Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 09:42

ELÇİN: "Qərb ədəbiyyatında sən pornoya rast gələ bilməzsən,


ELÇİN
ELÇİN
YAŞARIN XALQ YAZIÇISI ELÇİN İLƏ MÜSAHİBƏSİ

Əvvəli burda


ELÇİN:

...Elə bu yerdə mən bizim görkəmli ədəbiyyatşünas-alimimiz Qəzənfər Paşayevin böyük və şübhəsiz ki, gərgin zəhmətin bəhrəsi kimi azərbaycanlı oxuculara təqdim etdiyi fundamental yaradıcılıq işini – Mişel Nostradamusun bütün Senturiyalarının dilimizə tərcüməsini və geniş izahını xüsusi qeyd etmək istəyirəm və bunu yalnız tərcümə ədəbiyyatımızın deyil, ümumiyyətlə, ictimai fikrimizin inkişafında hadisə hesab edirəm.

Dünya çapında elə müəlliflər var ki, onların əsərlərini öz dilinə çevirib, öz dilində oxuması millətin mədəni səviyyə göstəricisidir və Nostradamus da bu mənada Homer və Aristotel, Firdovsi və Nizami, Dante və Şekspir, Hegel və Tolstoy kimi həmin müəlliflərdən biridir.

Qəzənfər Paşayev yalnız tərcümə ilə kifayətlənmir və oxucunun Nostradamusun Senturiyaları kimi xeyli dərəcədə mürəkkəb bir mətni dərk və əxz edə bilməsi üçün bir çox elmi mənbələrə əsaslanaraq, hər bir katrenin şərhini yazır, eyni zamanda mövzu ilə bağlı ayrı-ayrı hadisələr, tarixi faktlar və şəxsiyyətlər haqqında zəngin məlumat verir. “Nostradamusun möcüzəli aləmi” kitabı həm tərcüməsi etibarilə, həm şərhləri, həm də bu mükəmməl nəşrin

"Öz təcrübəmdən çıxış edərək, bu gün əlyazmalarını oxumaq üçün mənə göndərən gənclərə çapa tələsməməyi məsləhət görürəm. Kaçenovski 16 yaşlı Puşkinin ilk şeirlərini çap etməmişdi və sonralar Puşkin ona məşhur epiqramalarını yazmışdı. Düzdür, o epiqramalar çox gözəldir, bununla belə, güman edirəm ki, hardasa Kaçenovskini də başa düşmək olar..."

elmi aparaturası baxımından istedadın, yaradıcı zəhmətkeşlik və yaradıcı da məsuliyyətin bəhrəsidir.

Yaxud, bax, mən uzun müddət idi ki, Ramiz Əsgəri yaxşı bir jurnalist kimi tanıyırdım, ancaq budur, mizimin üstündə onun tərcüməsində maraqlı kitablar var, misal üçün, “Baburnamə”. Bu məşhur orta əsrlər abidəsi indiyə kimi Azərbaycan dilində yox idi və mən Zəhirəddin Baburun bu memuarını çox maraqlı bir roman kimi oxudum. Ramiz bu əsərin cığatay, türk və rus nəşrlərini tutuşduraraq, onu dilimizə çevirib, eləcə də səriştəli ön söz və izahlar yazıb.

Burası da yəqin əhəmiyyətli bir cəhətdir ki, Ramiz Əsgər tərcümə ilə paralel olaraq tədqiqat da aparır. Bu baxımdan onun “Qutadğu bilik” monoqrafiyasını mən ayrıca qeyd etmək istəyirəm, çünki indiyə qədər biz ortaq türk ədəbiyyatının bu məşhur abidəsi ilə həm poetik, həm də sətri tərcümədə tanış idik, Ramizin monoqrafiyasında isə o ətraflı tədqiq və təhlil edilir. İstedadlı mətnşünaslıq işi ilə ümumi filoloji səriştə bu monoqrafiyanı yalnız Azərbaycan yox, güman edirəm ki, ümumiyyətlə, müasir türkologiyanın uğuru səviyyəsinə qaldırır.

