Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:47

Qarabağ münaqişəsinin daha bir ili keçdi


Elmar Məmmədyarov
Elmar Məmmədyarov
-
«Böyük bir sülh sazişi üzərində işə başlamaq məqsədi ilə məsələləri müzakirə etmək üçün prezidentlərin görüşü nəzərdə tutulur. Buna hazırlıq üçün Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yeni görüşünü planlaşdırırıq» -
Bu, Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarovun bu ilin əvvəlində mediaya dedikləri idi.

PREZİDENTLƏRİN İKİ GÖRÜŞÜ

2011-ci ildə Azərbaycan və Ermənistan prezidentləri Rusiyanın vasitəçiliyi ilə iki dəfə görüşdülər. Martın 5-də İlham Əliyev, Serj Sarkisyan və Dmitri Medvedev Rusiyanın Soçi şəhərində bir araya gəlib Dağlıq Qarabağ münaqişəsindən danışdılar. İyunun 24-də isə eyni formatda görüş Rusiyanın Kazan şəhərində baş tutdu. Hər iki görüşdən sonra tərəflər Rusiyanın səylərini yüksək qiymətləndirib nizamlama prosesində bir az da yaxınlaşma baş verdiyini desələr də, il ərzində bu görüşlərdən qaynaqlanan heç bir ciddi hadisə müşahidə olunmadı.

Əksinə vasitəçilərin daha çox ümid bəslədikləri Kazan görüşündən sonra danışıqlar prosesinin artıq təhlükə altına düşdüyünü də deyənlər oldu. Üç saata yaxın davam edən bu görüşdən öncə digər həmsədr ölkələrin - ABŞ və Fransanın liderləri də tərəfləri münaqişənin həllinə dair baza prinsiplərini imzalamağa çağırmışdılar. Amma bu görüş sonucu ümumiyyətlə sənəd imzalanmadı.

Bir müddət sonra isə Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov açıqlamalarının birində dedi ki, Ermənistan yenilənmiş Madrid prinsiplərindən imtina edib.

İTİRİLMİŞ İL

Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü, deputat Zahid Oruc da Kazan görüşünə rəğmən 2011-ci ildə Qarabağla ilgili aparılan prosesi nəticəsiz sayır. Deyir ki, istər danışıqlar zamanı, istərsə də öz mövqeyini möhkəmləndirmək baxımından Ermənistana yetərincə zərbələr endirməsinə baxmayaraq Azərbaycan bu il də istədiyinə çata bilmədi:

«Düşünürəm ki, 2011-ci il Qarabağ prosesini bütövlükdə uğurlu sonuca çatdırmamaq baxımından itirilmiş il sayılacaq. Kazan görüşünü bütün indiyəqədərki danışıqların son akkordu saymaq mümkün olardı. Əksinə həmin görüş prosesi demək olar ki, dalana dirədi və indi danışıqların özünü bərpa etmək sindrom halında təsəvvür olunur».

Zahid Oruc
Zahid Oruc
Kazan görüşündən sonra Rusiya prezidenti Dmitri Medvedevin Dağlıq Qarabağ probleminin həlli ilə bağlı təkliflərini yazıb Azərbaycan və Ermənistan prezidentlərinə yolladı. Amma nə bu məktubun, nə də ona Bakıdan və Yerevandan verilən cavabların detalları açıqlanmadı.

HƏMSƏDRLƏR HƏDƏFDƏ

ATƏT-in Minsk qrupu həmsədrləri bu il də regiona səfərlər etdilər, prezidentlərin və xarici işlər nazirlərinin görüşlərinə qatıldılar, beynəlxalq tədbirlərdə yenə də vasitəçilik cəhdlərində bulundular. Amma bununla belə il ərzində danışıqlar prosesində hansısa bir nəticənin altından imza ata bilmədilər. Əksinə 2011-ci ildə ilk dəfə olaraq Azərbaycan Prezident Adminstrasiyasının rəhbəri səviyyəsində tənqid də olundular.

Azərbaycan müstəqilliyinin 20 illiyinə həsr olunmuş konfransda çıxışı zamanı Ramiz Mehdiyev həmsədr ölkələrin işğala son qoymaq üçün heç nə etmədiklərini bildirdi, bu dövlətlərin gizlində Ermənistanın işğalçı siyasətini dəstəklədiklərini Azərbaycan xalqının çoxdan başa düşdüyünü söylədi.

Ümumilikdə hər il olduğu kimi bu il də görüşlərin nəticəsiz qalmasında tərəflər bir birini suçladı.

