Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 20:24

Yeni ili xeyriyyə evində keçirən tənhalar


Qışda onların evi isti olmur. Öz yeganə gəlirlərini - təqaüdlərini üfürə-üfürə xərcləyirlər, çalışırlar ki, bütün xərclərini azaltsınlar ki, yeməklərinə də pul qalsın.

Onların çoxunun nə tibbi sığortası, nə də hökumətdən yardımı yoxdur. Onların yeni il süfrələrindəki məhsulları da xeyirxah insanlar gətiriblər. Onlar tənha qocalardır. Bu adamlar bütün ömürlərini işə sərf ediblər, indi isə 110 lari təqaüdə ümidlərini bağlayıblar, ya da Gürcüstanda yeganə qocalar evində yaşayırlar, “Katarzisi” xeyriyyə evinə baş çəkirlər.

TƏNHA QOCALARIN ÜMİDİ... QONŞULAR

62 yaşlı Luiza Arcevanidze tənha təqaüdçüdür, onun həyat yoldaşı 9 il əvvəl dünyasını dəyişib. Onun yeganə gəliri 110 lari təqaüdüdür. O deyir ki, qışda elektrik sobasını bir neçə dəqiqəlik yandırır – səhərlər əynini geyinəndə, axşamlar yuxuya getməzdən əvvəl. Bundan artığını ödəmək imkanı yoxdur:

“İşləyəndə vəziyyətim yaxşı idi. Bu il yeni il üçün qonşularım pay gətirməsəydi, heç nəyim yox idi, evimdə bürünüb oturmuşdum, 11-in yarısı yatmağa hazırlaşırdım, evim bumbuz idi. Elektrik sobasını yandıra bilmirəm, çünki pulunu vermək imkanım yoxdur. Çalışıram ki, telefonla da az danışım. Mənə ancaq dostlarım və qonşularım kömək edir. yaxşı ki, yaxşı qonşularım var”.

Gülsunda Axobadzenin 71 yaşı var. Onun evi yoxdur, qızı isə xaricdə yaşayır. Ona görə də Gülsunda eyni taleyi yaşayan digər yaşlılarla birlikdə qocalar evində məskunlaşıb. Temka rayonundakı bu qocalar evinin 111 nəfər sakini var. bu qocalar evini himayədarların sayəsində saxlayırlar.

Təqaüdçü qadın deyir ki, bu qocalar evinə düşmək ayıb sayılır, amma burdakı şəraitdən çox razıdır. Gülsunda onu da deyir ki, bu il yeni ili çox gözəl keçirib:

“Bu il çox yaxşı keçdi Yeni il. Mən Temkedə olan qocalar evindən gəlmişəm və bu il ikinci ildir ki hamı ilə birlikdə yeni il qeyd edirəm. Ötən ilki yeni il bayramı xudmani keçib, bu ilsə bizi sevindirən çoxlu qonaqlarımız oldu. Ümumiyyətlə isə çox yaxşı oldu. Bizim ailələrimizdə hamı sağ-salamat, biz isə çox xoşbəxtik”.

“SUPER NƏNƏ VƏ SUPER BABA”

Hər il keçirilən “Super nənə və Super baba” müsabiqəsində iştirak üçün “Katarzisi” xeyriyyə evinə 82 yaşlı tənha nənə Tsiala Kikilaşvili gəlib. O heç vaxt təsəvvür etməzdi ki, ahıl vaxtında bu evin ümidinə qalacaq. O, 10 kvadrat metrlik yerdə yaşayır, qaz plitəsi ilə isinir və gündə bir dəfə “Katarzisi”də nahar edir. Yeganə gəliri isə 110 lari məbləğində təqaüdüdür.

“Mənim heç bir şeyim yoxdur. İki gözlü qaz sobasından başqa. Evə gələn kimi onu yandırıram və məni səhərə qədər isidən qrelka üçün su qızdırıram. Səhər isə yenə bura gəlirəm. Mənə aid olan təkcə təqaüdüm var. Mən ömrümün 41 ilini kinostudiyanın laboratoriyasında işləmişəm. Heç ağlıma gəlməzdi ki, bu yaşıma, 82 yaşıma qədər yaşayacam. Amma həmişə fikirləşmişdim ki, qara günüm üçün maddi ehtiyatım olacaq. Banka qoyduğum pullardan isə heç bir qəpik də əlimə keçmədi. Vəziyyətim çətinləşəndə isə məcbur oldum ki, bura gəlim”.

XEYRİYYƏ EVİNDƏ HƏR GÜN 350 AHIL

“Katarzisi” xeyriyyə evinin sahibi Manana Koyava bildirir ki, onlarda hər gün 350 ziyarətçi nahar edir və evlərinə getməyə heç də tələsmirlər, çünki şəraitləri pisdir, soyuqdur. Yeni ili də burda birlikdə qeyd ediblər:

“Bu insanların başlıca problemi tənhalıqdır. Yeni ili də onlar tənhalıqda qeyd etmək məcburiyyətindədirlər. Hətta tənha qeyd etməyənlər də ehtiyac içində yaşayırlar, elementar şeyləri almaq imkanları yoxdur. Biz çalışırıq ki, onların həyatını asanlaşdıraq və onlarla bərabər olaq. Onlarla bərabər yeni ili qeyd edə bilməsək də, onlar üçün çox gözəl karnaval keçirdik və hədiyyə payladıq. Yaşlı adamlar hədiyyələr üçün uşaqlar kimi sevinirlər. Biz onlar üçün şirniyyat gətirdik, həm burda burda yesinlər, həm də evə aparsınlar”.

Ahıllar evinin əksəriyyəti ilə söhbət zamanı onlar həkimə və dərmanlara pul çatdırmamaqdan şikayətlənirlər. Məlumdur ki, hökumətin qərarı ilə bu ilin sentyabr ayından 67 yaşına çatmış hər kəs 140 lari məbləğində təqaüd alacaq. Bundan 15 lari tibbi sığortaya xərclənəcək. Yaşlılar hökumətin bu vədini tezliklə yerinə yetirəcəyinə ümid edirlər.
XS
SM
MD
LG