Ramiz Əsgər Yusif Balasaqunlunun həyatından, dövründən və mühitindən, əlyazmaları nüsxələrindən (Vyana-Herat, Qahirə və Fərqanə-Həmədan nüsxələri), onların tədqiq tarixindən tutmuş arxitektonikasına, poetik xüsusiyyətlərinə, ədəbi-ideoloji qaynaqlarına, leksik-qrammatik quruluşuna, qəhrəmanların tipologiyasına qədər heç nəyi nəzərdən qaçırmayaraq və yeri düşdükcə ciddi elmi ədəbiyyata istinad edərək meydana mükəmməl bir monoqrafiya çıxarmışdır.

Orasını da xüsusi qeyd etmək istəyirəm ki, bu gün bizdə yalnız tərcümənin nəzəri problemləri yox, tərcümə ədəbiyyatının biləvasitə ayrı-ayrı nümunələri də tədqiq predmetinə çevrilib və bu baxımdan mən Möhsün Nağısoylunun bu yaxınlarda nəşr olunmuş “Şirazinin “Gülşəni-raz” tərcüməsi” kitabını qeyd etmək istəyirəm. Doğrusunu deyim ki, bu kitaba qədər mənim Şeyx Mahmud Şəbüstəri və onun “Gülşəni-raz”ı barədə ancaq arayışvari bir məlumatım var idi və Nağısoylunun kitabı sayəsində mən orta əsrlər Şərq ədəbiyyatının çox maraqlı bir nümunəsini özüm üçün kəşf etdim.

Kitab iki hissədən ibarətdir: birinci hissədə Nağısoylunun “Gülşəni-raz”ı təhlil və tədqiq edən, onun türk-Azərbaycan tərcümə ədəbiyyatı tarixində yerini müəyyənləşdirən elmi monoqrafiyasıdır, ikinci hissədə isə bu tərcümənin özünün müxtəlif əlyazma nüsxələri əsasında hazırlanmış mətnin transfoneliterasiyası çap edilmişdir və beləliklə də bu abidəni təfsilatı ilə əxz etməkdən ötrü tam bir ədəbi şərait yaranmışdır.

Onu da deyim ki, bu gün mən Ramiz Rövşənin, Vaqif Bayatlı Odərin, yaxud
YAŞAR
YAŞAR
Məmməd Orucun, rəhmətlik Natiq Səfərovun, Nəriman Əbdürrəhmanlının, Səlim Babullaoğlunun, Mahir Qarayevin tərcümələrini çox zaman bir orijinal təəssüratı ilə oxuyuram, Afaq Məsudun redaktorluğu ilə “Xəzər” dərgisini izləyirəm və sən düz deyirsən, yüzlərlə əsər tərcümə olunsa da, minlərlə əsər hələ öz növbəsini gözləyir. Ancaq başqa bir təəssüf ediləcək cəhət də var: həmin yüzlərlə əsərin hamısı istedadın, yaradıcı şövqün bəhrəsi deyil.

YAŞAR – Qərbin bir gözü həmişə Şərqdə olub. Söhbət Qərb filosoflarından, mütəfəkkirlərindən, şair və yazıçılarından gedir. Biz isə illər uzunu, xüsusən də son dövrlər Qərbə səcdəgah kimi yanaşmışıq. Bunu hardasa mən yer adamının okeanı öyrənmədən kosmosu öyrənmək xülyasına düşməsi kimi qəbul edirəm.

ELÇİN – Heç bir səmtə, o cümlədən də Qərbə səcdəgah kimi yanaşmaq lazım deyil. Mən ədəbiyyatla bağlı Şərqlə Qərbi üz-üzə qoymazdım. Heç bir yazıçı bir-birini əvəz etmədiyi, bir-birinin yerini tutmadığı kimi, Şərq və Qərb ədəbiyyatının da hər birinin öz yeri, öz qiyməti və öz tarixi var.

