Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 12:45

Hollivudun iki əfsanə isminin sevgisi haqda film çəkilir


Elizabeth Taylor və Richard Burton "Kleopatra" filmində, 1963
Elizabeth Taylor və Richard Burton "Kleopatra" filmində, 1963
Məşhur Hollivud aktyorları Elizabet Teylorla Riçard Bartonun sevgisi film olacaq.

Film “Elizabet və Riçard; Sevgi tarixçəsi” ("Elizabeth & Richard: Love Story”) adlanacaq.

Adından da göründüyü kimi, film Hollivudun iki əfsanə isminin--Elizabet Teylorla Riçard Bartonun sevgi tarixçəsindən bəhs edəcək.

Onlar iki dəfə evli olublar (1964-cü ildən 1974-cü ilə qədər və 1975-ci ildən 1976-cı ilə qədər) və dəfələrlə eyni filmdə çəkiliblər.

Filmlərin təkcə birinin adını çəkmək yetər—“Kleopatra”.

Hollivudun “bənövşə gözlü”sünü canlandırmaq üçün iki aktrisanın adı hallanır.

Namizədlərdən biri Meqan Foks, digəri Lindsey Lohandır.

Televiziya filminin prodüserlərinin mediaya sızdırdıqlarına görə, hal-hazırda Meqan Foksla danışıqlar aparılır.

Bir az əvvəl isə Elizabet Teylor roluna Lindsey Lohanın namizədliyi xəbəri yayılmışdı.

Prodüserlər başqa aktrisaların da sınaq çəkilişlərinə cəlb olunmasını istisna etməyiblər.

Ancaq vurğulayıblar ki, Elizabet Teylor rolunu oynayacaq aktrisa tez seçilməlidir. Çünki telefilmin çəkilişləri bu ilin yazında başlanacaq.

Riçard Bartonu kimin oynayacağı hələlik məlum deyil.

Xatırladaq ki, Elizabet Teylor Britaniya əsilli Amerika aktrisasıdır.
O, şəxsi həyatı və 7 nəfərlə 8 dəfə ailə qurması ilə də diqqət mərkəzində olub.

Aktrisa iki dəfə “Oskar” alıb.

Amma “Oskar” aldığı filmlərlə deyil, “Kleopatra” filmində yaratdığı obraza görə daha çox şöhrətlənib.

Kleopatra ilə Mark Antoninin sevgisi bu obrazı yaradan aktyorların da taleyini dəyişib. Onlar dünyanın ən məşhur sevgililəri siyahısına düşüb.

Xanım Teylor ötən il 79 yaşında dünya ilə vidalaşıb.

Riçard Barton isə 1984-cü ildə 59 yaşında dünyasını dəyişib.
XS
SM
MD
LG