Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 22:23

İsi Məlikzadənin yaxınları nədən narazıdır?


Cavid Zeynallı (ortada) Vəzifə xanım və Nizami bəylə
Cavid Zeynallı (ortada) Vəzifə xanım və Nizami bəylə
Cavidlə xatırlamaq


UNUDULAN VƏ UNUDULMAYAN İSİ MƏLİKZADƏ

Niyə məhz o?!

“Kimdən başlamaq lazımdır, kimin qapısını döyüm? – İki gündür beynimdə dolanan fikir rahatlığımı əlimdən alıb. Qarşımda uzun bir siyahı var:

İsa Muğanna

Akif Səməd

Mirvarid Dilbazi

Məmməd Araz

İsi Məlikzadə və kimlər, kimlər...

Axır, qərara gəldim. “Rubrikanın ilk yazısıdır, gərək, gündəmdə olan, maraqlı adam olsun” düşüncəsiylə (Əlbəttə, yanılıram) bir xalq yazıçısının telefonuna zəng edirəm:
- Mən evimə heç vaxt jurnalist-zad buraxmıram, get başqasını tap!!! – Boğazının gur yerinə salıb acıqlanır, səsi zilə qalxar-qalxmaz xırp kəsilir.

Pərt olduğumu ətrafdakılardan gizlətmək üçün gülümsəyib özümü tox tuturam:
“Belə şeylər çox olur, möhkəm ol!”

Kefimə doğranan soğanın acısını çıxarmaq üçün internet kluba düşüb, Facebookda avaralanıram.

İsi Məlikzadə
İsi Məlikzadə
Bir dostumuz İsi Məlikzadənin “Duz” hekayəsini paylaşıb. Aha, lap çoxdan oxumuşam, dumanlı-dumanlı xatırlamaqdan bir şey çıxmaz, gözlərim yenə sətirlərin arasında dolaşır.

Oxuduqca kövrəlirəm, lənətə gəlsin bu qəlbiyuxalığı, həssaslığı.

Çox yox, bircə gün sonra İsi Məlikzadənin bacısı Vəzifə xanımgildə qonaq olanda stolun üstündə buğlanan çayı qabağıma itələyib “iç, soyutma” deyər-deməz ona “Duz”dan danışacaqdım və kənardan zabitəli görünən bu xanım, göz yaşlarını gizlətmək üçün yan otağa adlayacaqdı...

Isi Məlikzadə (1934-1995)

...Birinci yazı niyə İsi Məlikzadə haqqında olmasın?! Unudulubmu? Unudulub! Bunu
özdöşümdən demirəm, “Radioda, televiziyada çalışan yaşıddaşlarını qara torpaq alandan sonra kim xatırladı İsi müəllimi?! Heç kim!” – Bunu mənə kürəkəni – qızı Xatirə xanımın həyat yoldaşı Arif müəllim deyəcəkdi.

Hardan başlamaq lazımdır? Kim bilər? Əsəd Cahangir Rəşad Məcidi nişan verir: “İkisi də Ağcabədilidir, bilsə Rəşad bilər!” Qulu Ağsəs telefona əl aparıb Aqil Abbasa zəng vurur. Aqil müəllim söz verir, söz verir ki, bu dəqiqə ev telefonlarının nömrəsini tapıb sənə verəcəm. Vaxt keçir, vədə dolur; bütün gözü yolda qalanların muradı çin olur bircə məndən savayı: Aqil Abbasdan xəbər-ətər yoxdur ki, yoxdur. Səbrimi basa bilməyib özüm zəng edirəm: “İsi gözəl yazıçıdır, mənim də dostum olub. O vaxt Rəşadla bir-birimizə qoşulub gedirdik evlərinə, bizə piano çalırdı. İsi unudulmuş adamdı. Darıxma, ev telefonlarının nömrəsini tapacam sənə!”.

Yazıçılar Birliyinin foyesində Rəşad Məcidlə qarşılaşıram. Niyyətimi açıb-ağardandan sonra deyir, Aqil Abbas sənin qabağınca məndən xəbər aldı. Ədalət Əsgəroğlunu axtarıb-arayır, xahiş edir. Sağ olsun, axır, Ədalət müəllim əlində balaca kağız qayıdır: İsi Məlikzadənin yeznəsi Nizami Hacıyevin ev nömrəsini mənə verir. Dəstəyi qulağıma sıxıram:

- İsi müəllimin ailə üzvləri ilə görüşmək istəyirəm, bəlkə siz kömək edə biləsiniz?!

- Oğlu Saleh şəkərdən öldü, yoldaşı Lətifə də... iki ildən çox olar, dünyasını dəyişib. Qızlarından biri Sumqayıtda yaşayır. Gəl, sənə kömək edərəm, gəl! Məndə əlyazmaları da var İsinin, şəkilləri də...