Tarixin gedişatı elə gətirib ki, bu gün Qərbin həyat tərzi, iqtisadi imkanları, orada elm və texnikanın inkişafı Şərqə nisbətən çox irəlidir. Əlbəttə, bu, ədəbiyyatın inkişafında da öz əksini tapır. Biz dedik ki, ədəbiyyat həyatla birlikdə irəli gedir, o, geri qala bilməz. Bu baxımdan bir sıra obyektiv səbəblər var ki, onların yaratdığı zəmin Qərb ədəbiyyatını müasir dövrün, əgər belə demək mümkünsə, hegemon ədəbiyyatına çevirib.

Bax, ingilis, ya ispan dilində yazan yazıçının dünya miqyasında coğrafi sərhədlər tanımayan nə boyda auditoriyası var? Bu nəhənglikdə auditoriyanın bədii-estetik keyfiyyətlə bağlı ortaya qoyduğu yüksək tələbat, əlbəttə, çox böyükdür və belə bir yüksək tələbat adekvat ədəbiyyatın yaranmasına sövq edir.

O biri tərəfdən, misal üçün, yazıçı ilə rəssamın, yaxud bəstəkarın fərqi nədədir? Yazıçının özünüifadəsi geniş auditoriya qazanmaqdan ötrü başqa dillərə çevrilməlidir, rəssamın, ya bəstəkarın özünüifadəsi isə, orijinalda necədirsə, bütün dünya da onu elə həmin orijinalda görür, ya eşidir. Qərbdə bu fərq də, demək olar ki, aradan qaldırılıb: ingilis, fransız, alman, ispan və s. Qərb dilləri arasında elə bir tərcümə ənənəsi yaranıb ki, artıq bu iş mexaniki bir prosesə çevrilib. Əgər söhbət tanınmış və oxucular tərəfindən qəbul edilmiş bir Qərb yazıçısından gedirsə, onun kitabının eyni zamanda 4-5 dildə nəşr olunması nadir hadisə deyil.

Digər bir məqam: Qərbdə kütlə üçün kiç ədəbiyyatı, cürbəcür komikslər, pornoədəbiyyat və s. geniş yayılıb və onlar artıq təbii şəkildə əsil ədəbiyyatdan – yəni səninlə haqqında danışdığımız ədəbiyyatdan təcrid edilib. Ədəbiyyat öz işi ilə məşğuldur, porno, kiç, komiks və s. də öz işi ilə və mən bunu müasir Qərb ədəbiyyatının yüksək keyfiyyət əldə etməsini şərtləndirən amillərdən biri hesab edirəm. Bu baxımdan Qərb ədəbiyyatında sən pornoya rast gələ bilməzsən, orada erotika, bəzən hətta çox çılpaq bir erotika ola bilər və o erotika bədiiliyə xidmət edəcək. Eləcə də kiç “ah-vayları”, komiks superqəhrəmanlığı və s. – bunların heç biri ədəbiyyat iddiasında ola bilməz.

Bir sözlə, Yaşar, sən düz deyirsən ki, Qərbin gözü həmişə Şərqdə olub, ancaq bu Qərbdə heç bir kompleks yaratmayıb, əksinə, Qərb Şərqə baxıb, götürüb, öyrənib, özününküləşdirib və mən bu gün bizim Qərbə baxmağımızın da hansısa kompleks yaratmasını istəmirəm, biz də baxaq, götürək, öyrənək, özümüzünküləşdirək. Bu zaman söhbət Qərb ədəbiyyatının, ya Şərq ədəbiyyatının ayrı-ayrılıqdakı inkişafından yox, onların sinxron inkişafından, yəni ümumi dünya ədəbiyyatının inkişafından gedəcək.

Başqa sözlə desəm, biz hələ okeanı yaxşı öyrənməmişik deyə, kosmosa uçmağımızı ləngitməyək, kosmosa da uçaq, okeanı da öyrənək və onlar heç vəchlə bir-birinin hesabına olmasın.

