Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 14:28

Vaslav Haveldən seçmə fikirlər


Dekabrın 18-də dünyasını dəyişmiş məşhur dissident, çex yazıçısı Vaslav Havelin Azərbaycanda çap edilmiş "Gücsüzlərin gücü" adlı esse kitabından seçmələr

***

Bizim sistem adətən diktatura, yaxud daha dəqiq desək, cəmiyyət üzərində iqtisadi və sosial səviyyədə həyata keçirilən siyasi bürokratiyanın diktaturası kimi xarakterizə edilir.

Qorxuram, başqa nə cür anlaşıla bilməsindən asılı olmayaraq, “diktatura” termini bu sistemdə hakimiyyətin əsl təbiətini aydınlaşdırmaqdansa, daha da anlaşılmaz etsin.

Bu termin bizdə adətən hər hansı ölkədə kiçik bir qrup adamın hakimiyyəti zorla ələ keçirməsi ilə assossasiya olunur; onlar öz ixtiyarlarında olan birbaşa güc vasitələrindən istifadə edərək hakimiyyəti açıq şəkildə ələ keçirir və idarə etdikləri çoxluqdan sosial baxımdan ilk baxışda fərqlənirlər.

Diktatura anlayışının əsas ənənəvi, yaxud klassik cəhətlərindən biri onun müvəqqəti, gəldi-gedər olması və heç bir tarixi kökə malik olmaması fikridir. Diktaturanın ömrü onu yaradanların ömrü qədər olur.

O, adətən əhatəliliyinə və əhəmiyyətinə görə lokal olur, özünə legitimlik qazandırmaq üçün istifadə etdiyi ideologiyadan asılı olmayaraq, onun gücü əsgər və polislərinin sayına və silahlarının gücünə əsaslanır.

Bu mənada, onun möcudluğu üçün prinsipial təhlükə - ondan daha yaxşı təchiz olunmuş başqa bir qüvvənin ortalığa çıxaraq onu devirməsi ehtimalı hesab edilir.

***

Yalanlar dünyasının qabığı qəribə maddədən düzəldilib. Nə qədər ki, o, bütün cəmiyyəti kip bürüyüb bağlayır, adama elə gəlir ki, o, daşdandır.

Ancaq, kimsə onun bir hissəsini dağıdırsa, ”Kral lütdür!” deyə qışqırırsa, bircə nəfər oyun qaydalarını pozub, baş verənlərin sadəcə oyun olduğunu faş edirsə, hər şey qəfildən işığın başqa bucağında görünür və onda qabığın yırtıldığı yerdə əslində parçadan düzəldildiyi görünür və durmadan parçalanıb, sökülüb gedir.


***

Post-totalitar sistem əsl qüvvə səviyyəsində olan istənilən rəqib alternativə, həmçinin öz avtomatizminin qanunlarından asılı olmayan hər hansı siyasət formalarına nə qədər mane olursa, hər hansı potensial siyasi təhlükənin ağırlıq mərkəzi daha böyük qətiyyətlə ekzistensial və siyasətəqədərki sahəyə sürüşür; adətən hər hansı şüurlu səy göstərmədən, yalansız yaşamaq sistem avtomatizminin əleyhinə işləyən bütün fəaliyyət növlərinin çıxış nöqtəsinə çevrilir.

***

İnsanlar gənc musiqiçilərlə əsl həmrəylik hissi yaşamaqdan ruhlanmış, anlamışdılar ki, yaradıcılığının nə dərəcədə yaxın və ya uzaq olmasından, həyata münasibətindən asılı olmayaraq, başqalarının azadlığını dəstəkləməmək, öz azadlığını əldən vermək deməkdir. (Qanun qarşısında bərabərlik olmadan azadlıq olmaz, azadlıq olmadan qanun qarşısında bərabərlik olmaz; “Xartiya 77” bu qədim fikrə yeni və özunəməxsus məna verdi, bu isə Çexiyanın müasir tarixi üçün böyük əhəmiyyətə malik oldu.

***

. Post-totlitar sistemdə müxalifət həm də qeyd olunan mənada dolayı siyasi təsirə malik olan və ya ola bilən hər şey kimi başa düşülür. Yəni post-totalitar sistemin özünə təhlükə saydığı, əslində isə sistemin özünün təhlükə altına atığı hər şey - müxalifətdir. Bu mənada dükançının dükanın pəncərəsinə şüarı qoymaqdan imtina etməsindən tutmuş azad bir şeirə qədər, - yalansız, həqiqətlə yaşamaq uğrunda atılmış hər addım, başqa sözlə desək, həyatın əsl məqsədlərinin sistemin məqsədlərinin müəyyənləşdirdiyi hədləri aşdığı hər bir məsələ - müxalifətçilikdir.

****

Əgər demokratik cəmiyyətlərdən post-totalitar sistemə idxal olunan "müxalifət" termininin yeni, tam fərqli şərtlər altında hansı məna verəcəyi barədə ümumi fikir yoxdursa, "dissident" termini əksinə, Qərb jurnalistləri tərəfindən seçilib və bu gün yalnız post-totalitar sisemə xas, demokratik cəmiyyətlərdə olmayan (ən azı bu formada olmayan) fenomen kimi geniş işlədilir.

