Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 08:45

“20-ci əsrin son böyük rəssamı” dünyadan köçdü (RƏSMLƏR)


Antoni Tapies
Antoni Tapies
Fevralın 6-da Barselonada tanınmış ispan rəssamı Antoni Tapies vəfat edib.
Onun 88 yaşı vardı. 2007-ci ildən bəri rahatsızlıq keçirirdi.

Xəbəri Frans Press agentliyi Tapies Fonduna istinadən yayıb.

Antoni Tapies boyakar, heykəltəraş və sənət nəzəriyyəçisi idi.

Ən görkəmli Avropa rəssamlarından sayılırdı. O, mücərrəd ekspressionizmin nümayəndəsi idi.

İspaniyanın populyar “El Mundo” qəzeti onu “XX əsrin son böyük rəssamı” adlandırmışdı.

Rəssam 13 dekabr 1923-cü ildə Barselonada doğulmuşdu.

1943-cü ildə Barselona Universitetinin hüquq fakültəsinə daxil olan Antoni Tapies üç il sonra bütün vaxtını rəsmə ayıra bilmək xətrinə təhsilini yarımçıq buraxmışdı.
Tapies-in ilk fərdi sərgisi Barselonada 1950-ci ildə açılıb.

Üç il sonra onun əsərləri Nyu-Yorkda və San Pauloda sərgilənib.

1950-ci illərin sonunda Tapies artıq dünyanın tanıdığı rəssam idi.

Rəssam bilərəkdən sadə materialdan—“sivilizasiyanın tullantılarından” istifadə edirdi. Onun ən məşhur tablosu “Corab” tablosu idi. Tabloda üçmetrəlik dabanı cırıq corab təsvir olunub.

Onun əsərləri dünyanın əksər muzeylərində nümayiş olunur.

Rəssam saysız mükafatlar qazanıb.

Hətta İspaniyanın ən şöhrətli mükafatını— Asturias mükafatını alıb.

İki il öncə İspaniya kralı Xuan Karlos ona markiz titulu verib.

1990-cı ildə Barselonada böyük rəssamın adını daşıyan vəqf açılıb.

Burada 2 mindən çox sənətçinin yaratdığı əsərlər toplanıb.

Tapies vəqfi sənətdə modernizmin inkişafına və yeni sənətkarların yetişməsinə yol açıb.

Ruhu şad olsun.

XS
SM
MD
LG