Elçinin yaradıcılığı

YAŞAR – Elçin müəllim, indi isə istərdim sırf Sizin yaradıcılığınız üzərində söhbət aparaq.


Kitch (kiç) - orjinallıqdan məhrum, təqlidçi, bazara hesablanmış sənətdir. Bu kitch rəsmli açıqça 1900-cu illərdə buraxılıb...
Kitch (kiç) - orjinallıqdan məhrum, təqlidçi, bazara hesablanmış sənətdir. Bu kitch rəsmli açıqça 1900-cu illərdə buraxılıb...
Bəzi yazıçılar öz xəyali ərazilərini müəyyən şərti adlarla adlandırırlar. Folknerin Yoknapatofu, Markesin Makondosu, Matevosyanın Smokutu və s. Sizin xəyali əraziniz isə adını olduğu kimi saxladığınız Abşerondur. Bakının ətraf kəndləri ilk qələm təcrübələrinizdən başlayaraq, ara-sıra Sizin obrazlarınızın yaşam yeri, əsərlərinizdə baş verən hadisələrin məkan predmeti olub. Hətta mən bir oxucu kimi bir məqamı xüsusi qeyd etmək istərdim ki, qəribə görünsə də Elçinin yaratdığı Abşeron Abşerona Abşeronun özündən də çox oxşayır. Sizin əsərlərinizdə nəinki Abşeronun adamları dipdiri, tam aydınlığıyla görünür, hətta o yerlərin küləyinin səsini eşidir, dənizinin iyisini, qumunun qızmarlığını hiss edirsən. Elçin müəllim, niyə məhz Abşeron? Əslən qarabağlı olan bir yazarı o yerlərdə və o adamlarda özünə cəlb edən nə oldu?

ELÇİN – Sənin sualının kontekstində yəqin bu da maraqlıdır ki, bizim başqa yazıçılarımızdan fərqli olaraq, İlyas Əfəndiyevin Abşeronda heç bağı da olmayıb və mən Abşeron bağlarına ancaq qonaq kimi getmişəm. “Bağ” deyəndə, bu – İlyas Əfəndiyev üçün Qarabağın qollu-budaqlı ağaclarından, gül-çiçəkdən ibarət cənnət bağları idi və o, tək-tük əncir ağaclı və yerə sərilmiş üzümlükdən ibarət qumsallığı heç vəchlə bağ kimi qəbul etmirdi.
Mənim üçün isə Abşeron bağları da Qarabağın o cənnət bağları kimi doğmadır. Hələ lap yeniyetməlik çağlarımda dostlarımla Abşeron bağlarına qonaq gedəndə, Mikayıl Müşfiqin arzuladığı (“Yenə o bağ olaydı...”) o bağların romantikasını özüm üçün kəşf etmişdim. Sonralar mən Abşeronu gəzib-dolaşdıqca, Abşeron camaatının güzəranına, gündəlik qayğı və sevinclərinə bələd olduqca, o insanları yaxından tanıdıqca, görünür, içimdə təhtəlşüur bir protest, etiraz yaranıb: nə üçün bu adamlar Azərbaycan ədəbiyyatında, Baladadaşla bağlı dediyim kimi, yalnız yüngül satira qəhrəmanlarıdır?

Mənim “Bir görüşün tarixçəsi”, “Toyuğun diri qalması” (“Əncir ağacı”), “Dolça” povestlərimdəki, bir sıra hekayələrimdəki məkan Abşerondur və sənə deyim ki, Yaşar, bu “şəxsi ədəbi ənənə” tamam təbii yaranıb. Hətta mənim “Qaçqınlar” silsiləsindən yazdığım “Bayraqdar” povestimdə, “Qarabağ şikəstəsi”, “Gecə pəncərədən görünən dağlar... “ hekayələrimdə də hadisələr Abşeronda, konkret olaraq Buzovnada baş verir.