İsi Məlikzadə bacısı Vəzifə xanım (solda) və həyat yoldaşı Lətifə xanımla
İsi Məlikzadə bacısı Vəzifə xanım (solda) və həyat yoldaşı Lətifə xanımla
Vədələşib görüşürük. Yaşı 80 olmasa da, 75-i çoxdan adlamış nurani kişidir. Pilləkənləri qalxanda öyrənirəm ki, İsi müəllimlə təkcə qohum yox, həm də dost, sirdaş olublar. “İsi qəfildən getdi. Heç kim gözləmirdi, heç kim. Yazdıqları ortalıqda qaldı. Biz özümüzü itirdik. Sonra şəkillərini, yazılarını hərə bir yana dağıtdı”.

İsi Məlikzadənin kiçik bacısı – Vəzifə xanım bizi qarşılayır. Otağın yuxarı başındakı şkafın üstündə İsi müəllimin böyük şəkli asılıb. Elə bil, gözləri yol çəkir, nədənsə nigarandı...

Vəzifə xanım çay fincanlarını stolun üstünə düzə-düzə danışır: “Qardaşımın böyük qızı Xatirə 190 saylı məktəbin müəlliməsidir. Kiçiyi Arzu APİ-Axundovu bitirib, rus dilindən dərs deyirdi, sonra ixtisasını təkmilləşdirib, başqa fənndən dərs keçdi. Oğlu Saleh 2003-də öldü, şəkər xəstəsiydi. Yoldaşı da, 2009-cu ildə rəhmətə getdi. İsi Əzizbəyov​ adına Sənaye İnstitutunu qurtarmışdı. Uzun müddət neftçi işlədi. Mədəndə çalışanda səkkizinci kilometrdən özünə ev də almışdı. Sonra allah rəhmət eləsin, Mirzə İbrahimovun o vaxt böyük vəzifəsi vardı, İsinin hekayələrini qəzetdə oxuyub yanına çağırmışdı ki, sən yazıçısan, neftçi yox! İnanırsan, zorla işdən çıxartdırmışdı. Mən ​deməzdim, İsi unudulmuş yazıçıdır. Az da olsa, çox da olsa, İsi xatırlanır. O gün həyətdə oturmuşdum, gördüm, bir qadın mənə yaxınlaşdı ki, sizi tanıyıram, İsi Məlikzadənin bacısısınız. Deyir, mən hər gün onun əsərlərindən bir parça oxumasam, yata bilmərəm. Bir dəfə də Kislavodskiyə getmişdik. Bir nəfər mənə dedi, sizin yazıçılardan çoxunu tanıyıram. Gördüm, İsinin kitabını çıxardı. Qardaşım çox mehriban adam idi. Uşaqlar evdə nadinclik edəndə biz acıqlanırdıq, üstlərinə təpinirdik, amma o yox, uşaqlarla elə dil tapırdı ki... Mən anadan olanda üç gün çörək yeməyib ki, niyə qardaşım olmadı. Yeddi bacının bir qardaşı idi. Amma sonralar çox istədi məni. Onun evində qalıb əczaçılıq məktəbini qurtardım. Anam məni Bakıya ona görə verdi ki, get, qardaşından muğayat ol! Rəhmətlik həmişə deyərdi, biz görmüşük qardaş bacıdan
Lətifə xanım qaynatası Dəllək Abbasla
Lətifə xanım qaynatası Dəllək Abbasla
muğayat olar, bizimkilər tərsinə eləyiblər. Yaxşı tar çalmağı vardı. Məktəbdən gələn kimi ayaqqabımı çıxarmamış deyirdi, bir ağız oxu. Səsim xoşuna gəlmişdi. Lətifə deyirdi ay​İsi, uşaq yorğundu, acdı, qoy, bir loxma salsın ağzına, deyirdi, yox e, oxu! Onun haqqında veriliş hazırlayanlar gəlib kitablarını, əlyazmalarını, şəkillərini aparıb qaytarmadılar. Biz də soraqlaşdıq tapa bilmədik. ”.

Nizami müəllim iki saralmış qovluqu stolun üstünə qoyub, İsi Məlikzadənin şəkillərini, əlyazmalarını incələyə-incələyə Vəzifə xanımın sözünü davam etdirir:

“Heykəltəraş Xanlar var, familini unutdum. O İsinin şəkillərini, kitablarını apardı, video kasetlərini apardı. Büstünü yaxşı hazırladı.

