Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:12

İnternet: özünütənzimləmə olsun ya olmasın? (VİDEO)


İnternet: özünütənzimləmə olsun ya olmasın?
Gözlə

No media source currently available

0:00 0:02:19 0:00
Direct-ə keçid

İnternetin özünütənzimləmə ilə bağlı Beynəlxalq Konfransda fikir ayrılığı

«Azərbaycan hökuməti interneti tənzimləmək ifadəsi altında əslində insanları tənzimləməyi nəzərdə tutur. Bu, internetdə insanların deyəcəyi sözün tənzimlənməsidir».

Bunu Respublikaçı Alternativ hərəkatının (ReAL) həmsədri, politoloq İlqar Məmmədov dekabrın 14-də Bakıda keçirilən «Online Azadlıq: İnternetin özünü-tənzimləməsi üzrə Beynəlxalq Konfrans»da deyib:

TƏNZİMLƏNƏN SAHƏLƏR...

«İndiyə qədər bu hökumətin tənzimlədiyi sahələrin vəziyyəti buna sübutdur. Biznesi tənzimləyib, bu gün Azərbaycanın biznes iqlimi dünyada ən pis yerlərdədir. Məktəbləri tənzimləyib, təhsilin keyfiyyəti gün-gündən pisləşir. Dini tənzimləməyə başlayıb, dini gərginlik artır. Televiziyanı tənzimləyib, Azərbaycan telekanallarına baxan yoxdur. Belə olan halda interneti tənzimləyəndə nə olacaq? Yəni interneti tənzimləməni Azərbaycan hökuməti vətəndaşlara ağıl öyrətmə təcrübəsi kimi görür».

İlqar Məmmədov
İlqar Məmmədov
Yeri gəlmişkən deyim ki, son zamanlar hökumət rəsmiləri internetin tənzimlənməsi və internet televiziyaların lisenziyalaşdırılması ilə bağlı müxtəlif açıqlamalar verirlər. Hələlik bu istiqamətdə konkret addımlar olmasa da bəzi ekspertlər, media mənsubları və QHT rəhbərləri hesab edirlər ki, hakimiyyət belə bəyanatlarla ictimaiyyəti buna hazırlayır.

QLOBAL İDARƏÇİLİK

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin beynəlxalq əlaqələr və qeyri dövlət qurumları ilə iş şöbəsinin müdiri Ayaz Bayramov isə deyir ki, internetdə söhbət tənzimləmədən yox, qlobal idarəçilikdən gedir. Onun sözlərinə görə, 2006-cı ildə BMT çərçivəsində İnternetin idarəçiliyi üzrə qlobal bir forum yaradılıb. Artıq beş forum keçirilib. Altıncı forum Azərbaycanda keçiriləcək və internetin qlobal səviyyədə idarəçiliyi müzakirə olunacaq:

«Forumdakı bəzi çıxışlarda məsələlərə baxış bucağında müəyyən məlumatsızlıqlar hiss etdim. Hesab edirəm ki, biz yalnız qlobal idarəçilikdən danışa bilərik. Lokal internet yoxdur. İnternet qlobaldır, sərhədsizdir. O, qlobal səviyyədə necə idarə olunacaqsa, o cür də məsələlər tənzimlənəcək».

İNTERNET AZADLIĞI – ÖZÜNÜ TƏNZİMLƏMƏ

ATƏT-in media azadlığı üzrə nümayəndəsinin məsləhətçisi Christian Moller deyir ki, heç bir hökumətin ayrıca interneti tənzimləmə imkanı yoxdur və internetdə yayılan məlumatların məzmununa görə də hər hansı hökumət məsuliyyət daşımır. Onun fikrincə, «İnternetdə özünü tənzimləmə var və bu əslində internet azadlığıdır. Hər bir məlumatdan sonra hər kəs sözünü deyib, cəmiyyətin inkişafına təkan verə bilir. O cümlədən mənfi fikrilərə əks arqumentlər də irəli sürülür».

Christian Moller hesab edir ki, Azərbaycanda paytaxtla regionlar arasında fərq var və bu amilin aradan qaldırılması vacibdir. Belə ki, «hökumət həm paytaxtda, həm də regionlarda genişzolaqlı internetə əl çatımlılığı təmin etməlidir».

«İNTERNET MƏHDUD RESURS DEYİL»

Ələsgər Məmmədli
Ələsgər Məmmədli
Media məsələləri üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədli deyir ki, ümumiyyətlə dövlətin müdaxilə yönündən internetin tənzimlənməsi yolverilməzdir. Hökumət bunun adını internet TV və ya İnternet Radio qoyub nəyisə lisenziyalaşdırmaq istəyirsə, bu, qəbuledilməzdir:

«Tele-radio məhdud resursda olan zaman tənzimlənir. İnternet isə məhdud resurs deyil. İkinci bir məqam isə internetin özünün texniki tənzimlənməsidir. Məsələn, «Az» domeninin tənzimlənməsində Azərbaycanda mövcud internet ictimaiyyətinin rolu, iştirakı məsələsinə dair telekommunikasiya haqqında qanunvericilikdə tələb də var. Amma buna baxmayaraq uzun müddətdir ki, xüsusən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin müəyyən müdaxilələri ilə bu prosesdə internet ictimaiyyəti iştirak edə bilmir. Buna görə də orada bəzi qəbuledilməz tənzimləmələr ortaya çıxır. Məsələn, heç bir qaydada göstərilmədiyi halda «İ» hərfi ilə başlayan ticarət, kommersiya və s. adlar qadağan olunur».

TUNİS NÜMUNƏSİ

Ələsgər Məmmədli hesab edir ki, internet birmənalı şəkildə azad olmalıdır. Necə ki, medianın məsuliyyəti var, o çərçivədə də internet öz məsuliyyətlərinin sərhədini özü dərk etməlidir. Amma bundan kənar internet üzərinə lisenziya, icazə və sair bu kimi təhdidedici məhdudiyyətlər gətirilməməlidir.

Ayaz Bayramovun dediyi qlobal idarəetməyə gəlincə, Ələsgər Məmmədli deyir ki, bu məsələ 2005-ci ildə Tunisdə çox ciddi müzakirə olunub və internetin azadlığını düşünən tərəflər daha ağır gəldiyi üçün buna icazə verməyiblər. Çünki bu məsələ bütün hallarda ifadə azadlığına məhdudiyyət kimi yozulur.

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) ATƏT-in media azadlığı üzrə nümayəndəsinin dəstəyi ilə keçirdiyi konfransda səslənən fikirlər əsasında gələn ilin oktyabrında Azərbaycanda keçiriləcək Beynəlxalq İnternet Forumuna təkliflər paketi hazırlanacaq.
XS
SM
MD
LG