Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:33

Bənzərsiz rəssamın 102 yaşı tamam oldu


Ziyadxan Əliyev
Ziyadxan Əliyev
«Səttar Bəhlulzadə üçün edilənlər ona yox, özümüzə etdiklərimizdir».

Bu sözləri AzadlıqRadiosunun «Can Bakı» proqramına Səttar Bəhlulzadə irsinin araşdırıcısı Ziyadxan Əliyev söylədi:

«O, 1974-cü ildə dünyasını dəyişib. Və bizim etdiklərimizin də ona isti-soyuğu yoxdur. Əslində, bu, özümüzün özümüzə və başqalarına tanıdılması üçün tutarlı bir vasitədir. Təəssüf ki, bu vasitələrdən yararlana bilmirik».

100 İLLİK YUBİLEY TƏDBİRLƏRİ SİZİ RAZI SALDIMI?

Aparıcının bu sualını Z.Əliyev belə cavabladı: «Yox! Mənim aləmimdə Səttar Bəhlulzadə adlı sənət faktoru çox tutumludur. Azərbaycan ölkəsi, xalqı bundan lazımınca istifadə etsəydi, bəlkə də daha çox mətləblərə çatardı».

SƏRGİ SƏTTARIN ADINA LAYİQ DEYİLDİ

Z.Əliyev ölkə rəhbərliyinə yubiley məsələsini UNESCO səviyyəsinə qaldırdığına görə təşəkkür də etdi: «UNESCO-nun razılığından sonra prezident fərmanı imzalandı və müəyyən tədbirlərin keçirilməsi nəzərdə tutuldu. Bakıda dekabrda yubiley sərgisi keçirildi. Kiçik bir sərgi idi. Səttarın adına layiq deyildi. İncəsənət Muzeyinin dəhlizində təşkil olunmuş sərgidə Səttarın əsərlərinin yalnız bir hissəsi göstərilirdi. Elə İncəsənət Muzeyində Səttarın 100-dən çox əsəri var. Onları sərgiləməklə böyük ekspozisiya yaratmaq olardı».

PARİS SƏRGİSİNDƏ REPRODUKSİYALAR SƏRGİLƏNDİ...

Sənətşünas təəssüflə bildirdi ki, Paris sərgisinə əsərlərin özü yox, reproduksiyaları aparıldı: «Cəmi 30 əsərin reproduksiyası aparılmışdı. Bununla Paris kimi sənət məbədini təəccübləndirmək çox çətindir. Dünya təcrübəsində əsərlərin özü sərgilənir—xüsusi mühafizə ilə. Səttarla bağlı niyə belə addım atılmışdı, bunu deyə bilmərəm. Axı, sərginin effekti az ola
bilərdi...».

RƏSSAMIN ƏMİRCANDAKI EVİ YARI BÖLÜNDÜ...

Yubileydən 2 il keçsə də, hələ rəssamın ev muzeyinin hazır olmadığını deyən Ziyadxan bəy açılışdan sonra orada da əsərlərin əslinin deyil, surətinin göstəriləcəyini nəzərə çatdırdı: «Orada rəssamın qardaşının və bacısının uşaqları yaşayırdı. Qohumlar arasında ixtilaf düşdü. Axırda həyəti yarı böldülər. İndi rəssamın muzeyinə gələnlər kiçik bir həyət görəcəklər».

DÖVLƏT BU İŞİ YOLUNA QOYA BİLMƏZDİMİ?

Aparıcının «Yəni, dövlət iki qohum arasındakı həyət davasını yoluna qoya bilməzdimi? Əmircanda 5-6 sot torpaq tapılmadı ki, digər qohumu razı salmaq olsun» sualı belə cavablandı: «Burada ev almaqdan söhbət gedirdi. Bacısı oğluna ev vermişdilər. O birilər də istəyirdi. Baş tutmayanda, həyəti yarı böldülər...».

«QEYRƏTLİ OĞULLAR SƏSİMƏ SƏS VERSİN»

Z.Əliyev hazırda Səttar Bəhlulzadə ilə bağlı daha bir kitab yazdığını vurğuladı: «Amma kitabı çap etdirmək üçün vəsait yoxdur. Mən radionuzdan istifadə edib bizim iş adamlarımıza müraciət etmək istəyirəm. Çox maraqlı bir kitab hazırlamışam. O kitabın çapına maddi dəstək vermələrini istərdim. Azərbaycan xalqını, mədəniyyətini sevən oğullarımız səsimə səs versin. Kitabı kütləvi tirajla buraxaq. Hamıya çatsın. Keçən dəfə cəmi 500 tirajla çıxmışdı. Kitabın xarici dillərdə də olmasını istərdim. Əlaqə telefonum: 050 341-48-30-dur».
XS
SM
MD
LG