Büstün açılışına Anar, allah rəhmət eləsin Qabil, Fikrət Qoca sonra ... yaddaşım sözümə baxmır, çox yazıçı gəlmişdi. Xanlar İsinin barelyefini də düzəltdi. Açığı o vaxt onun zəhməthaqqısını verə bilmədik deyə, barelyef bu dəqiqə də emalatxanadadır. İki min pul istəmişdi, Ağcabədililərin imkanı çatmadı.

Bir dəfə zəng vurmuşdu, dedim, Xanlar, darıxma, Elçin müəllimə müraciət etmişik, İsinin evini muzey etmək istəyirik. İnanın, İsi Qarabağ dərdinə dözmədi.

O qarışıqlıq onu yaman sarsıtmışdı. Həmin vaxt Ağcabədidəki ev boş idi, rəhmətlik onu iki qaçqın ailəsinə verdi ki, eviniz olana qədər burda yaşayın, heç kim sizə dəyib-dolaşa bilməz! İstəsəniz, gedib onları da danışdıra bilərsiniz ki, İsidən necə hörmət görüblər. Deyəsən, 98-ci il idi, İsinin adına rayonda küçə verdilər”.

Şəkillərin, əlyazmaların içində bir ərizə surəti diqqətimi çəkir: Oxuyuram:

“Azərbaycan Respublikasının Nazirlər Kabineti sədrinin müavini cənab E.İ.Əfəndiyevə

Hörmətli Elçin müəllim!

Atamız İsi Məlikzadə Ağcabədi şəhərində doğulub, böyüdüyü ata evini öz sağlığında (1992) Ağdam və Şuşadan qaçqın düşmüş ailələrə vermişdi. Hazırda Yeni qəsəbələr salındığından ev boşalmışdır.

2009-cu ilin may ayında atamızın 75 yaşı tamam olur. Bu münasibətlə həmin evin İsi Məlikzadənin ev muzeyinə çevrilməsinə kömək etməyi Sizdən xahiş edirik.

Hörmətlə, Xatirə və Arzu İsi qızı.”

Soruşuram:

İsi Məlikzadə həyat yoldaşı Lətifə xanımla
İsi Məlikzadə həyat yoldaşı Lətifə xanımla
- Vəzifə xanım, ərizədən sonra sizinlə əlaqə saxladılar?

- Dedilər, kömək edəcəyik. Məsələ qaldırmışdılar, iş gedirdi, bilmirəm, nəsə alınmadı. Amma biz ümidimizi üzməmişik. Gözləyirik.

- İstəyirəm, sizə bir şeyi də deyim, - Nizami müəllim davam edir – Prezidentin fərmanı ilə latın əlifbasında kitablar çap olundu. Ora İsinin cəmi beş povesti və beş hekayəsini salmışdılar. Beş povestlə İsini təqdim etmək olmaz axı! Bu adamın 20 povesti, iki romanı, altmışdan çox hekayəsi var. Əvvala, İsini xatırladıqlarına görə sağ olsunlar, elə Yazıçılar Birliyi də, Ədəbiyyat İnstitutu da! Amma “Azərbaycan” jurnalında çıxan iki romanını: “Qırmızı yağış” və “Qanlı Qış”ı gərək kitaba daxil edəydilər. İnanın imkanım yoxdur, özüm eləyərəm, o romanları hələ də kitab kimi çap edə bilməmişik. 70 illiyində Qəzənfər Paşayev məsələ qaldırdı, Rafael Hüseynovun tapışırığı ilə İsinin xatirə kitabını hazırladılar.

İsi Məlikzadənin dostlarını soruşanda, Nizami müəllim uzun bir siyahı deyir:

- İsa İsmayılzadə, Sabir Rüstəmxanlı, Fərman Kərimzadə, Anar, Siyavuş Sərxanlı, Bəxtiyar Vahabzadə, Fikrət Sadıq, Əlibala Hacızadə, Mövlud Süleymanlı, Fikrət Qoca... Sabir də, Ayaz Vəfalı da, Fikrət də hər yerdə İsidən danışırlar. Fikrət Qocanın bir Moskviçi 08-i vardı, təmir elətdirməyə gətirmişdi, dedim, İsi, bu cavan oğlan niyə özünə qoca deyir. Sən demə Fikrətin famili Qocayev imiş. Aqil Abbasla Rəşad Məcid onun tələbələri kimi idilər o vaxt. Mən Aqilin də, Rəşadın da xətrini çox istəyirəm, özlərinə deməmişəm, heç istəyirsən, sən də demə, amma bir az umu-küsümüz var onlardan. Şikayət eləmirik ha, intəhası, uman yerdən küsərlər: Aqil də, Rəşad da öz qəzetlərində İsi haqqında çox az yazı verirlər. Bilirəm, Ağcabədililər təvazökar adamlar olur, amma İsi haqqında təvazökarlıq etməsələr, yaxşı olar.

