Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 06:24

Daniel Defo "Taun ilinin gündəliyi" (İLK DƏFƏ azərbaycanca - OXU)


Daniel Defo
Daniel Defo
Dünya ədəbiyyatının incilərindən olan "Robinzon Kruzo" romanının müəllifi, məşhur ingilis yazıçısı Daniel Defonun daha bir əsəri ilk dəfə Azərbaycan dilində.

Hissə-hissə çevirib hər həftə "Oxu zalı"nda çap edəcəyimiz romanın tam adı belədir:


Sonuncu dəfə böyük sınağa çəkildiyimiz 1665-ci ildə Londonda baş verən, istər ictimai, istərdə də şəxsi baxımdan mühüm olan hadisələrlə bağlı müşahidə və xatirələrdən ibarət taun ilinin gündəliyi

(Bütün bu dövr ərzində Londonu tərk etməmiş Vətəndaş tərəfindən yazılmışdır. İlk dəfə çap olunur).


1664-cü il, sentyabr ayının əvvəlləri idi. Qonşularım kimi mən də gündəlik söhbətlərdən xəbər tutdum ki, taun yenidən Hollandiyaya qayıdıb. Ona görə "yenidən" deyirəm ki, 1663-cü ildə taun artıq bir dəfə oranı, xüsusən Amsterdam və Rotterdamı viran qoymuşdu.

Kimisi deyirdi ki, xəstəlik ora İtaliyadan gəlib. kimisi də deyirdi Levantdan - türk gəmiləriylə daşınan bəzi mallarda. Xəstəliyin Kandiyadan gətirildiyini deyənlər də vardı, Kiprdən də. Əslində bunun elə bir əhəmiyyəti yox idi. Bütün deyilənlərdə üst-üstə düşən məqam o idi ki, xəstəlik yenidən Hollandiyaya qayıdıb.

O vaxt hələ qəzet deyilən şey yox idi. O qəzetlər ki, indi, mənim də şahidi olduğum kimi, şayiə yayır, xəbərlərə öz uydurmalarını da əlavə edirlər. O zaman insanlar taun kimi hadisələr barədə tacirlər və başqa peşə sahiblərinin xaricdən yolladığı məktublardan xəbər tutur, daha sonra həmin xəbərlər ağızdan-ağıza yayılırdı. Ona görə də o vaxt belə xəbərlər indiki kimi dərhal bütün ölkəni başına almırdı.

Amma görünür, hökumət məsələdən tam hali imiş. Hətta mərəzin yayılmasının qarşısını almağın yollarına dair bir neçə müşavirə də keçirilmiş, amma bu barədə ictimaiyyətə məlumat verilməmişdi.

Buna görə də şayiələr getdikcə səngiməyə başladı. İnsanlar bütün bunları bizə birbaşa aidiyyatı olmayan, həqiqətdən uzaq söz-söhbət kimi unutmağa başladılar.

Amma 1664-cü ilin sonlarında - ya noyabrın axırı, ya da dekabrın
Orta əsrlər Avropasında taun xəstəliyinin yayılmasının qarşısını almağa çalışan həkimlərin geyindiyi xüsusi qoruyucu geyim və maska.
Orta əsrlər Avropasında taun xəstəliyinin yayılmasının qarşısını almağa çalışan həkimlərin geyindiyi xüsusi qoruyucu geyim və maska.
əvvəlində Lonq Eykrdə, daha dəqiqi Drüri-Leyn küçəsinin yuxarı qurtaracağında taundan iki kişi (deyilənə görə, fransızdılar) öldü. Onların yaşadığı məhlədəki ailələr bu xəbəri gizli saxlamağa çalışsalar da, şayiələr gedib hökumət üzvlərinin də qulağına çatdı.

Həqiqəti öyrənmək məqsədilə hökumət həmin evə müayinə üçün iki həkim və bir cərrah göndərdi.

Müayinə zamanı hər iki cəsədin üzərində dəhşətli xəstəliyin aydın əlamətlərini aşkar olundu və ölümlərin səbəbinin məhz taun olduğu elan edildi.

Sonra həkimlər bu barədə prixod məmuruna məlumat verdilər, o da öz növbəsində şəhər hakimiyyətini məlumatlandırdı. Beləliklə, həmin məlumat, adi qaydada - hər həftə çap edilən ölüm statistikasında bu şəkildə əksini tapdı:

Taun - 2, xəstəliyin tapıldığı prixodlar - 1

Şəhər camaatı bu xəbərdən bərk narahat oldu. Bütün şəhər həyəcana gəldi. Həm də ona görə ki, son bir həftədə həmin evdə eyni mərəzdən bir nəfər də ölmüşdü.

Amma sonrakı altı həftə ərzində infeksiya əlamətləri ilə ölən olmadığı üçün biz yenidən rahat nəfəs aldıq. Xəstəliyin çəkilib getməsi haqda söhbətlər yayılmağa başladı.

Amma fevralın 12-də həmin prixoddakı başqa bir evdə eyni şəraitdə bir nəfər də öldü.

Bundan sonra camaatın diqqəti şəhər kənarına yönəldi. Məlum olanda ki, həftəlik statistika Sent-Cayls prixodunda ölüm hallarının kəskin artdığını göstərir, camaat arasında söz-söhbət yayılmağa başladı ki, əslində Londonun həmin hissəsində taun tüğyan edir, artıq infeksiyadan xeyli adam ölüb, sadəcə, bu, bütün mümkün üsullarla ictimaiyyətdən gizlədilir.

