Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:43

Tanınmış opera müğənnisi dünyadan köçdü


Firəngiz Əhmədova
Firəngiz Əhmədova
Azərbaycan mədəniyyətinə ağır itki üz verdi. SSRİ xalq artisti, tanınmış opera müğənnisi Firəngiz Əhmədova dekabrın 16-da müalicə aldığı 1 saylı Şəhər Xəstəxanasında 83 yaşında vəfat etdi. Firəngiz xanımın uzun illər çalışdığı Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyevdən aldığımız müsahibəni təqdim edirik.

ÇOX GÖZƏL—MƏXMƏRİ SƏSİ VARDI

-- Hafiz müəllim, AzadlıqRadiosunun başsağlığını qəbul edin...

--Azərbaycan mədəniyyətinə, musiqisinə, vokal sənətinə ağır itki üz verdi. Firəngiz xanım uzun illər teatrımızın solisti olub. Həm Azərbaycan klassik operalarında, həm də dünya operalarında baş rolları mükəmməl oynayıb. Çox gözəl—məxməri səsi olan xanım müğənni olub. Səsinin diapazonu da çox geniş idi. Səhnə mədəniyyətinə, artistizmə yiyələnmiş ifaçı idi. Opera müğənnisi üçün bu, bəzən ikinci planda olur. Amma Firəngiz xanım bunu vokal sənəti ilə eyniləşdirmişdi. Onun ifa etdiyi bütün obrazlar yüksək səviyyədə qarşılanırdı. Böyük sənətkar idi. SSRİ məkanında olan böyük teatrlarla əlaqəsi vardı. Həmişə qastrollarda olurdu. Həmin teatrların ulduz vokalçıları ilə bir yerdə oxumuşdu.

FİRƏNGİZ XANIM KOROĞLUNUN NİGARINI OYNAMIŞDI

--Hafiz müəllim, Firəngiz xanımın ən məşhur obrazı hansı idi?

--Firəngiz xanım «Koroğlu» operasındakı Nigar obrazı ilə tamaşaçıların könlünü ovlamışdı. «Şah İsmayıl»da Gülzarı oynamışdı. Dünya operalarının ən baş partiyalarını—soprano üçün yazılmış bütün partiyaları ifa etmişdi. Adlarını sadalasaq, böyük siyahı alınar. Firəngiz xanım xeyli sayda müğənnilər nəsli yetişdirmişdi. Onlar indi də teatrımızda çalışırlar. Odur ki. Firəngiz xanım Azərbaycan incəsənətində tarix kimi qalacaqdır. Allah rəhmət eləsin. Böyük bir itkidir.

XEYİRXAH İNSAN İDİ

--Ömrünün son illərini necə keçirdi Firəngiz xanım? Heç yad edirdinizmi onu?

-- Əlaqələrimiz vardı. Özü də teatra gəlirdi. Müəyyən tədbirlərdə də görüşürdük. Çox mədəniyyətli xanım idi. Teatrın bütün işlərindən xəbərdar olurdu. Çox xeyirxah insan idi. Hər yeni tamaşamıza xeyir-dua verirdi. Təqaüddə olsa da, teatrı unutmurdu. Həmişə də xeyirxah duyğularla yaşayırdı. Yeniliklərə öz xoş əhvalı ilə, müsbət emosiyası ilə cavab verirdi.

-- Hafiz müəllim, sağ olun müsahibəyə görə. Başınız sağ olsun.

--Millətin başı sağ olsun! Allah rəhmət eləsin!

XS
SM
MD
LG