YAŞAR – Elçin müəllim, Siz rahat, təminatlı həyat yaşamış bir insansız. Yazıçı kimi də Sizin ədəbi fəaliyyətiniz lap əvvəldən uğurlu alınıb. Paradoks isə burasındadır ki, sizin əsərlərinizdə taleyi gətirməmiş, həyatın dibində olan obrazlar daha təbii, daha inandırıcı alınır. Oxucuda belə təsəvvür yaranır ki, yazar bu taleləri şəxsən özü yaşamadan o insanların daxili dünyalarını belə çılpaqlığıyla aça bilməz.

ELÇİN – Yaşar, mənim böyük dostlarımdan biri, rəhmətlik professor Abbas Zamanovdan soruşanda ki, Abbas müəllim, necəsiniz, necəliyindən asılı olmayaraq cavab verərdi: “Şikayətim yoxdur!”. “Rahatlıq” da, “təminatlı həyat” da, “uğur”da nisbi anlayışlardır, ancaq Abbas müəllim demişkən, mənim də şikayətim yoxdur.

Sənin maraqlı sualınla bağlı isə, mən də sənə belə bir sual verirəm: Karfagenin süqutundan iki min il sonra Flober “Solombo”nu necə yazıb? Yaxud ağır vərəm xəstəsi olduğu üçün ömründə səyahətə çıxmayan Stivenson səyahətlərlə dolu o gözəl macəra kitablarını necə yazıb?
Aydın məsələdir ki, bu suallarla mən özümü Floberlə müqayisə etmirəm və özümü kənara çəkərək deyirəm ki, söhbət ədəbiyyatda yazıçı fəhminin, yaradıcı intuisiyasının oynadığı roldan gedir. Ona görə də ingilis Şekspir bir
Flober
Flober
tərəfdən İngiltərə hökmdarı 3-cü Riçardın, o biri tərəfdən də Danimarka şahzadəsi Hamletin, yaxud Afinalı Timonun, yaxud da Misir kraliçası Kleopatranın surətlərini yaradaraq, sənin dediyin kimi, onların “daxili dünyalarını bütün çılpaqlığı ilə” açmağı bacarırdı.

Biləvasitə şahidi olduğunu da yaza bilərsən, ya da əksinə, yazdığın tamamilə bədii təxəyyülün məhsulu da ola bilər. Bəli, Flober Karfagendə yaşamayb, ancaq bax, misal üçün, XX əsr rus hekayəçiliyində Varlam Şalamovun “Kolım hekayələri”nin mənim üçün xüsusi yeri var. Xüsusən, “Mayor Puqaçovun son döyüşü”nü mən, ümumiyyətlə, rus hekayəçiliyinin şedevrlərindən biri hesab edirəm. Varlam Şalamov özü “xalq düşməni” kimi Kolıma sürgün olunaraq, orada dustaq həyatı yaşayıb və bu hekayədə təsvir etdiyi hadisəni də öz gözləri ilə görüb.

YAŞAR – Tomas Vulf deyir ki, bütün yazıçılar öz tərcümeyi-hallarını yaradırlar və mən “Qulliverin macəraları”ndan avtobioqrafik əsər tanımıram. Elçin müəllim, Sizin bu fikrə münasibətiniz necədi? Şəxsən Siz harda özünüzü daha rahat hiss edirsiz: öz yaşantılarınızı yazarkən, yoxsa tamamilə özünüzü fantaziyanın ixtiyarına verərkən?

