Yavarın 23-də Yasamal rayon məhkəməsində nəqliyyat nazirinin oğlu, iş adamı Anar Məmmədovun «Yeni Müsavat» və «Azadlıq» qəzetlərinə qarşı iddiasına baxılıb.
Məhkəmə hər iki qəzetin 4 min manat cərimə olunması ilə bağlı qərar çıxarıb. Bundan başqa Anar Məmmədovun ayı yeməsindən bəhs edən yazıların həcminə uyğun ölçüdə təkzib və üzrxahlıq mətninin dərci tələb edilib.
Bundan başqa «Yeni Müsavat» qəzetinin hüquqşünası Vaqif Hüseyn 50 manat cərimə edilib. Qəzetin məlumatına görə, o, məhkəmə prosesinin birtərəfli aparılmasına etiraz etdiyi üçün hakim belə bir qərar çıxarıb.
Anar Məmmədov 2010-cu ildə «Azadlıq» və «Yeni Müsavat» qəzetlərində onun dostları ilə birlikdə Qəbələ rayonunda 1 milyon manat ödəyərək ayı kəsdirib yeməsindən bəhs edən yazılara etiraz edib hər iki qəzeti məhkəməyə vermişdi.
Şərəf və ləyaqətinin təhqir olunması hesab edən Anar Məmmədov hər iki qəzetin üstüstə 500 min manat cərimə olunmasını istəyirdi.
«Azadlıq» qəzetindən verilən məlumata görə, onlar qarşı tərəfin həmin yazı ilə bağlı göndərəcəyi hər hansı təkzibi dərc etməyə hazırdılar.
Qəzetin redaktoru Sücəddin Şərifov:
«Biz həmin yazını dərc etməzdən əvvəl Anar Məmmədovun mövqeyini öyrənməyə cəhd etmişik, amma bu mövqeyi ondan götürə bilməmişik. Əvvəl də demişik, indi də deyirik qarşı tərəfdən təkzib yazı gələrsə biz onu dərc etməyə hazırıq. Üzr istəməkdən söhbət gedə bilməz».
Pul cəriməsinə gəldikdə, Sücəddin Şərifov deyir ki, 4 min manat onlar üçün böyük məbləğdir və bu qədər cəriməni ödəmək fikirində deyillər.
Hər iki qəzet apelyasiya şikayətinə hazırlaşır.