Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 17:22

Şimala gedən qatarların sərnişinləri...


Bakı-Moskva qatarına minik
Bakı-Moskva qatarına minik
Dolanışığın yolunu Rusiyada və keçmiş SSRİ-nin digər respublikalarında axtaran azərbaycanlılarla söhbətləşmək üçün Şimala gedən qatarlara üz tutduq. Bilet alıb Bakı-Moskva qatarına minirik. Vaqonumuzda kifayət qədər sərnişin var. Əksəriyyət də uzun illər Rusiyanın müxtəlif şəhərlərində işləyənlərdir.

BAKI-MOSKVA QATARI: «AXI SƏNİN ƏHALİN ACINDAN QIRILIR...»

Kupelərin birində «Eurovision» söhbətinin şahidi oluruq:

«- Xarici turistlər gələn yerlərdə, kafelərdə, restoranlarda özünəxidmətdir. Taamlar düzülür, hər kəs də nə istəyir, özü gedib götürür. Bunlar da «Eurovision» üçün 200 min ofisiant axtarırlar.

- Ömürdə bir dəfə olan şeydir də, qoy olsun.

- Axı sənin əhalin acından qırılır. Buna bir imkan yaratsınlar da. Pulsuz xəstəxana imkanı yaratsınlar, pulsuz dava-dərman versinlər. Televizorda eşitmişəm ki, 200 min ofisiant lazımdır. Özü də savadlı...».

15 ildir Moskvada davamlı şəkildə ticarətlə məşğul olan Mütalib Məmmədovla söhbət edirik. 50 yaşlı həmsöhbətimiz deyir ki, Moskvaya kefindən üz tutmayıb. Doğulub boya-başa çatdığı Göyçayda iş olsaydı, ömrünü «Rusiyanın çöllərində çürütməzdi»:

«HƏR AY PUL GÖNDƏRİRƏM...»

«Ailəm Azərbaycandadır. Hər ay pul göndərirəm. Amma pul yığmaq, arxaya bir şey qoymaq olmur. Bir azdan gücümüz, enerjimiz tükənəcək. İşimiz də olmayıb ki, normal təqaüd alaq. Hökumət sıravi vətəndaşa nə verəcəksə, o olacaq, gördüyümüz. Heç nə. Uşaqlar böyüyüb saxlayacaqlar bizi».

Mütalib Məmmədov deyir ki, Moskvada onun kimi azərbaycanlılar yetərincədir. Heç biri də ora kefindən getməyib:

«BİR DƏ GƏLİB GÖRÜRSƏN UŞAĞIN 20 YAŞI VAR»

«Adam kefindən harasa bir ay, 15 gün gedər. Kurorta, filana. Day 15 il yox ki. Başlayırsan getməyə, bir də gəlib görürsən uşağın 20 yaşı var.
«İşimiz də olmayıb ki, normal təqaüd alaq».
«İşimiz də olmayıb ki, normal təqaüd alaq».
Kimdir kefindən gedib 20 il veyllənən?».

Şimala doğru gedənlərdən şərti adı Taleh olan 35 yaşlı gənc isə xüsusi mülkiyyətçi olduğunu deyir. Bildirir ki, Moskvada öz dükanı var. Meyvə-tərəvəz satışı ilə məşğuldur. İşləri də sabit və qaydasında gedir. Masallı rayonunda doğulub, 15 ildir Moskvadadır. Deməsinə görə, vaxtlı-vaxtında valideynlərinə pul göndərir:

«BU YAXINLARDA BİRDƏFƏLİK AZƏRBAYCANA QAYITMAQ FİKRİM VAR»

«Valideynlərimə kömək edirəm. Bu, bizim borcumuzdur. Azərbaycan vətənimdir. Canım da ona qurbandır. Bu yaxınlarda birdəfəlik Azərbaycana qayıtmaq fikrim var. Çox da olmasa, müəyyən qədər pulum var ki, qayıdıb bir iş quram. Moskvada mənim Azərbaycandan olan həmyaşıdlarım az deyil».

MOSKVA-BAKI QATARI... «HEÇ NƏ YIĞIB ARXAYA QOYA BİLMƏMİŞƏM»

Moskva-Bakı qatarında söhbət etdiyim Fazil Talıbovun isə yaşı 50-ni haqlayıb. Ali təhsillidir. 20 il Gəncədə mühəndis və sair işlərdə çalışıb. 1996-cı ildə kimsə onun işlədiyi kombinatı özəlləşdirib, qapısını bağlayıb, açarını cibinə qoyandan sonra Fazil Talıbov da Rusiyaya pənah aparıb. Ticarətə Murmanskda başlayıb, Moskvada yekunlaşdırıb. Artıq oralarda işi yoxdur. Hər şeyi taleyin ümidinə buraxıb Azərbaycana qayıdır:

«İndi demək olar ki, işsizəm. Evə qayıdıram. 58 yaşım var. Heç nə də yığıb arxaya qoya bilməmişəm. Uşaqlar böyüyüb ey, amma nə olsun. Oğlum bu yaxınlarda hərbi xidməti başa vurub qayıdıb. Oxuyub, ali təhsili var. Nə olsun? Uşağa iş yoxdur Azərbaycanda. Bizə haradan iş olacaq? Bilmirəm, bunun axırı hara gedir. Mən işləyən yerdə azərbaycanlılar çox idi. Hamısı da çörək dərdindən gedib. Evində işi olan başqa yerə getməz. Deyirlər, Azərbaycan günü gündən çiçəklənir. Amma mən o çiçəyi görmürəm. Neftin, qazın, qara kürünün hamısının yeyəsi var. Onların qara camaata dəxli yoxdur».