Kimdir bu “dissidentlər”? Belə görünür ki, bu termin ilk növbədə yalansız yaşamaq qərarına gəlmiş və aşağıdakı meyarlara uyğun gələn Sovet bloku vətəndaşlarına aiddir:

1. Öz müstəqil, barışmaz mövqelərini və tənqidi düşüncələrini çox aşağı imkanlar və vasitələr hesabına ictimai və sistemli şəkildə ifadə edirlər, Qərbdə də bu cəhətlərilə tanınırlar.

2. Öz ölkələrində nəşr olunmaq qadağalarına və hökumətin verdiyi hər cür əziyyətlərə baxmayaraq, yanaşmalarının gücü sayəsində həm cəmiyyət, həm də hökumət tərəfindən hörmət qazanır, beləliklə, öz mühitlərində əslində çox məhdud
və dolayı təsir gücünə malik olurlar. Bu təsir gücü onları ya təqibin ən pis formalarından qoruyur, ya da ən azı onları təqib etməyin hökümət üçün müəyyən siyasi çətinliklər yaratmasını təmin edir.

3. Onların tənqidi fikirləri yaşadıqları ərazinin və peşələrinin üfüqlərinin dar çevrəsini tərk edərək ümumiləşir, daha ümumi səbəbləri əhatə edir, siyasi xarakter alır. Özlərinin birbaşa siyasi qüvvələrinə verdikləri qiymət fərqli olsa da, onların işi mahiyyətcə siyasi hesab olunur.

4. Bu insanlar "yazı insanları"dır, onlar üçün yazılı söz əsasdır və onların hökm etdikləri əsas, çox zaman yegənə siyasi vasitə yazıdır. Məhz yazı vasitəsilə onlar, xüsusən xaricdən, özlərinə diqqət qazana bilirlər. Onların yalansız yaşamaq üçün əl atdıqları digər vasitələr isə ya xarici müşahidəçiyə çata bilmir, lokal mühitin qeyri-müəyyənlikllərində itib-batır, ya da müşahidəçilərin yazdıqlarına xırda əlavə kimi görünür.

5. Hazırda hansı işdə işləmələrindən asılı olmayaraq, Qərbdə onlar barəsində daha çox siyasi fəal kimi bəhs olunur, onların öz sahələrində gördükləri əsl işdən çox, işlərinin siyasi aspektləri daha çox müzakirə edilir. Şəxsi təcrübəmdən bilirəm ki, özün istəmədən, yaxud heç xəbərin olmadan bir görünməz cızığı keçdiyin andan etibarən sən vətəndaş mövqesi olan yazıçı deyil, aradabir (boş vaxtlarında) həm də yazan "dissident" sayılırsan.

Şübhəsiz ki, bütün bu meyarlara uyğun adamlar var. Müzakirə obyekti ola biləcək məsələ odur ki, hər bir qrup adam üçün xüsusi bir termin işlədilməlidir, ya yoxsa onları "dissident" adlandırmalı. Hər halda adlandırırlar, biz buna qarşı heç nə edə bilmərik. Hər nə qədər istəməsək də, ünsiyyəti asanlaşdırmaq üçün bu yarlığı özümüz də öz haqqımızda işlədir, lakin bunu kinayə ilə edir və bu sözü demək olar ki, həmişə dırnaqda yazırıq.

***

Deyilənlərdən hansı nəticəyə gəlmək olar? Məsələ belədir: ilk növbədə cəmiyyətin müstəqil həyatında iştirak edən və qətiyyən “dissident” olmayan insanlar haqqında danışmadan “dissidentlər”in nə iş gördükləri, onların işinin əhəmiyyəti barədə danışmaq olmaz.

Bu kateqoriyaya senzura və rəsmi qadağalara məhəl qoymadan istədikləri kimi yazan və rəsmi naşirlərin çapdan imtina etdikləri halda onu “samizdat” şəklində özü çap edən yazıçılar daxildir.

Bunlar filosoflar, tarixçilər, sosioloqlar və digər müstəqil elmlərlə məşğul olanlar, rəsmi və ya yarı-rəsmi kanallarla mümkün olmadıqda öz işlərini “samizdat” şəklində yayan, yaxud müzakirələr, mühazirələr və seminarlar təşkil edən insanlar ola bilər. Bu, gənclərə dövlət məktəbində deyilməsi qadağan olan faktları söyləyən müəllimlər ola bilər.

Öz idarəsində və yaxud kənarda sərbəst dini həyat sürən ruhanilər, rəsmi təşkilatların necə qarşılamasından asılı olmayaraq, öz yaradıcılığını davam etdirən rəssam, musiqiçi və müğənnilər, bu müstəqil mədəniyyəti bölüşən və yayılmasına yardım edən hər kəs, öz imkanları çərçivəsində işçilərin sosial maraqlarını qorumağa, həmkarlar ittifaqını geri çağırmağa və yaxud buna bənzər başqa müstəqil təşkilatlar qurmağa çalışan insanlar, rəsmilərin diqqətini baş vermiş hər hansı ədalətsizliyə yönəltməkdən çəkinməyən, qanunların qorunmasına çalışan insanlar, özlərini manipulyasiyadan azad etməyə çalışan və öz seçdikləri həyat tərzilə öz dəyərlər iyerarxiyasının ab-havasında yaşayan müxtəlif gənclər birlikləri ola bilər. Siyahını uzatmaq olar
XS
SM
MD
LG