Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 21:31

«Filmdə tonlarla sement yemişik»


Rejissor Elxan Cəfərov
Rejissor Elxan Cəfərov
- Necə qurtarır film?

- Çox müsbət, çox optimistik. Çox gözəl. Mən çox istərdim ki, bu filmin sonluğunu da vizual olaraq görəsiz... Mən bunu istərdim hamı görsün. Bu xalqımızın, uşaqlı-böyüklü, kişili-arvadlı Qarabağa qayıtmağımızdır. Amma bunu necə göstərəcəyik? Filmin kövrəkliyi- zadı var. Onu gərək görüntü ilə görəsən...

- Film necə başlayır dediz?

- Həmin yolun yolçusu gedir. Onun yaddaşında obrazlar yaranır. Onun ardınca Qarabağa doğru gedirlər. Yoldur, filmin əvvəli də, sonu da...

Rejissor Elxan Cəfərovla çəkilişləri yenicə bitmiş «Dolu» filmi haqda danışırıq. Çox qısqanclıqla, xəsisliklə danışır film haqda. Hətta çəkilmiş kadrlara baxmağa icazə vermir, «ixtiyarım yoxdur» söyləyir. Amma rejissor əmindir ki, film Qarabağ müharibəsi haqda həqiqətləri bəzəksiz, son illərin pafosundan uzaq çatdıracaq. Bu haqda az sonra.

Filmin ssenarisi Aqil Abbasındır, operatoru Nadir Mehdiyev, bəstəkarı Polad Bülbüloğludur. Film dövlət sifarişiylə «Azərbaycanfilm»də çəkilir. Təxminən 1 milyon 300 min manat pul ayrılıb.

FİLMİN BAŞ QƏHRƏMANINA GƏLƏNDƏ...

«Orda belə bir qəhrəman var: Komandir. O gəlir və bütün hadisələri yada salır. Yaşananları bir daha yaşayır. Çətin roldur, amma şərəfli roldur».

«Dolu»nun baş qəhrəmanı – Komandiri oynayan Məmməd Səfa danışır. Dediyinə görə, bu onun ən çətin rollarından biridir. Həm psixoloji, həm də fiziki baxımdan:
«Balaca bir uşaq filmin axırında dönür deyir ki, əmi, ora getmə, orda ermənilər var, səni vurarlar. O da dönür baxır uşağa, gözləri dolur. Heç nə deyə bilmir. Bir müddət baxır. Sonra dönüb o istiqamətdə gedir. Bütün filmin iştirakçıları da onun ardınca. Bu yükü biz həll edə bilmədik neçə illərdir. Bunu qoyduq körpələrin çiyninə. Bax bunu oynamaq psixoloji baxımdan çətiniydi».

«TONLARLA SEMENT, HİS YEMİŞİK...»

Aktyor Məmməd Səfa və Cavanşir Hadıyev film çəkilişləri zamanı
Aktyor Məmməd Səfa və Cavanşir Hadıyev film çəkilişləri zamanı
Məmməd Səfa yarızarafat, yarıciddi deyir ki, «Dolu»nun sayəsində xeyli əziyyət çəkib. Döyüş səhnələri zamanı canı buz, mədəsi də his-pas bağlayıb deyəsən:
«Çətinliyi onun fiziki ağırlığındadır. Bütün yayı tonlarla sement yemişik, his yemişik. O partlayışlarda əziyyət çəkdik. Çox çətin iş idi, çirkli iş idi. Dəfələrlə soyuqla üzləşdik. Çətiniydi bu mənada».

Filmdə Məmməd Səfadan başqa Fuad Poladov, Şamil Süleymanov, Gülzar Qurbanova, Rza Rzayev, Pərviz Bağırov və başqaları da çəkilib:

«Bizdə personajlar çoxdur, qalereya zəngindir. Məsələn, Fuad müəllim 30-dan çox qəhrəmandan biridir. Katib obrazında oynayır. Orda adi döyüşçü də var. Hamısı bütöv obrazdır. Hər biri qəhrəmandır. Çalışmışıq ki, tanınmış simalar az olsun».

«MÜHARİBƏ BAŞ ROLDA DEYİL, İNSAN SARSINTILARI BAŞ ROLDADIR»

Filmin çəkilişindən bəzi fotolar artıq «Facebook» sosial şəbəkəsinə yerləşdirilib. İlk baxışdan bunun döyüş filmi olduğunu düşünmək olar. Rejissor isə deyir ki, əslində bu anti-müharibə filmidir:

«Burda müharibə baş rolda deyil. Burda müharibəyə düşən insanların sarsıntısıdır baş rolda, müharibənin yaratdığı təzahürlərdir baş rolda. Filmin yarısından bir qədər azı döyüşdür. Amma müharibə filmi deyil. Məqsəd müharibəyə çağırış deyil. Müharibəyə çağırış sənət ola bilməz. Yəni «çıxış yolu müharibədir, amansızlıqdır, gedək kəsək kiminsə başını» o sənət ola bilməz. Bu baxımdan film anti-müharibədir. Vacib olan müharibənin insanın düşüncəsində qoyduğu yaralar, təzadlardır».

PAFOSDAN UZAQ VƏ PAFOSLA?
Filmdən görüntü
Filmdən görüntü

Son illər Qarabağ haqda çəkilən filmlərdə pafosa «Dolu»da da rast gələcəyikmi? Elxan Cəfərov deyir ki, filmdə uydurma və yalançı pafos yoxdur:

«Biz çalışacağıq ki, film yalançı pafosdan uzaq olaq. Həqiqi insan danışır, həqiqi insanın düşüncəsi, hissləri görünür. Amma eyni zamanda o pafos da olmalıdır. Qəhrəmanlıq dastanıdırsa, olmalıdır».

Bəs niyə «Dolu» adlanır film? Bax, bunu da filmdə biləcəksiniz. Ya da film hazır olana kimi Aqil Abbasın eyni adlı romanından.

Filmin çəkilişisə demək olar ki, yekunlaşıb. Şəmkirdə tankların döyüşü çəkilməlidir. Sonra montaj, səsləndirmə və... Premyera yazda olmalıdır.
XS
SM
MD
LG