ELÇİN – Yaşar, səninlə, mənim müştərək dostumuz Tomas Vulf “Qulliver”lə bağlı, deyəsən, bir balaca mübaliğəyə yol verib. Ancaq mənim üçün də həqiqət budur ki, yazıçı nədən yazırsa, yazsın, o, ilk növbədə özündən yazır. Biz dedik ki, ədəbiyyatın predmeti insan xislətidir. Hər bir yazıçı qələmə aldığı mövzuya, təsvir etdiyi xarakterə öz xislətinin gözü ilə baxır, bu xisləti öz hisslərinin, özünün bədii təfəkkürünün vasitəsilə hiss və dərk etməyə çalışır.
Mənim üçün biləvasitə gördüyüm, şahidi olduğum, yaşadığımla bədii fantaziya arasında fərq yoxdur. Onlar mənim üçün bir-birləri ilə ən sıxı əlaqədə, ən sıxı bağlantıdadırlar. Bu, Siam əkizlərinə bənzəyir, iki başı var, ancaq bədən eynidir

YAŞAR – Çexov, Borxes, Kardoso kimi nəhəng yazıçıların nəsr fəaliyyəti yalnız hekayə ilə məhdudlaşıb. Elçinin ilk qələm təcrübələri – mən povestlərinizi də bura daxil edirəm – Azərbaycan ədəbiyyatında usta hekayətçinin varlığından xəbər verir. Bəs onda, Elçin müəllim, bilmək istərdim, necə olur ki, yazıçı artıq özünü hekayə vasitəsilə ifadə etməkdən imtina edir, iri həcmli janra, romana müraciət etmək qərarına gəlir? Təbii ki, yaxşı olardı bu sualı öz təcrübənizdən çıxış edərək cavablandırasız.

ELÇİN – Hekayə mənim üçün çox məhrəm bir janrdır. Hekayə məni yormur, darıxdırmır, əsəbiləşdirmir. Ancaq yazıçını düşündürən mövzuların hamısını hekayənin məhdud həcm çərçivələrinə sığışdırmaq mümkün deyil. Sənə bir şeyi deyə bilərəm ki, roman yazmaq naminə roman yazmaq, yaxud pyes yazmaq naminə pyes yazmaq istəyi həmişə məndən uzaq olub. Mən heç vaxt mövzunu janra görə müəyyən etməmişəm, mövzu özü janrı seçib.

Lap gənc yaşlarımda “Əsli və Kərəm” adlı kiçik bir povest yazmışdım və o povest, 60-cı illərin lap əvvəllərində səhv etmirəmsə, “Azərbaycan” jurnalında çap olumuşdu. Bu povest mənim milli ədəbiyyata və ümumiyyətlə, ədəbi irsə yeniyetməlik, gənclik təkəbbürü ilə baxdığım çağların yazısı idi. Əsli də, Kərəm də müasir gənclər idi, hərəsinin öz marağı, öz həyatı var idi və onlar bir-birinə “Kərəm, mən səni sevmirəm”, “Əsli, mən də səni sevmirəm” deyirlər. Burada dastana qarşı sadəlövh bir protest var idi.

Yeri düşmüşkən, deyim ki, öz təcrübəmdən çıxış edərək, bu gün əlyazmalarını oxumaq üçün mənə göndərən gənclərə çapa tələsməməyi məsləhət görürəm. Kaçenovski 16 yaşlı Puşkinin ilk şeirlərini çap etməmişdi və sonralar Puşkin ona məşhur epiqramalarını yazmışdı. Düzdür, o epiqramalar çox gözəldir, bununla belə, güman edirəm ki, hardasa Kaçenovskini də başa düşmək olar...

Ancaq sənin sualından uzaqlaşmayaq.

İllər keçdi və milli ədəbi irs, milli folklor mənim ədəbi axtarışlarımda, düşüncələrimdə, ədəbiyyata münasibətimdə özünün layiqli yerini tutdu və tamamilə gözlənilmədən mənim fikrimdə “Əsli və Kərəm” dastanının motivlərindən istifadə etməklə “Mahmud və Məryəm” romanının mövzusu yarandı. Bu mövzunun, demək istədiyim sözün miqyası elə idi ki, mən onu hekayə, ya da povest (Qərbdə “povest” janrı yoxdur, həcmi kiçik olsa da roman adlandırılır, Türkiyədə isə povestə sadəcə olaraq, böyük hekayə deyirlər) həcminə sığışdıra bilməzdim. Mövzu öz janrını tələb etdi və “Mahmud və Məryəm” romanı yazıldı. Sonrakı illərdə yazdığım “Ağ dəvə” və “Ölüm hökmü” romanlarında da eynən, mövzular öz janrlarını müəyyənləşdirdi.
Bu dediklərim bir yazıçı kimi mənim yaradıcılıq təcrübəmin elementləridir, başqa bir yazıçı isə, əlbəttə, sənin suallarına başqa cürə cavab verə bilər.