- Övladlarından, nəvələrindən yazıb-pozanı var?

- Uşaqlar hərdən yazırlar, amma ciddi məşğul deyillər. – Vəzifə xanım deyir, - İsiyə
İsi Məlikzadə ailəsi ilə birgə
İsi Məlikzadə ailəsi ilə birgə
yazıçılıq elə atasından keçmişdi. Dəllək Abbas Ağcabədidə yaxşı tanınırdı. Xatirə məktəbdə keçirilən tədbirlərin ssenarisin özü yazır. Bir dəfə gəlib o qədər ağladı. Dedi, bibi, Əlibala Hacızadəni görüşə çağırmışdıq. Məni görən kimi tanıdı, ağladı. Yanına çağırdı ki, atan sağ olsaydı burda o oturardı, mən yox, onun yeri idi bura. Allah rəhmət eləsin, Tofiq Bayramla çox yaxın idi İsi. Bir şey danışım. Bu yaxınlarda avtobusla evə gəlirdim. Dayanacaqda Tofiq Bayramın bacısını gördüm. Boğazımı qəhər tutdu, deyə bilmədim ki, bilirəm sən kimi bacısısan, mən də İsinin... bacısıyam. Tofiq Bayram məni bacı kimi istəyirdi. Həmişə deyirdi, kartof qızart, gəlirəm. Həsən Əblucla möhkəm dost idi İsi. Həsən basdırılanda demişdi, Həsən, sən get, mənim də gəlməyim çox çəkməz.

Əslində, yazını burda bitirmək olardı.

Amma İsi Məlikzadənin qızı Xatirə xanımla görüşüb ailəvi şəkillərini almasam, atası ilə bağlı dediklərini çinədanıma yığmasam, ürəyim sahman olmaz.

Hər ikisinə - Nizami müəllimə də, Vəzifə xanıma da qonaqpərvərliklərinə, isti münasibətlərinə görə minnətdarlıq edib, qapının kandarını kəsdirirəm.

“İnşallah, lap yaxın vaxtlarda Ağcabədidə - İsi müəllimin ev muzeyində görüşərik” – deyəndə, bacı yenə qəhərlənir.

- Allah ağzından eşitsin, oğul!

Çox keçmir, Xatirə xanımla danışıram. Ertəsi gün İsi müəllimin kürəkəni Arif bəy məni qarşılayıb evə aparır. Yolda xeyli söhbətləşirik.

Kinostudiyada işlədiyi illərdən danışır, filmlərini sayıb qurtara bilmirik:

“Qatarda”, “Pəncərə”, “Kişi sözü”, “Qanlı zəmi”, “Küçələrə su səpmişəm”, “Gəl qohum olaq”, “Ağ atlı oğlan”, “Alma almaya bənzər”, “Gümüşgöl əfsanəsi”, “Güllələnmə təxirə salınır”, və s.

Qızı atasının orta məktəb, gənclik dövrləri ilə bağlı şəkillərini, ölümündən sonra stolunun üstündə yarımçıq qalan “millət vəkili” adlı pyesinin əlyazmasını mənə verir.

Nəvələri İsi Məlikzadənin adını daşıyan küçədə
Nəvələri İsi Məlikzadənin adını daşıyan küçədə
Qınamıram, jurnalistlər, yazı-pozu adamlarının məsuliyyətsizliyi gözlərini qorxudub: ciddi-ciddi tapşırırlar ki, tələsdirmirik, amma mütləq qaytar!

Şəkillərin içində biri diqqətimi çəkir: İsi müəllimin məktəb illərində oynadığı Aydın rolundan fotodur.

Xatirə xanım servant şüşəsindəki leytenant oğlanın şəklini göstərir:

"Oğlumdu, zabitlik məktəbini qurtardı.

Görün, atama necə oxşayır".

Heyrətlənirəm: eynən İsi Məlikzadənin fotolardakı cavanlığıdır: ciddi, qarayanız, çəlimsiz...

“Atamın adı İnşallah olub, qonşunun uşaqları, tay-tuşları zarafatlaşırmışlar. Sonra əmisi İsi adını qoyub”.

Öyrənirəm ki, İsi müəllim 1995-ci ildə film çəkilişi ilə bağlı rayona getməliymiş.

Evə gəlib, özünü pis hiss etdiyini deyir.

Dava-dərmanın xeyri olmur.

Yazıçılar poliklinikasına aparsalar da... əcəl aman vermir.

Ruhu şad olsun!

Cavid ZEYNALLI

Qızları İsi Məlikzadənin qəbrini ziyarət edir...
Qızları İsi Məlikzadənin qəbrini ziyarət edir...
XS
SM
MD
LG