Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 08:20

Markes 17 ildir davam edən məhkəməni uddu


Nobel mükafatlı Kolumbiya yazıçısı Gabriel Garcia Marquez 17 il əvvəl ona qarşı qaldırılmış məhkəmə iddiası üzrə məhkəməni uddu.

Oxuzalı.az Britaniyanın "Guardian" qəzetinə istinadla xəbər verir ki, iddianı "Gözlənilən bir qətlin tarixçəsi" povestinə görə yazıçıya qarşı onun həmyerlisi Miguel Reyes Palencia qaldırmışdı.

Palensia iddia edirdi ki, Marquez onun həyat hekayətindən qanunsuz olaraq öz əsərində istifadə edib və buna görə həmin əsərin qonorarının yarısını ona verməlidir.

Bundan başqa Palencia həm də əsərin həmmüəllifi kimi tanınmasını tələb edirdi.

Marquez "Gözlənilən bir qətlin tarixçəsi" povestini doğrudan da öz vətənində baş vermiş bir cinayət hadisəsinə əsasən yazdığını etiraf edib. Amma yazıçı həmişə deyir ki, əsərdəki adlar, süjet onun öz bədii təxəyyülünün məhsuludur.

Əsərdə Santiago Nasar adlı gənc öldürüləcəyi haqda xəbər alır. Bir neçə saatdan sonra onu başqa birisinin gəlininin - Angela Vicario-nun bakirələyini pozmaqda günahlandırıb öldürürlər.

Nasarı qızın qardaşları bıçaqlayırlar.

Qızı toy gecəsi bakirə çıxmadığını deyib atası evinə yollayan Bayardo San Román adlı zəngin şəxsdir. Evdə valideynlərinin təzyiqindən sonra qız onun bakirəliyini Nasarın pozduğunu deyir...

İddianı qaldıran Miguel Reyes Palencia deyir ki, həmin zəngin adam obrazının prototipi odur. Və Marquez onun başına gələnlərdən qanunsuz olaraq kommersiya məqsədilə istifadə edib.

Amma yazıçının cinayət hadisəsinin baş verdiyi 1951-ci ildə jurnalist işlədiyi Barranquilla şəhərinin Ali Məhkəməsi nəhayət ki, bu həftə Palencia-nın ittihamlarını rədd edib.

Məhkəmənin bu həftənin ikinci günü çıxardığı hökmə görə, iddiaçının yazardan kompensasiya tələb etmək haqqı yoxdur.

Hökmdə deyilir ki, "İndiyəcən yüzlərlə ədəbi, kinomatoqrafiya, incəsənət əsəri
real həyatdakı hadisələrə əsaslanaraq yaradılıb. Həmin hadisələr müəlliflərin təxəyyülünün süzgəcindən keçib. Amma bu, heç kimə həmin müəlliflərdən kompensasiya tələb etmək haqqı verməyib".

Hakim hesab edib ki, Palencia əsərin həmmüəllifi də sayıla bilməz. "Cənab Migel Reyes Palencia heç zaman bu hekayəti Gabriel Garcia Marquez kimi nəql edə bilməzdi. O, əsəri Marquez-in istifadə etdiyi ədəbi dildə, üslubda yaza bilməzdi. Əsər öz orijinallığı ilə xarakterizə edilir".

Marqeuz-in vəkili Kolumbiyanını "El Tiempo" qəzetinə verdiyi açıqlamada hökmü alqışlayıb:

"Bu, sənət adamları üçün çox vacib qərardır. Bu iddia hansısa qadının rəssama poza verməsi, sonra da ondan həmmüəlliflik tələb etməsinə oxşayırdı. Bədəni həmin qadının özünə məxsusdur, əsər isə rəssama".

Marquez "Gözlənilən bir qətlin tarixçəsi" əsərinin çapından bir il sonra - 1982-ci ildə Nobel mükafatına layiq görülüb.
XS
SM
MD
LG