YAŞAR – Bəzi yazıçılar, məsələn, Qarşin, Folkner və s. öz qəhrəmanının xarakterini, daxili aləmini açmaq üçün onu kritik psixoloji vəziyyətdə, hardasa olumla,ölüm arasında çarpışdığı anda təqdim edirlər. Amma Siz öz qəhrəmanlarınızı əsasən hadisələrin ixtiyarına buraxırsız. Və Sizin qəhrəmanlarınızın xarakteri məhz süjetin, hadisələrin dramatizmi fonunda açılaraq inkişaf edir. Yəni, əgər belə demək olarsa, Siz öz qəhrəmanlarınızın içində oturmaqdansa, onu kənardan müşahidə etməyə üstünlük verirsiz. Yəqin elə bu səbəbdəndi ki, Sizdə hadisələr birinci şəxsin yox, demək olar, həmişə üçüncü şəxsin dilindən nəql olunur.

ELÇİN – Yaşar, sənin bu sualın elə məsələlərə toxunur ki, onun ən tutarlı cavabını, yəqin ki, tənqidçilər verə bilər.

Qəhrəmanlarımı kənardan müşahidə etməyimlə bağlı söylədiyin fikirdə, bəlkə də, haqlısan, ancaq mən onların içinə tam bələd olmasam, onların daxili aləmini görməsəm, hiss etməsəm, güman edirəm ki, mənim bu müşahidəmdən bir şey çıxmaz.

Qalan söylədiklərinlə tam razıyam. İnsanı böyüklü-kiçikli gündəlik hadisələrin gedişatında yaxından tanıyırsan, çünki bu zaman onun xarakteri açılır, həmin hadisələrin axarında onun daxili aləmini hiss edirsən. Eləcə də ədəbi qəhrəmanlar. Onların xarakteri süjetin, qələmə aldığın hadisələrin inkişafında açılır, onların daxili aləminin üstünü örtmüş pərdə elə bu zaman yavaş-yavaş kənara çəkilir.

Ancaq bu o demək deyil ki, bütün əsərlər belə yazılmalıdır. Hər şey müəllifin fərdi yaradıcılıq psixologiyasından, bədii təxəyyülünün fərdi
Thomas Wolfe
Thomas Wolfe
xüsusiyyətlərindən asılıdır. Qəhrəmanları ölüm-dirim çarpışmalarında təqdim etməyin dahiyanə ustası Şekspirdir. Şekspir qələmi çılğın ehtiraslar içində özünün ən ali ifadəsini tapır. Çılğın ehtiraslar isə həmin ölüm-dirim mübarizəsini tələb edir. Bu zaman Şekspirin qələmi də çılğınlaşır, onun personajları da məhz həmin çılğın leksika ilə danışırlar, impulsiv Hamlet çılğınlığı, Otello qısqanclığı, Yaqo riyakarlığı meydana çıxır.
İndi də, gəl, səninlə birlikdə “Anna Karenina”nı, yaxud “Madam Bovari”ni xatırlayaq. Bu yaxın mövzulu romanlardakı çılğın ehtiraslar “Otello”dakından, yaxud “Tit Andronik”dəkindən, “Maqbet”dəkindən, az deyil, ancaq Tolstoy da, Flober də həmin çılğın ehtirasları özləri çılğınlığa varmadan, tələsmədən, psixoloji müfəssəlliklə, hərgah belə demək olarsa, bədii-estetik təmkinlə təqdim edirlər.

