarına nəzər yetirəndə eşqin heç düz-əməlli təsvirini də görmürük. Keçmişdə isə eşqi çox fərqli səviyyələrdə tərənnüm ediblər. İndi niyə alınmır bu?

– Bu da olacaq. Məsələn, ola bilsin, mən Füzulinin nəvəsiyəm, siz isə Bakinin. Genlərimiz eynidir. Amma bizdə o qədər geniş qavrama zəmini yoxdur. Belə məhdud zəminlə isə eşqi tam dərk etmək olmaz. O zəmini Şərqə aid bilik və mədəniyyət bazasına yiyələnməklə hazırlamaq olar. Zehnində cəmi 500 kəlmə gəzdirən birinin 18 min kəlmədən istifadə edən, Ərəbcəni, Fars dilini, Türkcəni bu dillərdə şeir yaza biləcək qədər mükəmməl bilən Füzulini başa düşməsi mümkün deyil. Füzuli astronomiyaya, tibbə, tarixə, dinə dair kitablar yazıb. Bu qədər sistemli biliyə sahib bir adamı biz indi beynimizdəki 2 min kəlmənin hesabına oxuyub anlamağa çalışırıq. Ancaq onda birini anlaya bilirik.

Dünyaya ali bir səviyyədən baxan Füzulinin yaşadığı, ifadə etdiyi eşqlə müqayisədə, bugünkü adamın təsəvvüründəki eşq onqat zəif təsir bağışlayır. Kim bilir, bəlkə Füzuli hansısa şeirində astronomiyaya aid elə bir ifadəyə yer verib ki, astronomiyanı bilmədiyimiz üçün o ifadə bizə qaranlıq qalır? Bu barədə heç düşünmürük. Ən pisi odur ki, indi biz 1534-cü ildə 18 min kəlməylə danışan adamın dediklərini anlamayacaq səviyyədəyik. Bu, inkişaf deyil, geriləmədir. Bəzən tələbələrim gileylənirlər ki, müəllim, nə olardı Füzuli bizim başa düşəcəyimiz dildə yazsaydı?! XVI yüzillikdə yaşamış adam haqqında “bizim başa düşəcəyimiz dildə yazsaydı” demək qədər mənasız iş olarmı?

Düşünürəm ki, bəlkə də biz o əvvəlki eşq anlayışına qayıda bilsək, heç bir dərdimiz qalmaz. Özünün yazdığına görə, İbn Xəldun eşqin nə olduğunu öyrənmək istəyilə ta İspaniyanın ən ucqar guşələrinə qədər gedib. Bir gün oralarda rastlaşdığı bir qadından soruşub: “Xanım, sizlərdə eşq nədir?” Qadın cavab verib: “Eşq üz-üzə oturmaq, göz-gözə baxmaq, düşünməkdir”. İbn Xəldun deyib ki, bəs, toxunmaq, sığallamaq, öpmək... Xanım qaşlarını çataraq dillənib: “Ağa, bu sənin dediklərin uşaq istəyən iki nəfərin görəcəyi işdir, belə də eşq olarmı?!” Biz eşqin heç də “uşaq istəyən iki nəfərin münasibəti” olmadığını dərk etsək, özümüz üçün xilas yolu taparıq.

O zaman eşqin bəzən ictimai sistem, bəzən kainatdakı hərəkət, bəzən də bizi yaradılışımızın ilkin qayəsinə doğru aparan bir qüvvə olduğunu anlaya bilərik. Biz buna qadirik, çünki əcdadımız məhz belə bir mədəniyyət yaradaraq, onu bizə ötürüb. Füzuli deyir: “Məndə Məcnundan füzun aşiqlik istedadı var...” Deməli, eşq həm də istedad məsələsidir, qabiliyyətdir. Hamıda var bu istedad, ancaq hər kəsdə fərqli dərəcədədir. Bu qabiliyyəti inkişaf etdirib eşqin hərarətini qoruyanlar daha bəxtiyar həyat sürərlər. Məhdud zəmində, içərisindəki aşiqlik istedadını kəşf etmədən, yüksəltmədən yaşayanların isə ömrü hədərdir. Keçmişə qayıtmadan, ancaq keçmişdəki ən gözəl cəhətləri götürərək, müasir dövrdə də eşqin təntənəsinə nail ola bilərik. Mədəniyyətlərin, sivilizasiyaların toqquşduğu bu dövrdə eşqin diqqət mərkəzinə çəkilməsi zərurətdir. Belə bir eşq anlayışı ilə çox şeyi dəyişdirmək olar.

525-ci qəzet
XS
SM
MD
LG