Bu, camaatı bərk qorxutdu və artıq fövqəladə bir səbəb olmadan Drüri-Leyn və xəstəliyin yayıldığı ehtimal edilən digər küçələrdən keçməyə çox az adam ürək edirdi.

Ölü sayının artması ilə bağlı vəziyyətsə belə idi: adətən Sent-Cayls-in-de-Filds və Sent-Endryus (Holborn) prixodlarının hər birində həftə ərzində ölənlərin sayı aşağısı-yuxarısı on ikidən on yeddi-on doqquzacan olurdu.

Amma Sent-Caylsda ilk taun halları qeydə alınandan bəri ölü sayı xeyli artmışdı. Məsələn:

Dekabrın 27-dən yanvarın 3-dək Sent-Cayls - 16
Sent-Endryus - 17
3 yanvar - 10 yanvar Sent-Cayls - 12
Sent-Endryus - 25
10 yanvar - 17 yanvar Sent-Cayls -18
Sent-Endryus - 18
17 yanvar - 24 yanvar Sent-Cayls - 23
Sent-Endryus - 16
24 yanvar - 31 yanvar Sent-Cayls - 24
Sent-Endryus - 15
30 yanvar - 7 fevral Sent-Cayls - 21
Sent-Endryus - 23
7 fevral - 14 fevral Sent-Cayls - 24

(Bunlardan bir nəfəri taundan ölüb).

Ölüm sayında bu cür artım Sent-Brayds və Sent Ceyms (Klerkenuel) prixodlarında da müşahidə edilirdi. Sent-Brayds bir tərəfdən, Sent-Ceyms isə o biri tərəfdən Holborn prixodu ilə qonşu idi.

Adıçəkilən prixodların hər ikisində həftəlik orta ölüm göstəricisi dörd nəfərdən altı, səkkiz nəfərəcən olduğu halda həmin dövrdə aşağıdakı kimi artmışdı:

20 dekabr - 27 dekabr Sent-Brayds - 1
Sent-Ceyms - 8
27 dekabr - 3 yanvar Sent-Brayds - 6
Sent-Ceyms - 9
3 yanvar - 10 yanvar Sent-Brayds - 11
Sent-Ceyms - 7
10 yanvar - 17 yanvar Sent-Brayds - 12
Sent-Ceyms - 9
17 yanvar - 24 yanvar Sent-Brayds - 9
Sent-Ceyms - 15
24 yanvar - 31 yanvar Sent-Brayds - 8
Sent-Ceyms - 12
31 yanvar - 7 fevral Sent-Brayds - 13
Sent-Ceyms - 5
7 fevral - 14 fevral Sent-Brayds - 12
Sent-Ceyms - 6

Camaat həftəlik rəqəmlərin durmadan artdığını dərin narahatlıq içində izləməkdəydi. Halbuki ilin bu vaxtında adətən ölüm göstəriciləri elə də yüksək olmurdu.

Adətən, həftəlik ümumi ölü sayı 240-300 arasında olardı. Sonuncu rəqəmin özü də çox yüksək sayılırdı. Amma biz yenə də statistik göstəricilərin davamlı şəkildə artdığını müşahidə edirdik:

Dəfn edilib Artım
20 dekabr - 27 dekabr 291 -
27 dekabr - 3 yanvar 349 58
3 yanvar - 10 yanvar 394 45
10 yanvar - 17 yanvar 415 21
17 yanvar - 24 yanvar 474 59

Sonuncu rəqəm doğrudan da qorxunc idi - artıq ölü sayı 1656-cı ildə baş vermiş son taunun həftəlik ölüm göstəricilərini də keçmişdi.

Amma ara yenidən sakitləşdi. Dekabrdan ta fevralın axırınlarınacan havalar çox soyuq, şaxtalı keçdi. Arada sürəti qəfil artsa da, küləyə şiddətli demək olmazdı.

Statistik məlumatlarda rəqəmlər yenidən azalır, şəhərdə sağlam ovqat bərpa olunurdu. Hamı təhlükənin sovuşduğunu düşünürdü.

Hərçənd Sent- Caylsda ölü sayı yenə də yüksək həddə qalmaqda davam edirdi: xüsusən aprelin əvvəllərində hər həftə 25 nəfərəcən adam ölürdü. ayın 18-dən 25-cən isə orada otuz ölü basdırdılar. O cümlədən taundan ölmüş iki, səpmə yatalaqdan ölmüş səkkiz nəfər.

Səpmə yatalaq - əlamətlərinə görə tauna çox oxşayır. Bu xəstəlikdən ölənlərin ümumi sayı da artmışdı. Əgər əvvəlki həftə səkkiz nəfər idisə, yuxarıda haqqında danışdığımız həftədə artıq iyirmi nəfərə qalxmışdı.

Bu, bizi yenidən təlaşlandırdı. Xüsusən indi, havaların dəyişdiyi, qızmağa başladığı, yaya bir şey qalmadığı vaxtda insanlar dəhşətli hadisələrin baş verəcəyi qorxusu ilə yaşayırdı...

davamı

Tərcümə: R.Qəmbərov
XS
SM
MD
LG