Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 08:53

MAŞTAĞALI PƏHLƏVANI KİM YIXDI?


Zorxana milləri
Zorxana milləri
.
GÜNÜN GÜLMƏCƏSİ

(Qılman İlkinin ruhuna sayğılarla)



Ötən əsrin əvvəllərində Bakıda Altıaylıq adında bir pəhləvan yaşayırmış.

Əsl adı Əbdüləli olan Altıaylıq Maştağadanmış. Bu adı ona 6 aylıq doğulduğu üçün veriblərmiş. Onu gözləriylə görən Hüseynqulu Sarabski “Köhnə Bakı” kitabında Əbdüləlini belə təsvir edib:

“Altıaylıq özü nazik, uzun, qara bığlı, hündürboylu, enlikürəkli, üzügülər bir pəhləvan idi”.

Altıaylıq əvvəlcə doğulduğu Maştağada, sonralar isə İçərişəhərdə olan zorxanada məşq edərmiş.

Qılman müəllimin dediyinə görə, bu zorxana Bakıda yeganə imiş. Yuxarı bazarda zirzəmidə yerləşirmiş. Altıaylıq bu zorxanada usta pəhləvanlarla yarışır və sənətin sirlərini öyrənir.

Deyirlər ki, o, mil atmaqda lap mahir imiş. 1903-cü ildə Bakıya gələn İran şahı Müzəffərəddini qarşılayanların içində əlində mil oynadan Altıaylıq da varmış.

Hə, Altıaylıq çox keçmir ki, lap məşhurlaşır. Hamının kürəyini yerə vurur. Şöhrəti kənarlara da yayılır.

Bir dəfə lap nağıllardakına bənzər bir əhvalat olur.

Altıaylıq bir neçə maştağalı dostuyla Kərbəladan, İmam Hüseyn ziyarətindən qayıdırmış. Tehrandan keçərkən xəbər tutur ki, bu gün Şah sarayının qarşısında, şahın iştirakilə pəhləvanlar güləşəcək.

Altıaylıq gəlir ora. Yarış bitir. Bir pəhləvan hamını yıxır və üzünü tutur camaata ki, aranızdan kim istəyir, gəlsin güləşək.

Altıaylıq bu lovğalığa dözməyib meydana çıxmaq istəyir.

Yoldaşları razı olmurlar ki, qərib yerdir, baba, işin olmasın.

Axırda dözməyib çıxır meydana, iki dəqiqəyə saray pəhləvanının kürəyini yerə vurur.

Şah deyir:

--Oğlan, bu hesabdan deyil, təzədən güləşin!

Altıaylıq yenə girir meydana, ikinci dəfə pəhləvanın kürəyini vurur yerə... Şahdan soruşur:

--Şahım, bu da hesabdan deyil?

Şah bu dəfə dinmir. Altıaylığı yanına çağırıb ona bir ovuc əncir qurusu verib deyir:

--Al, ye, Allah qüvvətini daha da artıq eylər!

Altıaylıq şaha deyir:

--Şahım! Mən Bakıdanam. Üç ay yayı bu əncirin yaşını yeyirəm. Qurusu nəyimə lazım?!..

Əslində gülməcəni burada bitirməliydim. Amma Altıaylıq pəhləvanın sonu da elə gülməcəlikdir.

Deyilənə görə, Altıaylıq 63 yaşında dünyadan köçür və Maştağada dəfn olunur. Dəfnində Axund Mir Qəni deyir:

--63 ildə heç kəs onun kürəyini yerə vura bilməmişdi. Nəhayət, Allahın əmri ilə Əzrail onun kürəyini yerə vurdu...

20-ci əsrin əvvəlində İranda zorxana
20-ci əsrin əvvəlində İranda zorxana
XS
SM
MD
LG