Fazil Talıbov deyir ki, Şimala alverə aparan yolu bağlamaq üçün özəlləşdirilən zavod, fabrik və digər müəssisələrin qapısını açmaq
Bakı-Moskva qatarı
Bakı-Moskva qatarı
lazımdır.

QATARLAR BU YERDƏ ŞİMALDAN-CƏNUBA, CƏNUBDAN DA ŞİMALA GEDİR...

Qatarlar Azərbaycan-Rusiya sərhədində hər iki tərəfdə, bir neçə struktur tərəfindən ciddi yoxlamadan keçir. Üstəlik, yoxlamalar xeyli vaxt aparır. Əvvəl sərhədçilər, sonra gömrükçülər və digərləri növbə ilə qatarlara daxil olub yoxlama aparırlar.

BAKI-TÜMEN QATARI...

Dayanacaqların birində Bakı-Tümen qatarına baş çəkirik. Əslən Gədəbəy rayonundan olan və Şəmkirdə yaşayan 45 yaşlı Dilqəm deyir ki, Rusiyada ticarətlə məşğuldur. Deyir, 5 ildir Başqırdıstanda dükan işlədir. Ondan əvvəl isə Kazanda alver edirmiş:

«Azərbaycan da lap yaxşıdır. Vətənimizdir, xoşumuz da gəlir. Amma ki, işimiz orada qurulub, ona görə, gedib gəlirik».

Vaqon bələdçiləri isə müsahibə vermək istəmirlər. Yalnız Bakı-Tümen qatarının bələdçilərindən biri - Natalya Aleksandrovna danışmağa razılaşır:

«13 ildir vaqon bələdçisi işləyirəm. Ayda üç dəfə reysdə oluram. Hər cür sərnişinə rast gəlirik. Bakıya işlədiyim vaxtlarda hələ ki, sərnişinlərlə elə bir problemim olmayıb. Artıq adət etmişəm. Gənc vaxtlarımdan - 17 yaşımdan işləyirəm. Oğlumu böyütməliyəm. Hələ işləyəcəm».

«KİMİN ARAĞI VAR, ÇIXARDIB QOYSUN ORTALIĞA»

Sərhəd və gömrük orqanları işçiləri isə rəhbərlikdən icazəsiz danışmağın mümkün olmadığını deyirlər. Onlar danışmaq istəməsələr də, biz öz müşahidələrimizdən qalmırıq.

Bir sərnişin Azərbaycana iki litr yarımdan artıq araq gətirə bilməz
Bir sərnişin Azərbaycana iki litr yarımdan artıq araq gətirə bilməz
Rusiyadan Azərbaycana qayıdarkən qatarda gömrük yoxlaması zamanı elan edirlər ki, kimin arağı var, çıxardıb qoysun ortalığa:

«- Siz də araq yoxdur?

- Var.

- Bəs deyirik qoyun masanın üstünə də».

Qatarda danışırlar ki, bir sərnişin Azərbaycana iki litr yarımdan artıq araq gətirə bilməz. Eləcə də kolbasa, siqaret və sair məhsulların konkret sayı müəyyənləşib. Artıq olsa, müsadirə edirlər:

«MONOPOLİYADIR»

«Monopoliyadır. Bunlar qadağa qoyurlar ki, öz malları satılsın».

Dərbənddə düşüb Xarkov-Bakı qatarının sərnişinləri ilə söhbətləşirik.

İlkin müraciət etdiyimiz azərbaycanlılar danışmaqdan imtina etsələr də, 49 yaşlı İsa İsayev bütün suallarımıza cavab verir. Deyir ki, Gəncə zonasındandır. Krımda ticarətlə məşğul olur:

«Qalıb Azərbaycanda da işləmək olardı. Amma dolanmaq üçün Ukraynada nisbətən artıq qazanmaq olur. Nə qədər can salamatdır, gedib işləyəcəyik...».

İsa İsayev deyir ki, əvvəl ailəsi də yanında olub. Amma uşaqlar böyüyəndən sonra onları Azərbaycana qaytarıb. Özü isə evə pul göndərməkdə və arada Azərbaycana gedib-qayıtmaqda davam edir. Bunun nə vaxtacan davam edəcəyini isə bilmir. Açıq desək, işləmək üçün Azərbaycandan Şimala gedənlərin heç biri bu suala cavab verə bilmədi...
XS
SM
MD
LG