Zaman-zaman Azərbaycan tərəfi torpaqları hərbi yolla azad etmək hüququnu özündə saxladığını Ermənistana xatırlatdı. Ermənistan isə bu cür bəyanatlara adekvat fikirlər səsləndirdi. Beynəlxalq qurumlar, ATƏT-in Minsk qrupunda həmsədr olan ABŞ, Fransa və Rusiya isə hərdən problemin həllinin yalnız sülh yolu ilə mümkün olduğunu tərəflərin diqqətinə çatdırdılar.

ÜMİD BİRCƏ RUSİYAYA İDİ...

Konfliktoloq Arif Yunus hesab edir ki, 2011-ci il də özündən əvvəlkilər kimi Qarabağ nizamlamasında yalnız formal öhdəliklərin yerinə yetirilməsi ilə yadda qaldı. Yəni görüşlər keçirildi, danışıqlar sonrası hər iki tərəfin rəhbərləri pafosla məsələnin həll edilmək üzrə olduğunu dedilər. Bildirdilər ki, az qalıb, xırda məsələlər üzərində müzakirələr aparılır. Xalq bir az da dözümlü olsa bunun nəticəsini mütləq görəcək. Amma reallıqdan söhbət gedəndə heç kimə sirr deyil ki, bu il də nəticəsiz keçdi:

Arif Yunus
Arif Yunus
«Bu il də havayı keçdi. Yəni Qarabağa dair görüşlər, yaxud rəsmi tədbirlər hamısı puça çıxıb. Heç bir nəticə verməyiblər. Və əslində nəticə verə də bilməzdilər. Çünki, nə ermənilər, nə də azərbaycanlılar bu il hansısa nəticəyə nail olunacağına inanmırdılar.

Bu ümid yalnız Rusiyaya idi, çünki prezident Medvedev hakimiyyətdən gedənədək tarixə düşmək üçün nəsə etmək istəyirdi. Bir də bəzi Qərb ölkələrinə, ilk növbədə ABŞ və Fransaya ümid vardı. Bir sözlə, başa düşməliyik ki, bu il nəticəsiz oldu, gələn il də belə olacaq».

Arif Yunus deyir ki, 2010-cu illə müqayisədə Azərbaycan və Ermənistan prezidentlərinin məhz Dağlıq Qarabağ nizamlaması ilə bağlı görüşləri daha az oldu. Yəni cəmi iki dəfə. O da Rusiyanın təşəbbüsü ilə. Ola bilsin ki, ümumi görüşlərin sayı gələn il daha da azalacaq. Çünki tərəflərin bu danışıqlara maraqları getdikcə azalır.

Və nəhayət bu il danışıqlar prosesində hətta kağız üzərində də heç bir yenilik baş vermədiyi halda Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində yeni itkilər oldu.

BİR İLƏ AZI 14 İTKİ

Cəsur Sümərinli
Cəsur Sümərinli
Doktrina Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli apardıqları monitorinqlərə istinadən deyir ki, 2011-ci ildə də atəşkəsin pozulması nəticəsində Azərbaycan və Ermənistan tərəfləri hərəyə təxminən 20-yə yaxın itki veriblər. Yaralananlar da az olmayıb:

«2011-ci ildə ümumilikdə Azərbaycanın cəbhə xəttində itkiləri ən azı 13 nəfər təşkil edib, 1 nəfər isə mina partlayışından dünyasını dəyişib. 22 nəfər isə qarşı tərəfin gülləsindən bu və ya digər dərəcədə yaralanıb. Həmçinin 4 nəfər də mina partlayışından xəsarət alıb.

Biz bu monitorinqi ümumən 2003-cü ildən aparırıq. O dövrdən bəri mətbuatda dərc olunan məlumatlar onu göstərir ki, Azərbaycan silahlı qüvvələrinin cəbhə xəttində verdiyi itkilər 15-20 civarında dəyişir. Yəni orta hesabla təxminən 15 nəfər. Ermənistan tərəfinin istər rəsmi, istərsə də qeyri rəsmi yaydığı məlumatlara görə, onlarda da təxminən eyni sayda itkilər mövcuddur».

Cəsur Sümərinli hesab edir ki, 2011-ci ildə də cəbhə xəttində gərgin əhval- ruhiyyə qalmaqda davam edib və bu gərginliyin hər an lokal hərbi əməliyyatlara keçmə ehtimalı var.
XS
SM
MD
LG