Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 07:16

Şahdağ Turizm Kompleksi üçün torpaqların sotunu 24 manata alırlar


Prezident İlham Əliyev Şahdağ Qış-Yay Turizm Kompleksinin inşası ilə tanış olur, 27 fevral 2011
Prezident İlham Əliyev Şahdağ Qış-Yay Turizm Kompleksinin inşası ilə tanış olur, 27 fevral 2011
-
KUZUN KƏNDİNDƏ TURİZM KOMPLEKSİ


«Burada ən yüksək xidmət təşkil olunacaq. Müasir otellər tikilir. Ümid edirəm ki, yaxın zamanlarda burada birinci mərhələni əhatə edən işlər başa çatacaq. Bu ilin sonuna qədər bu gözəl kurort öz qapılarını insanlara açacaq».

Bunu prezident İlham Əliyev ötən il fevralın 27-də Qusarda inşa olunan Şahdağ Qış-Yay Turizm Kompleksinin kanat və xizək enişinin açılışında deyib. Kompleksin təməlqoyma mərasimi isə 2009-cu ilin sentyabrında olub.

Kompleksin bir hissəsi Kuzun kəndinin ərazisinə düşür. Kənd sakini Mirzəbəy Mirzəyev deyir ki, üzərində turizm kompleksi tikilən torpaqların 4.5 hektarı ona düşən pay torpağıdır. Hökumət bu torpağın hər sotuna görə kompensasiya kimi ona 24 manat təklif edib. O isə razılaşmayıb. Deyir, prezidentə məktublar da yazıb, cavab almayıb. Dərdini hər dəfə kompleksdəki tikinti işləri ilə tanış olmaq üçün əraziyə gələn prezidentə əyani demək istəyir, ancaq buna da imkan vermirlər.

«ORADA TORPAĞIN SOTU 1000 MANATDIR»

Mirzəbəy Mirzəyev: «Həmin sahədə torpağın sotu ən aşağısı 1000 manatdır. Mənə isə 1 sotuna 24 manat verirlər. Bir qəzet 30 qəpiyədir, mənimsə torpağımın kvadratına 24 qəpik verirlər. Torpağı götürüb tikirlər, deyirlər «bu qədər pul veririk. Götürürsən götür, götürmürsən götürmə».

Kəndin digər sakini Şamil Bağışov da kompleksin ərazisinə düşmüş 4 hektar pay torpağına təklif olunan kompensasiyadan imtina edib:

Şahdağ Qış-Yay Turizm Kompleksi turizm sahəsində ən iri layihələrdən hesab olunur
Şahdağ Qış-Yay Turizm Kompleksi turizm sahəsində ən iri layihələrdən hesab olunur
«Sotu 24 manatdan hesabladılar. Bu pul uyğun deyil axı. Xizəksürmə əraziləri örüş əraziləri idi. Hazırda otellər tikilən ərazilər isə pay torpaqlarıdır. Şəxsən mənim pay torpağımda indi 3 beşmərtəbəli yataqxana tikilir».

Şamil Bağışov deyir ki, Nazirlər Kabinetinə və prezidentə şikayətlər yazıb. Həmin şikayət məktubları Qusar rayon İcra Hakimiyyətinə göndərilib. Nəticəsi də bu olub ki, onu icra hakimiyyətinə çağıraraq dövlətin ayırdığı kompensasiyanın bundan artıq olmadığını deyiblər.

Qusar rayon İcra Hakimiyyətindən AzadlıqRadiosuna bildirdilər ki, tikilən turizm kompleksinin onlara heç bir aidiyyəti yoxdur. Tikintini Mədəniyyət və Turizm Nazirliyi aparır.

DÖVLƏT QURUMLARI RƏQƏM AÇIQLAMIR

Kuzun kəndinin narazı sakinlərinin vəkili Anar Qasımlı deyir ki, rəsmi qurumlara Kompleksin tikintisinin düşdüyü torpaq üçün nə qədər kompensasiya ödənməsi barədə sorğular göndərib.
Anar Qasımlı
Anar Qasımlı
Qurumlar vəkilə rəqəm açıqlamayıblar, ümumi cavablar verməklə kifayətləniblər:

«Əsas bizim öyrənmək istədiyimiz odur ki, dövlət həmin torpaqların hər sotuna nə qədər pul ayırıb. Bunu biləndən sonra adamlar ödənilən məbləğlə razılaşmasalar, məsələni məhkəmələrdə həll etməli olacaqlar».

BU, KOMMERSİYA LAYİHƏSİDİR

Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev mülkiyyətçilərə kompensasiya ödənilmədən torpaqlarda tikinti aparılmasını adamların mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirir. O deyir ki, qanunvericiliyə əsasən, istənilən turizm obyektinin tikintisi dövlət ehtiyacları kateqoriyasına aid edilmir. Bu, kommersiya xarakterli bir proyektdir. Vətəndaşların mülkləri, torpaqları üç halda özgəninkiləşdirilə bilər: hərbi sənaye obyektlərinin, sərhəd zolaqlarının və dövlət yollarının tikintisi zamanı. Bu hallarda dövlət vətəndaşdan məcburi qaydada, lakin mülkün qiyməti razılaşdırılmaq şərti ilə onların mülklərini ala bilər:

İntiqam Əliyev
İntiqam Əliyev
«Sotuna 24 manat ödənilməsi biabırçı faktdır. Sotu 24 manata hətta dağlıq yerlərdə də torpaq yoxdur. Bu, dövlətin vətəndaşa qarşı münasibətində özbaşınalığıdır. Qiymət birtərəfli qaydada «sotuna 24 manat verirəm» formasında deyil, bazar qiymətləri nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Tərəflərdən biri razı deyilsə, məhkəməyə müraciət etməlidir. Bütün bunlar başa çatmamış o ərazilərdə tikintinin başlanması, ora prezidentin gəlməsi dövlətin vətəndaşa hörmətsiz yanaşmasıdır».

ARAYIŞ

Şahdağ Qış-Yay Turizm Kompleksi turizm sahəsində ən iri layihələrdən hesab olunur. Kompleks 2045 hektardan artıq sahəni əhatə edir. Tikintisinin 4 mərhələdə, 8-10 ilə başa çatdırılması planlaşdırılır. İnşaat işlərini yerli və xarici şirkətlər həyata keçirir.

Kompleksin inşasına qoyulan investisiyanın həcmi 2 mlrd. avro təşkil edir. Azərbaycan dövləti 400 mln. avro ayırır, qalan vəsaiti özəl investorlar yatırmalıdırlar.
XS
SM
MD
LG