Bu zaman da, sənin dediyin kimi, xarakterlərin mahiyyəti hadisələrin dramatizmi fonunda açılır.

YAŞAR – Məncə, özündə yazmaq istedadı hiss edən hansısa bir gəncin bu istedadını qidalandırması üçün universitet-filan təhsili almağa ehtiyac yoxdur, onun Sizin “Ədəbi düşüncələr”inizi oxuması kifayətdir. İllərin, on illərin gecəli-gündüzlü düşüncələrindən yaranan bu qeydləri mən hardasa mədənlərdə tonlarla torpağın içindən arıtlanıb çıxarılan qram-qram qızıla bənzədərdim. Yəni, Sizin burada hansısa əsər və yazıçı haqqında gəldiyiniz qısa qənaətlər illərin süzgəcindən keçib gəlib, qalaq-qalaq kitablardan şirə alıb.

ELÇİN – Yaşar, mənim üçün xoşdur ki, sən “Ədəbi düşüncələr” haqqında bu fikirdəsən. Mən bunu ona görə deyirəm ki, bu kitabın yaranması mənim üçün tamam gözlənilməz bir hadisə oldu. Bir var ki, heç özün də gözləmədən, birdən-birə nəsə yazırsan və mənim yazı-pozu təcrübəmdə belə hallar az olmayıb. Bir də var ki, birdən-birə müəllifin özünün də gözləmədiyi halda yeni bir kitabı peyda olur və bu barədə mən “Ədəbi düşüncələr”in ön sözündə yazmışam.

Məsələ burasındadır ki, mən lap gənclik çağlarımdan etibarən oxuduğum kitablar haqqında təəssüratlarımı, eləcə də birdən-birə yadıma düşən ədəbi qəhrəmanlar, ədəbiyyat, sənət və ümumiyyətlə, həyat haqqında qəfil ağlıma gələn (sonra da unudulan!) fikirlərimi çox qısa – iki-üç, beş-altı cümlə ilə qeyd etmişəm: evdə olmuşamsa, rahat şəkildə dəftərdə, başqa yerdə – hansısa iclasda, teatrda, məclisdə, qatarda, təyyarədə və s. – olmuşamsa, kağız qırığında, ya dəvətnamə, bilet, proqram, gündəlik və s. üzərində qeyd etmişəm və bu adət indiyə qədər də davam edir. Mən qətiyyən fikirləşməmişəm ki, bu qeydlər haçansa kitab şəklində meydana çıxacaq, ancaq öz arxivinə qətiyyən fikir verməyən İlyas Əfəndiyevdən fərqli olaraq, o qeydlər itib-batmayıb, mən onları saxlamışam.

2001-ci ildə çox pərakəndə halda olan arxivimi bir az səhmana salmaq istədim və o zaman ordan-burdan çıxan həmin qeydlər neçə qovluq etdi. O qeydlərin ədəbiyyatla bağlı hissəsini ayrı-ayrı zamanlarda necə yazmışdımsa, eləcə də bir yerə yığdım və beləliklə də həmin “Ədəbi düşüncələr” kitabı yarandı.

Maraqlı bilirsən, nədir? “Ədəbi düşüncələr”də elə fikirlər, mülahizələr var ki, bu gün mən özüm onları bölüşmürəm, hətta bəzən opponent oluram və güman edirəm ki, bu, “Ədəbi düşüncələr”in yaxşı cəhətlərindən biridir: deməli, düşündürür, fikir mübadiləsinə, mübahisəyə sövq edir, durğun yox, dinamikdir.

“Ədəbi düşüncələr”i hazırladıqdan sonra, onun mənim üçün bir az kədərli təəssüratını da sənə demək istəyirəm: əlbəttə, az oxunmayıb, ancaq nə qədər artıq dərəcədə oxunmamışlar qalıb və ömrün sonunadək də oxunmamış qalacaq...

(Ardı gələn şənbə)

525-ci qəzet
XS
SM
MD
LG